Mayın 18-də M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında "Açıq qapı günü"
keçirilmişdir.
Universitetdə hər il keçirilən "Açıq qapı günü"nün
məqsədi bu ali məktəbdə tədris prosesi, onun fakültələri
və qəbul qaydaları barədə abituriyentlərə və
valideynlərə məlumat verməkdir.
MDU-nun Bakı filialında tədris rus dilində aparılır.
Tələbələr pulsuz təhsil alır və bütün təhsil müddətində
təqaüdlə təmin edilirlər. Bu ali məktəbdə təhsil əyani
formada aparılır.
Qəbul imtahanları komissiyasının məsul katibi Aleksey
Popov qeyd etmişdir ki, filialda 5 fakültə fəaliyyət
göstərir: iki bölmədən - rus dili və ədəbiyyatı
bölməsindən, habelə müasir Qərbi Avropa dilləri və
ədəbiyyatları bölməsindən (roman-german filologiyası)
ibarət olan filologiya fakültəsi, tətbiqi riyaziyyat
fakültəsi, kimya fakültəsi, psixologiya fakültəsi və iki
bölmədən - iqtisadiyyat və menecment bölmələrindən
ibarət olan iqtisadiyyat fakültəsi.
Hər fakültəyə qəbul planı 25 nəfərdir. Filialın
məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu verilir.
Keçən il filialın üç fakültəsinin - kimya, filologiya və
tətbiqi riyaziyyat fakültələrinin ilk buraxılışı
olmuşdur.
A.Popov qeyd etmişdir ki, filologiya fakültəsində rus
dili və ədəbiyyatı bölməsinə büdcədən maliyyələşdirilən
7 yer, roman-german filologiyası bölməsinə 18 yer
ayrılmışdır. Tələbələr burada ingilis, ispan və fransız
dillərini və ədəbiyyatını öyrənə biləcəklər.
Keçən ildən etibarən filialda magistratura bölməsi
fəaliyyət göstərir. Ötən il bu bölməyə filologiya,
tətbiqi riyaziyyat və kimya ixtisasları üzrə qəbul
aparılmışdır. 2012-ci ildə bu üç bölməyə 23 magistrant
daxil olmuşdur.
A.Popov bildirmişdir ki, bu il psixologiya ixtisası üzrə
də magistraturaya qəbul aparılacaqdır. Hər fakültədə
müvafiq ixtisaslar üzrə qəbul imtahanları yazılı şəkildə
aparılacaqdır.
Məsul katib bildirmişdir ki, keçən il rus filologiyası
bölməsində keçid balı 130 bal, tətbiqi riyaziyyat
fakültəsində 104, iqtisadiyyat fakültəsində 107, kimya
fakültəsində 128 və psixologiya fakültəsində 83 bal
olmuşdur. Magistraturaya sənəd qəbulu iyunun 10-dan
24-dək aparılacaqdır. Bakalavriaturada sənəd qəbulu
iyulun 16-da başlanacaq və avqustun 7-də başa
çatacaqdır. A.Popov bildirmişdir ki, imtahanların
keçirilməsi tarixi haqqında bir qədər sonra, sənədlərin
qəbulu zamanı əlavə məlumat veriləcəkdir.
Xatırladaq ki, keçən il Xocəsən qəsəbəsində filialın
yeni kampusu açılmışdır. Universitetin yeni binasında
tədris və idman kompleksləri, 200 nəfərlik üçmərtəbəli
iki yataqxana və müəllimlər üçün 60 nəfərlik iki yaşayış
korpusu yerləşir.
AzərTAc |