Rusiyada məktəbəqədər təhsilin yeni standartları
müzakirəyə təqdim olunacaq |
Rusiyada
məktəbəqədər təhsilin 3 illik inkişaf proqramına
bir trilyon rubl vəsait ayrılmışdır. Bu barədə
Rusiya hökumət başçısının müavini Olqa Qolodets
bildirmişdir. Dünya Bankının təşkilatçılığı ilə
məktəbəqədər təhsilin inkişafı məsələlərinə həsr
olunmuş seminarda iştirak edən hökumət rəsmisi
bildirmişdir ki, üçillik proqram həm
məktəbəqədər təhsilin əlçatan olmasını nəzərdə
tutur, həm də onun keyfiyyətinin
yaxşılaşdırılmasını təklif edir. Bildirilmişdir
ki, proqram müəllimlərin inkişafı ilə sıx
bağlıdır.
Proqramın əsas istiqamətlərindən biri
məktəbəqədər təhsil sistemi üçün yüksəkixtisaslı
peşəkar kadrların hazırlanmasıdır. "Biz
məktəbəqədər təhsil sistemində çalışan
pedaqoqların əməkhaqlarının ödənməsi sahəsində
ciddi dəyişikliklər həyata keçirmişik. Bizim
üçün vacibdir ki, tədrisin keyfiyyəti ilə bağlı
tələblər hazırda faktiki olaraq məktəbəqədər
təhsil proqramının davamı olan əməkhaqqı sistemi
ilə müşayiət olunsun", - deyə O.Qolodets
bildirmişdir.
Qeyd edək ki, məktəbəqədər təhsilin
standartlarının ictimaiyyətin geniş müzakirəsinə
təqdim olunması nəzərdə tutulmuşdur.
|
|
|
Vyanada müəllimlər çatışmır |
Avstriya paytaxtının orta ümumtəhsil
məktəblərində müəllim çatışmır. Ölkə
KİV-lərinin verdiyi məlumatda qeyd olunmuşdur
ki, 2013-2014-cü tədris ilinə qədər paytaxtda
1147,9 müəllim çatışmır. Bunlar əsasən dillərin
tədrisi və xüsusi pedaqogika ilə bağlı olan
müəllimlər kateqoriyasına aiddir. Problem heç
də yüksəkixtisaslı kadrların olmaması ilə bağlı
deyil. İlk növbədə, maliyyə vəsaitlərinin
çatışmadığı qeyd olunmuşdur.
Şəhər Təhsil Departamenti indiki vəziyyətdə
şəhər məktəblərində bir sinifdə şagird sayının
25-dən artıq olmasını tövsiyə etmişdir. Lakin bu
təklifə əməl etmək xeyli çətindir. Çünki 178
müəllimin əməkhaqqının ödənilməsi çətindir.
Avstriya Federal Təhsil Nazirliyində bu problemi
həll etmək üçün işçi qrupu yaradılmışdır.
Nazirlik sinif şagirdlərinin sayının 25-dən çox
olmamasında israr etmişdir. Qanun isə onların
sayının 27-ə qədər olmasını mümkün hesab edir.
Nazirlik müəllim çatışmazlığı problemini yeni
dərs ilinin başlanmasına qədər həll olunacağını
vəd etmişdir. |
|
|
Yuxusuzluq uşaqların müvəffəqiyyət dərəcəsinə
necə təsir edir? |
Amerika
alimləri belə nəticəyə gəlmişlər ki, yuxusuzluq
məktəbdə uşaqların müvəffəqiyyət dərəcəsinə
təsir edən həlledici faktorlardan biridir.
Mütəxəssislər 900 min məktəblinin riyaziyyat,
elmi fənlər və ədəbiyyat üzrə müvəffəqiyyət
dərəcəsini təhlil etmişlər. Onlar eyni zamanda
uşaqların gün ərzində neçə saat yatmalarına dair
təhlil aparmışlar. Məlum olmuşdur ki, az yatan
uşaqlar çox yatan uşaqlarla müqayisədə daha
aşağı müvəffəqiyyət səviyyəsi göstərmişlər.
Amerikada çox az yatan uşaqların ən böyük faizi
qeydə alınmışdır. Tədqiqatlar dünyanın 50
ölkəsində aparılmışdır.
Alimlər hesab edirlər ki, uşaqlar ona görə
vaxtında yuxulaya bilmirlər ki, uzun müddət
kompüter qarşısında oturur, eləcə də telefon
danışıqlarına çox vaxt ayırırlar. Mütəxəssislər
qətiyyətlə məktəblilərə sağlam olmaları və
təhsildə uğurlar qazanmaları üçün gün ərzində 8
saatdan az olmamaqla yatmağı məsləhət
görmüşlər. |
|
|
Almaniyada yaşlı tələbələrin sayı artmışdır |
Son
vaxtlar Almaniyanın ali məktəblərində tələbə
gənclərlə yanaşı təqaüdçü-qocalara da rast
gəlmək mümkündür. Alman ali məktəblərinin
auditoriyalarında pensiyaçılar dünənki
məktəblilərlə yanaşı otururlar. Ölkədə
təqaüdçü-tələbə olmaq artıq adi hala
çevrilmişdir.
