Mayın
20-də Həştərxandakı Heydər Əliyev adına orta məktəbdə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90
illik yubileyinə həsr edilmiş yekun tədbirlər
çərçivəsində "Heydər Əliyev irsi" mövzusunda yaradıcı
işlər müsabiqəsinin iştirakçılarına mükafatlar təqdim
edilmişdir.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə məktəbin foyesində Heydər Əliyevin
büstü önünə tər çiçəklər qoymuş, sinif otaqlarına
baxmış, şagirdlərin yaradıcı işləri ilə tanış olmuşlar.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan
regional bölməsinin sədri Ədalət Hüseynov tədbiri açaraq
qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 90 illik
yubileyi münasibətilə Heydər Əliyev Fondunun, Nərimanov
Rayon İcra Hakimiyyətinin və Həştərxan vilayəti
Administrasiyasının dəstəyi ilə Həştərxanda keçirilən
silsilə tədbirlər bu gün başa çatır.
Həştərxan vilayətinin baş naziri Konstantin Markelov
Azərbaycan xalqının ümummilli lideri, həm Azərbaycan,
həm də bütövlükdə sovet ölkəsi üçün çox iş görmüş Heydər
Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərin
əhəmiyyətini vurğulayaraq demişdir: "Ölkələrimiz
arasında çox yaxşı iqtisadi, siyasi və sosial əlaqələr
vardır. Rusiya və Azərbaycan prezidentlərinin dəstəyi
ilə Həştərxanda həyata keçirilən layihələr buna
sübutdur. Həştərxanda məktəb, park, uşaq şəhərciyi
salınmışdır. Bundan əlavə, burada knyaz Vladimirə abidə
ucaldılacaqdır".
Baş nazir qeyd etmişdir ki, Azərbaycan dövlətinin və
Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda uşaq
bağçası da tikiləcəkdir. K.Markelov bildirmişdir ki, bu
il Bakıda Azərbaycan ilə Həştərxan vilayəti arasında
dostluğun rəmzi olan park salınacaq, abidə qoyulacaqdır.
Sonra Həştərxan vilayətinin baş naziri Konstantin
Markelov və Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov məktəbin 10 şagirdinə və 5 müəlliminə
Heydər Əliyev Fondunun mükafatlarını təqdim etmişlər.
Daha sonra məktəb şagirdləri arasında "Heydər Əliyev
irsi" müsabiqəsinin "Şeir", "İnşa", "Kompüter
yaradıcılığı", "Yaradıcı layihə" və "Tədqiqat işi"
nominasiyalarında qaliblər mükafatlandırılmışdır. |