Bu günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda 28 May - Respublika
Gününə həsr olunmuş sərgidə institutun incəsənət, əmək,
mülki müdafiə və fiziki tərbiyə kafedrası
əməkdaşlarının, Bakı şəhər tam orta məktəb
müəllimlərinin və şagirdlərin əl işləri nümayiş
etdirilmişdir.
İnstitutun professor-müəllim heyəti, həmçinin qonaqlar
sərgi ilə tanış olduqdan sonra rektor, professor Asəf
Zamanov bu əlamətdar günün dövlətimiz və
dövlətçiliyimizin tarixində mühüm əhəmiyyətindən
danışmış, milli mənəvi dəyərlərimizin, tarixi irsimizin,
vətənpərvərlik ruhunun əl işlərində əks olunmuş bədii
çalarlarından söz açmışdır. O demişdir: hər bir xalqın
tarixində elə günlər var ki, onun həqiqi ölçü meyarını
zaman və məkan müstəvisində qiymətləndirmək çox
çətindir. Çünki bu, millətin və məmləkətin tale
məsələsidir. Milli qürur günümüz olan 28 May xalqımızın,
dövlətimizin tarixində çox əhəmiyyətli günlərdəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 ili
tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına
böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə
ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan
Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək
xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Bu bayram hər il ölkəmizdə, o cümlədən bizim institutda
böyük təntənə ilə qeyd edilir. Sərgini təşkil etməkdə
məqsədimiz də, sizinlə birgə Cümhuriyyət dövrünə bir
daha ekskursiya etmək, onun tariximizdəki yeri və roluna
nəzər salmaqdır. Bununla dövlətimizə və dövlətçiliyimizə
sadiqliyimizi, tarixi irsimizə hörmətimizi ifadə etmiş
oluruq.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi
və mədəni inkişafının, xalqımızın milli oyanışı və
dirçəlişi prosesinin məntiqi nəticəsi kimi yaranmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur
səviyyəsinin, intellektual və mədəni potensialının,
yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin
elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül
tapmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy
Topçubaşov, Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski,
Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy
Mehmandarov, Əliağa Şıxlinski və başqalarının böyük
xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin,
vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları
xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Asəf Zamanov onu da qeyd etmişdir ki, cəmi 23 ay
fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika
dövründə həyata keçirilən tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək
inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm
əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və
azadlıqların bərqərar olması, etnik və dini
mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların
hüquqlarının bərabər şəkildə tanınması, hətta bir çox
Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun
verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi,
təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət
göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik
strukturlarının qurulması və sair işlər Xalq
Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını,
mahiyyət və məramını əyani şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin,
mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı ilə
yadda qalmışdır. Həmin dövrdə Azərbaycan hökumətinin
həyata keçirdiyi tədbirlərdən biri də tədris
müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il
sentyabrın 1-də parlament Azərbaycan Dövlət
Universitetinin yaradılması barədə qərar qəbul etdi və
bununla milli ali təhsil ocağının əsası qoyuldu.
Vurğulanmışdır ki, xalqımız yeni tarixi şəraitdə öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli
lider Heydər Əliyevin rəhbərliyi altında Xalq
Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil
Azərbaycan dövlətini yaratdı və inkişaf etdirdi.
Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Respublikasında
demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə
qazanılmış uğurlar hər birimizdə iftixar hissi yaradır.
Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar
həyata keçirilir, ölkə iqtisadiyyatı uğurla inkişaf
etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
üçün məqsədyönlü işlər görülür. Təhsilə və elmə
göstərilən diqqət və qayğı da bu danılmaz
həqiqətlərdəndir.
Biz, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun
görkəmli şəxsiyyətlərinin keçdiyi ömür yolu və
fəaliyyətlərini dərindən öyrənməli, ideyalarını təbliğ
etməli, təcrübələrindən bəhrələnməliyik. Cümhuriyyətin
tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və
suverenliyi əldə etmək kifayət deyil, onu həm də bütün
vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Sonda müəllim və şagirdlər öz əl işləri ilə bağlı
məlumat verib, sərginin təşkili üçün institut
rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Həmçinin
qeyd etmişlər ki, bu cür tədbirlərin təşkili müəllim və
şagirdlərin qabiliyyət və bacarıqlarının aşkar
edilməsinə müsbət təsir edərək, onların bu diqqət və
qayğıdan ruhlanıb, yeni-yeni yaradıcılıq uğurlarına imza
atmasına şərait yaradacaqdır.
BPKİYİ-nin Mətbuat xidməti |