Rusiyanın
Qızıl Fonduna adı salınan ilk azərbaycanlı, 11 yaşlı
Əli Muradov növbəti uğurunu qazanmışdır. O, "Planet of
talents" ("İstedadlıların planeti") adlı beynəlxalq
müsabiqədə qalib olaraq ölkəmizi layiqincə təmsil
etmişdir.
"Akademik vokal" nominasiyası üzrə 9-12 yaş qrupunda
iştirak edərək o, "Qran-pri" mükafatına layiq görülməklə
yanaşı, ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə
xüsusi təşəkkürnamə ilə də mükafatlandırılmışdır.
Müsabiqədə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Koreya
da daxil olmaqla 50 ölkənin nümayəndələri iştirak
etmişlər. Novosibirsk şəhərinin 8 konsert zalında
müsabiqə iştirakçılarının ifa etdikləri əsərlər
Rusiyanın tanınmış incəsənət xadimlərindən ibarət
münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Müsabiqədən sonra Əli Muradov öz təəssüratlarını
bölüşərək demişdir: "Beş minə yaxın iştirakçının hamısı
istedadlı uşaqlar və gənclər idi. Belə rəqiblərimlə
mübarizə aparmağın çətin olduğunu öncədən bilirdim.
Lakin buna baxmayaraq, qarşıma bir məqsəd qoymuşdum ki,
səhnədə bir daha Azərbaycan bayrağını qaldırım. Şükürlər
olsun ki, buna nail oldum. Açığını deyim ki, "Qran-pri"
mükafatına layiq görüləcəyimi təsəvvür belə etmirdim.
Ancaq beş min nəfər arasında mən buna nail oldum".
Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan
Əli Muradov beynəlxalq müsabiqələr və "Qran-pri"
mükafatları laureatıdır. O, Türkiyə, İspaniya,
Sankt-Peterburq, Krasnoyarsk və Moskvada keçirilmiş
beynəlxalq müsabiqələrdə və qala konsertlərdə iştirak
etmişdir. Həmyerlimiz Əli Muradov Rusiyanın Novosibirsk
vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən
Qubernator təqaüdünə layiq görülmüşdür. Bu yaxınlarda
isə İspaniyanın Loret De Mar şəhərində skripka üzrə
keçirilən beynəlxalq əhəmiyyətli "El festival De Mar Y
Sol" festivalında I dərəcəli laureat diplomu ilə təltif
olunmuşdur.
Sifai SƏFƏROVA |