Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

"Şuşa" mövzusunda rəmzi "açıq dərs"

 

Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də dərsi maraqla dinləmişlər

Bakıdakı İlyas Əfəndiyev adına "Elitar" Gimnaziyada "Şuşa - əsirlikdə olan mədəniyyət şəhərimiz" adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və rayon ictimaiyyətinin nümayəndələrinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların çoxsaylı təmsilçilərinin iştirak etdikləri tədbirdə məqsəd o torpaqlarda doğulmayan yeniyetmə və gənclərə Şuşa haqqında geniş məlumat vermək, qiyabi yolla da olsa Şuşa mədəni mühitini tanıtmaq və işğal faktını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət idi.

Anım tədbirinin ən maraqlı məqamlarından biri isə Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, pedaqoq, şair-publisist Əyyub Əbdüləzimovun (Şırlanlının)  tədbir çərçivəsində keçirilən "Şuşa" mövzusunda "açıq dərs"i olmuşdur. Tədbirin təxminən 250 nəfər iştirakçısının, o cümlədən də Türkiyə, Braziliya, Kuba, Fransa, Misir, İndoneziya, İordaniya, Küveyt, Fələstin, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Rusiya, Belarusun Azərbaycandakı səfirliklərinin, eləcə də bir sıra beynəlxalq qurumların nümayəndələrinin dinlədiyi dərs yüksək səviyyədə keçməklə iştirakçılarda dərin və unudulmaz təəssürat yaratmışdır.

Bir müddət öncə  ustad dərsi keçməklə olduqca maraqlı bir təşəbbüsü reallaşdırmış Əyyub Əbdüləzimov "açıq dərs"ini də eyni məharətlə keçərək yüksək ustalıq nümayiş etdirmişdir. Ustad dərsində olduğu kimi, bu dəfə də Ə.Əbdüləzimov dərsini ona tanış olmayan, indiyədək ünsiyyət saxlamadığı şagirdlərlə keçmişdir. Dərsin ən maraqlı və orijinal cəhəti isə onun inteqrativ əsasda qurulması və dərsdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının iştirakı, onların haqqında söhbət gedən tarixi şəxsiyyətlərin obrazlarını səhnədə canlandırmaları olmuşdur. Bu, dərsin daha təsirli və emosional alınmasına kömək etmişdir.

"Açıq dərs" Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmış, himnin ardınca görkəmli sənətkar Hacıbaba Hüseynovun ifasında bayatılara yazılmış mahnı səslənmişdir. Pərdə arxasından sinfə daxil olan müəllim şagirdləri salamlayaraq onlara və dərsi dinləyən qonaqlara müraciətlə dərsin motivasiya hissəsində görkəmli muğam ustadı tərəfindən ifa olunan və hamının qəlbini ehtizaza gətirən bu qədim el bayatısının dərsin ruhu ilə həmahəng olduğunu bildirmişdir. Dərsin ölkəmizin ən gözəl və füsunkar məskənlərindən birinə - doğma Şuşaya həsr olunduğunu deyən Ə.Əbdüləzimov sonra şəhərin ərazisi, əhalisi, onun dünyaya pərvazlandırdığı görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri haqqında məlumat vermişdir. Müəllim diqqətə çatdırmışdır ki, Şuşa şair Qasım bəy Zakir, Xurşid banu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi tanınmış şair və yazıçıların, ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, bəstəkarlar Fikrət Əmirovun, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Əfrasiyab Bədəlbəylinin, kino-teatr xadimləri Şəmsi Bədəlbəylinin, Mehdi Məmmədovun, Barat Şəkinskayanın, ictimai-siyasi xadimlər Əhməd bəy Ağayevin, Haşım bəy Vəzirovun və əlbəttə ki, xanəndələr, muğam ustaları Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun və başqalarının vətənidir.

