Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunmuş tədbir

 

Mayın 21-də Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi "21 May-Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycandakı müxtəlif Avropa və Asiya ölkələrinin səfirləri və səfirliklərin nümayəndələri, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Bakı Slavyan Universitetindən (BSU)  qonaqlar iştirak etmişlər.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək  bu günün tarixi əhəmiyyətindən söz açmış və eyni zamanda ölkədəki mədəni müxtəlifliyin mövcudluğunun beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulamışdır.  Gənclərin hər bir dövlətin mədəniyyəti ilə yaxından tanış olduqlarını söyləyən rektor bu istiqamətdə ADU-da bir çox mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyətlərindən danışmışdır. Səməd Seyidov bildirmişdir ki, ADU mədəni müxtəlifliyi özündə birləşdirən bir mərkəzdir. Bu təhsil ocağında hələ fəaliyyətinin başlanğıc mərhələsində yalnız ingilis, fransız və alman dilləri tədris olunduğu halda, indiki dövrdə 15-ə yaxın ölkənin dilləri tələbələrə öyrədilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk çıxış edərək bu günün tarixindən və vacibliyindən danışmışdır. Bildirilmişdir ki, mədəni müxtəliflik əməkdaşlığı daha da gücləndirir və mövcud olan stereotiplərin aradan qaldırılmasına kömək edir. O, BMT-nin bu istiqamətdə gördüyü işlərdən, keçirilən bir sıra tədbirlərdən söz açmışdır.

Sonra tələbələrin ifasında V.Şekspirin əsərlərindən monoloqlar söylənmişdir.

ADU-da fəaliyyət göstərən norveçli müəllim Roqnhild Torinin ingilis dilinə tərcümə etdiyi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının  qısa təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə 169 nömrəli orta məktəbin şagirdləri "Leyli və Məcnun" poemasından ingilis dilində səhnəciklər göstərmişlər.

Tədbirin ikinci hissəsi isə universitetin həyətində mini festival şəklində keçirilmişdir. Festivalda 20-ə yaxın ölkənin mədəniyyətini əks etdirən guşələr  göstərilmiş, rəqslər, mahnılar ifa olunmuşdur.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov