Mayın 18-də Qərb Universitetində tanınmış pedaqoq və
ictimai xadim Lidiya Rəsulovanın xatirəsinə həsr olunmuş
"Təhsilin gender aspektləri" mövzusunda respublika elmi
konfransı keçirilmişdir.
Alim və mütəxəssislərin iştirak etdikləri konfransda
universitetin rektoru, dosent Zenfira Məmmədova Lidiya
Rəsulovanın mənalı ömür yolundan, geniş pedaqoji və
ictimai fəaliyyətindən danışmışdır. Qeyd olunmuşdur ki,
əmək fəaliyyətinə Bakıda ümumtəhsil məktəbində başlayan
L.Rəsulova 20 ilədək gənclər təşkilatlarında, partiya və
sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmış,
1981-1988-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları
Şurasının sədri, 1988-1992-ci illərdə Azərbaycan
Respublikasının sosial təminat naziri olmuş, sonra
Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi
sədrinin müavini, 1993-1997-ci illərdə Azərbaycan
Respublikasının təhsil naziri işləmişdir. Sonra Lidiya
Rəsulova ali təhsil müəssisələrində pedaqoji
fəaliyyətini davam etdirmişdir.
O, Qərb Universitetinin nəzdində yaradılmış Gender
Araşdırmaları Mərkəzinin rəhbəri olmuşdur.
Bildirilmişdir ki, çalışdığı bütün vəzifələrdə
L.Rəsulova həmişə idarəçilik bacarığı və işgüzarlığı ilə
dərin rəğbət qazanmışdır. Xüsusilə ölkəmizdə təhsil
sisteminin təkmilləşdirilməsində və bu sahənin
inkişafında onun mühüm rolu olmuşdur.
L.Rəsulova Azərbaycanı ümumdünya qadınlar konfransında
təmsil etmiş, gender problemlərinə dair çıxışları ilə
mütəxəssislərin diqqətini bu sahədə aktual məsələlərin
həllinə cəlb etmişdir.
Səmərəli xidmətlərinə görə Lidiya Rəsulova orden və
medallarla təltif olunmuş, Azərbaycan Respublikasının
ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür.
Tədbirdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru,
Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatı
Sahibə Qafarova və digər çıxış edənlər də pedaqoq və
ictimai xadim L.Rəsulovanın səmərəli fəaliyyətindən,
təhsilə verdiyi töhfələrdən, gender məsələləri üzrə
reallaşdırdığı tədbirlərin əhəmiyyətindən söhbət
açmışlar.
Konfrasda mövzu ilə bağlı məruzələr dinlənilmiş,
"Azərbaycanda təhsil və gender tarixi prizmadan",
"Müasir təhsildə gender balansı", "Qloballaşma
prosesinin təhsilə təsiri" üzrə bölmə iclasları
olmuşdur.
Şakir CƏFƏROV |