Almaniya Təhsil Nazirliyinin hesablamalarına
görə, universitetlərdə 25 minə yaxın yaşlı
tələbə qeydə alınmışdır. 50 minə yaxın
pensiyaçı müntəzəm surətdə mühazirə və
seminarlarda iştirak edirlər. Bu imkan
Almaniyanın əsas Qanununda da təsbit olunmuşdur
- ölkənin hər bir vətəndaşı təhsil hüququna
malikdir.
Pensiyaçılar üçün təhsil proqramları və
ixtisasartırma kurslarının şəbəkəsi
genişlənməkdədir. Ölkədə "qocalar üçün
akademiyalar", "yaşlı tələbələr üçün
institutlar" və "ahıllar üçün universitetlər"
fəaliyyət göstərir. Onlardan bəziləri yalnız
qocalar üçün nəzərdə tutulmuşdur, bəziləri isə
tamamilə ümumi təhsil prosesinə inteqrasiya
olunmuşdur. Belə ki, burada pensiyaçılar əsas
tələbə kontingenti ilə birlikdə təhsil alırlar.
Yaşlı tələbələr üçün bəzi güzəştlər mövcuddur.
Onlara məşğələlərə azad dinləyicilər kimi
qatılmaları tövsiyə olunur. Bu status onlardan
imtahan vermələrini tələb etmir.
Lakin yaşla əlaqədar olaraq ahıl tələbələrdə
motivasiyalar da artır. Almaniyalı qocalar
imtahan vermək üçün məmnuniyyətlə sessiyalarda
iştirak edir və öz biliklərini nümayiş
etdirməkdən çəkinmirlər. İstənilən halda yaşla
əlaqədar hər hansı məhdudiyyət, "pensiyaçılar
üçün proqram" seçməyə ehtiyac yoxdur, ümumi
şərtlərlə bakalavr, magistr və doktorluq elmi
dərəcəsi almaq üçün imkanlar yaradılmışdır. Bir
sıra yaşlı tələbələr üçün bu cür təhsil sistemi
onlara çoxdankı arzularını həyata keçirməyə
imkan verir.
Yaşlı tələbələrin maraqlarını Pensiyaçıların
Akademik Cəmiyyəti (AVDS) təmsil edir.
Yaşlılar üçün ən populyar fənlər tarix,
teologiya, fəlsəfə və ədəbiyyatdır. Onlar
hüquqşünaslıq, təbabətə də maraq göstərirlər.
Yaşlılar üçün semestr haqları 12 avrodan 100
avroya qədər dəyişir ki, bu da onlar üçün
məqbuldur. Bəzi yaşlı tələbələr elmin bu və ya
digər sahəsində çox parlaq nailiyyətləri ilə
seçilmişlər. Henrix Heyne adına Düsseldorf
Universitetinin keçmiş aspirantı, 90 yaşlı
Frans Şraq fəlsəfə fakültəsində dissertasiya
müdafiə etmişdir. |
|
|
Dünyada onlayn təhsil |
Lozanna
Federal Politexnik Məktəbinin prezidenti Patrik
Edişer hesab edir ki, dünyada onlayn təhsilin
potensialını qiymətləndirməmək olmaz. Onun
qənaətinə görə, gələcək təhsilin uğurları məhz
onlayn təhsillə bağlıdır.
P.Edişer hesab edir ki, təhsil sisteminin
gələcək inkişafında kütləvi onlayn kurslarının
açılması (Massive Open Online Courses) həlledici
rol oynaya bilər. Digər üstünlükləri ilə yanaşı,
onlayn təhsil hazırda bütün dünyada, xüsusən də
Amerikada müşahidə olunan təhsil haqlarının
artmasına da əla cavab verə bilər.
Onun fikrincə, onlayn təhsil inkişaf edən
bazarlar üçün biliklərin əldə olunmasına
əlverişli imkanlar verir. ABŞ-ın Stenford
Universitetində professor Tryunun tətbiq etdiyi
onlayn təhsil proqramından danışan Edişer qeyd
etmişdir ki, artıq 160 mindən artıq potensial
tələbə bu proqramda qeydiyyatdan keçmişdir.
Onlardan 22 mini bu kursları başa vurmuş və
yekun imtahan vermişdir. 420 nəfər imtahanda
"əla" qiymətlər almışdır. Onlardan heç biri
Stenford Universitetinin tələbəsi olmayıb.
Lozanna Federal Politexnik Məktəbin
informasiya sistemləri üzrə vitse-prezidenti
Karl Aberrer qeyd etmişdir ki, onlayn təhsil
proqramında iştirak etmiş tələbələr arasında
keçirilmiş rəy sorğuları da məhz bu təhsil
formasına üstünlük verənlərin sayının böyük
olduğunu göstərmişdir.
Rəyi soruşulanların 70 faizdən çoxu növbəti
kursu da onlayn rejimdə keçmək istədiklərini
bildirmişlər. Respondentlərin 12 faizi
məşğələlərin tam yarısının onlayn, qalan
hissəsinin auditoriyada keçirilməsinin tərəfdarı
olduqlarını söyləmişlər. Geridə qalan
respondentlər isə təhsilin ənənəvi formasını
seçmişlər. |
|
|
Uşağın uğurları ananın təhsil səviyyəsindən
asılıdır |
Britaniyalı
alimlər məktəblilərin dəqiq elmlər sahəsində
uğur əldə etməsini təmin edən əsas faktorları
müəyyən edə bilmişlər. Tədqiqatlar göstərmişdir
ki, uşaqların təhsildə yüksək müvəffəqiyyət əldə
etməsi daha çox onun anasının almış olduğu
təhsilin səviyyəsindən, eləcə də evdə ilk
biliklər qazanması üçün yaradılımış şəraitdən
asılıdır.
Alimlər yaşı 4-dən 10-dək uşaqların təhsil
uğurlarını müşahidə ediblər. Tədqiqat gedişində
onlar uşaqların cinsi, valideynlərin gəlirləri,
peşələri, uşaqların evdə tədrisi şəraiti kimi
faktorları nəzərə almışlar.
Nəticələr evdə təhsil şəraitinin vacibliyini,
məktəbəqədər və aşağı siniflərdə təhsilin
effektivliyini göstərmişdir. Sübut olunmuşdur
ki, ananın təhsil səviyyəsi uşaqların gələcək
taleyində ən başlıca rol oynayır. |
|
|
Moldova ali məktəblərə qəbul sistemini
dəyişmişdir |
Moldovada ölkənin ali məktəblərinə qəbul sistemi
dəyişmişdir. Bu barədə Moldovanın təhsil
naziri Maya Sandu bildirmişdir. O qeyd
etmişdir ki, bu il abituriyentlər eyni zamanda
bir neçə universitetə sənəd verə bilərlər. Onun
sözlərinə görə, hər bir universitet
abituriyentlərin neçə ixtisas üzrə sənəd verməsi
məsələsini özü müstəqil surətdə həll edə bilər.
Nazir əlavə etmişdir ki, bu sistemin tətbiqi
sayəsində abituriyentlər ali məktəblərə daxil
olmaq üçün daha çox şans qazanırlar. Qəbul
komissiyaları iyunun 16-27-də işləyəcək.
Seçimlərin ilkin nəticələri iyunun 30-da məlum
olacaq. Əgər abituriyent iki yerə qəbul
olunarsa, onda 3 gün ərzində seçim edərək
sənədlərini təhsil müəssisələrindən birinə
təqdim etməlidir.
Ali məktəblərə qəbulun son nəticələri avqustun
6-da açıqlanacaq. Boş qalan yerlərə təkrar
qəbulun isə yeni sistem üzrə avqustun 7-14-də
aparılması nəzərdə tutulmuşdur. |
|
|
Belarusda məktəb-valideyn əməkdaşlığı aktualdır |
"Məktəb
uşaqların tərbiyəsində valideynlərə öz köməyini
təklif etməlidir". Bu barədə Belarusun təhsil
və elm naziri Sergey Maskeviç Brest şəhərində
keçirilmiş valideynlərin birinci vilayət
konfransında bildirmişdir. Onun sözlərinə görə,
bu gün məktəb valideynlərə öz şərtlərini diktə
edə bilməz, məktəb tərbiyə proqramları, təhsilin
keyfiyyəti və müəllimlərin səriştəliliyi kimi
məsələlərdə valideynlərin rəyləri ilə
hesablaşmalıdır. Bununla belə, valideynlərin
məktəbin idarə olunmasında iştirakı formaları
müxtəlif ola bilər.
Ailə və ümumi orta təhsil müəssisələri
arasındakı əməkdaşlıqda başlıca rolu valideynlər
komitəsi, himayədarlar, məktəb şuraları
oynamalıdır. "Özünü idarəetmə orqanları çoxdur,
lakin onların fəaliyyətinin nəticələri
haradadır?", -deyən nazir əlavə etmişdir ki,
məsələ diqqətlə araşdırılmalı və lazım gələrsə,
Belarusun təhsil qanununda bu barədə müvafiq
dəyişikliklər edilməlidir.
Bildirilmişdir ki, bu il bir sıra ümumtəhsil
müəssisələrində məktəb və ailə arasında
qarşılıqlı münasibətlərin effektivliyi üzrə
monitorinqlər keçirilmişdir. Monitorinqlər
göstərmişdir ki, valideynlərin 78 faizi təhsil
ocaqları ilə qurulmuş münasibətlərdən, uşaqların
məktəbdə təhsili üçün yaradılmış şəraitdən və
təlim-tərbiyənin nəticələrindən razıdırlar.
Konfransda vurğulanmışdır ki, təhsil
müəssisələrinin mütəxəssisləri hansısa səbəblərə
görə məktəblə qarşılıqlı anlaşma qura bilməyən
valideynlərə xüsusi diqqət yetirməlidir.
|
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |