Məlum olduğu kimi, 2013-cü il Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il
tarixli sərəncamı ilə "İKT ili" elan edilmişdir. Mayın
18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı
ilə "İKT ili"nə həsr olunmuş "Yüksək texnologiya: yüksək
və keyfiyyətli təhsil" mövzusunda konfrans
keçirilmişdir. Tədbirdə BŞTİ-nin rəhbərliyi, paytaxtın
ümumi təhsil müəssisələrinin direktorları, təlim
prosesində İKT-nin uğurlu tətbiqi ilə fərqlənən qabaqcıl
müəllimlər və qonaqlar iştirak etmişlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn
Əsgərov tədbiri açaraq "İnformasiya cəmiyyətinə doğru"
adlı məruzə ilə çıxış etmişdir. Məruzədə Bakı şəhərinin
ümumi təhsil müəssisələrində İKT-nin tətbiqinin
genişləndirilməsi istiqamətində görülmüş və görüləcək
işlərdən söz açılmış, qarşıda duran vəzifələr diqqətə
çatdırılmış, bu sahə ilə bağlı dövlətin apardığı
siyasətin mahiyyətindən bəhs olunmuşdur.
Sonra paytaxtın təhsil müəssisələrinin müəllimləri
İKT-nin tətbiqi ilə bağlı təqdimatlarla çıxış etmişlər.
23 nömrəli tam orta məktəbin informatika müəllimi
Abdulla Qəhrəmanov "Scratch - hamı üçün
proqramlaşdırma", 282 nömrəli tam orta məktəbin
informatika müəllimi Gülər Musayeva "Sosial şəbəkələr və
təhsil", Bağça-məktəb-lisey kompleksinin informatika
müəllimi Sevil Xammədova "1 şagird - 1 kompüter", 102
nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dilşad
Şeyxzadə "İbtidai siniflərdə İKT-dən istifadə etməklə
oyun tipli dərslərin qurulması", 30 nömrəli tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla
Mirzəyeva "Dil-ədəbiyyat dərslərində İKT-dən istifadə"
və 251 nömrəli tam orta məktəbin informatika müəllimi
Natəvan Feyzullayeva "LYNC - distant təhsil üçün təlim
paketi" mövzularında təqdimatları tədbir
iştirakçılarının diqqətinə çatdırmışlar.
Sonda Bakı şəhərinin ümumi təhsil məktəblərində təlim
prosesində informasiya-kommunikasiya texnologiyalarının
tətbiqində fərqlənən müəllimlərindən bir qisminə fəxri
fərman və hədiyyələr təqdim edilmişdir.
Bununla da konfrans öz işini yekunlaşdırmışdır.
Hicran ƏKBƏROVA |