Şuşanı vəsf edən bir şeiri söyləməklə sözünə davam edən Ə.Əbdüləzimov Şuşanın insanı məftun edən gözəllikləri, ecazkarlığı, mədəni abidələri ilə Azərbaycanın ayrılmaz parçası olduğunu bildirib şagirdlərdə görmədikləri vətənləri haqqında təsəvvürün yaranmasına çalışmışdır.

Sonra sinfə müraciət edən müəllim şagirdlərdən Şuşa şəhərinin yaranma tarixi haqqında nə bildiklərini soruşmuşdur. Suala cavab olaraq şagirdlər Şuşanın əsasının XVIII əsrdə - 1750-ci ildə Qarabağın Cavanşir elinin Sarınaclı oymağından olan Pənahəli xan tərəfindən qoyulduğunu söyləmişlər. Sonra "Pənahəli xan" (Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru) səhnəyə çıxıb həyat tarixçəsindən və Qarabağ xanlığını yaratmasından, onun paytaxtı kimi Şuşa şəhərinin salınmasından söz açmışdır. Onun bu çıxışına əlavə olaraq müəllim Pənahəli xanın yüksək diplomatik istedada malik dövlət xadimi, eyni zamanda cəsur döyüşçü, sərkərdə olduğunu söyləmişdir.

Sonra müəllim şagirdlərlə apardığı sual-cavab əsasında Şuşa şəhərinin əvvəllər necə adlanması, burada kəsilən pul vahidləri və s. məsələlər barədə məlumat vermişdir. Bir neçə şagird Pənahəli xana həsr olunmuş şeir söyləmişdir. Şeiri təqdir edən müəllim belə bir faktı diqqətə çatdırmışdır ki, dünyada bəlkə də Qarabağ, Şuşa qədər şeir həsr edilən ikinci bir yer tapmaq çətindir. Belə  ki, Qarabağın, Şuşanın, bu bölgənin məşhur şəxsiyyətlərinin vəsfinə yüzlərlə sənətkar tərəfindən 3 mindən artıq bədii əsər həsr olunmuşdur.

Sonra dərsdə Şuşanın Pənahəli xanla başlayan tarixi vərəqlənmişdir. Müəllimin bu barədə verdiyi suallara cavab olaraq şagirdlər Pənahəli xandan sonra Qarabağa onun oğlu İbrahim Xəlil xanın hakimlik etdiyini bildirmişlər. Səhnəyə çıxan "İbrahim Xəlil xan" özü haqqında məlumat vermişdir. Sonuncu Qarabağ xanı olmuş Mehdiqulu xan haqqında da bu qaydada şagirdlərə bilgi verildikdən sonra onun qızı, görkəmli şairə Xurşid banu Natəvanın Şuşanın tarixindəki böyük rolundan, onun Şuşa və şuşalılar qarşısındakı tarixi xidmətlərindən söz açılmışdır.

Əyyub Əbdüləzimov Şuşanın infrastrukturu, buradakı maddi mədəniyyət abidələri haqqında da ətraflı məlumat verərək şagirdlərin şəhər haqqında təsəvvürlərini genişləndirmişdir.

Dərsdə, eyni zamanda Şuşanın ermənilər tərəfindən işğalı faktı da xatırladılmış, bu zaman şəhərə dəymiş maddi və mənəvi ziyanı əks etdirən rəqəmlər diqqətə çatdırılmışdır.

Şagirdlərin fəallığı ilə keçən dərs Şuşanın tezliklə düşmən tapdağından azad olunacağına inam notları ilə başa çatmışdır. Dərsin sonunda ulu öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin çıxışlarından mövzu ilə bağlı fraqmentlər nümayiş olunmuş, əsgər paltarlarında olan şagirdlərin ifasında nəğmələr səslənmişdir.

Dərsi yüksək qiymətləndirən qonaqlar onun sadəcə rəmzi dərs deyil, əsl ibrət dərsi olduğunu söyləmişlər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov