Türkiyənin
Anadolu Universitetinin rektoru Davut Aydın, rektor
köməkçisi Aydın Ziya Özgür və universitetin dekanı Kerim
Banar Bakı Slavyan Universitetinin qonağı olmuşlar.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal
Abdullayev universitetdə tədris olunan fənlər, aparılan
tədqiqatlar və müxtəlif ölkələrin bu ali məktəbdə
fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri
haqqında qonaqlara geniş məlumat vermişdir.
Görüş zamanı hər iki rektor rəhbərlik etdikləri ali
məktəblər arasında gələcək əməkdaşlığın perspektivlərini
müzakirə etmişlər. Qonaqlar BSU ilə tanış olmuş,
burada fəaliyyət göstərən Türkiyə Araşdırmaları
Mərkəzinin fəaliyyətindən məmnun qalmışlar.
BSU-nun konfrans zalında müəllim və tələbələrlə
görüşdə Davut Aydın Anadolu Universitetindəki təhsil
sistemindən danışmış və distant təhsil ilə bağlı maraqlı
məlumatlar vermişdir. Bildirilmişdir ki, BSU-nun
tələbələri arzu etdikdə Bakıda təhsillərini davam
edərək, həm də Anadolu Universitetində ikinci təhsil
ala bilərlər. Qeyd edilmişdir ki, distant təhsil qiyabi
ikinci təhsil sayılır. Distant təhsil o deməkdir ki,
burada bütün dərslər online rejimində aparılır və
tələbələr İnternet vasitəsilə imtahan verirlər. Rektor
azərbaycanlı tələbələr üçün təhsil imkanlarının geniş
olduğunu vurğulamışdır.
Kamal Abdullayev və Davut Aydın hər iki universitet
arasında əlaqələri daha da möhkəmləndirmək və
genişləndirmək məqsədilə əməkdaşlıq haqqında müqavilə
imzalamışlar. Müqavilədə tələbə-müəllim mübadiləsi, elmi
konfransların keçirilməsi, seminarların təşkil olunması,
ortaq elmi araşdırmaların aparılması kimi məsələlər
əksini tapmışdır.
Ş.DAYANDUROĞLU |