Mayın
17-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) MADİA
magistr proqramının 2013-cü il məzunlarının buraxılış
mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan
xarici işlər nazirinin müavini, ADA-nın rektoru,
professor Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil
ocağı barədə məlumat vermiş, akademiyanın fəaliyyəti
üçün davamlı dəstəyə görə Prezident İlham Əliyevə və
Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Hafiz Paşayev demişdir: "Bizim son məzunlarımız daha
şanslıdırlar. Onlar bu tədris mərkəzinin açılışında
burada idilər və hətta Prezident İlham Əliyevlə və
Mehriban xanım Əliyeva ilə xatirə şəkli də
çəkdirmişdilər. Biz cənab Prezidentə və Azərbaycanın
birinci xanımına akademiyaya göstərdikləri diqqət və
qayğıya görə minnətdarıq və ümid edirik ki, ADA bu
etimadı doğruldacaqdır".
Hafiz Paşayev MADİA proqramı barədə məlumat vermişdir.
Bildirilmişdir ki, ADA təsis olunduğu vaxtdan bir çox
layihələr həyata keçirməsinə baxmayaraq, MADİA proqramı
xüsusi əhəmiyyətə malikdir.
Rektor vurğulamışdır: "Bu gün biz təkcə 28 tələbəni
məzun etmirik. Biz, eyni zamanda, 28 qlobal lideri və
məsuliyyətli vətəndaşı məzun edirik".
Hafiz
Paşayev demişdir: "Bizim ilk buraxılışımız 2011-ci ildə
olmuşdur. Həmin məzunların 16-dan 15-i işlə təmin
olunmuş, biri isə təhsilini davam etdirmişdir. MADİA-nın
2012-ci il proqramı üzrə təhsilini başa çatdırdıqdan
sonra 14 məzun müxtəlif təşkilatlarda işlə təmin
olunmuşdur. Bilirəm ki, MADİA-2013 də bu prosesin davamı
olacaqdır. Çünki onların bəziləri hətta diplomlarını
almadan işlə təmin olunmuşlar, digərləri isə sınaq
müddəti keçirlər".
Məzunlar arasında ABŞ, Ukrayna, Gürcüstan, Rusiya,
Qambiya, Pakistan, Fici, Keniya və Argentina
vətəndaşlarının olduğunu bildirən rektor onların
akademiyada Beynəlxalq Təqaüd Proqramı əsasında təhsil
aldıqlarını qeyd etmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl
Cabbarov ölkəmizin təhsil sahəsində əldə olunan
uğurlarından danışmışdır.
ADA-da təhsil almağın əhəmiyyətini vurğulayan nazir
demişdir: "Düşünürəm ki, siz akademiyanın adında olan
"diplomatik" sözünün əsl mənasını başa düşürsünüz".
M.Cabbarov demişdir ki, Azərbaycanın çox böyük uğurlara
imza atdığı bir dövrdə ölkə gənclərinin yüksək səviyyəli
təhsil almaları mühüm məsələlərdən biridir. Azərbaycan
əhalisinin çoxu gənclərdən ibarətdir və onlar ölkəmizin
həyatında mühüm rol oynayırlar.
2013-cü il məzunları adından çıxış edən qambiyalı Ndey
Haddi Cenq mükəmməl təhsilə görə ADA-nın rəhbərliyinə, o
cümlədən professor-müəllim heyətinə təşəkkürünü
bildirmişdir.
Sonda məzunlara diplomlar təqdim edilmişdir.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri,
xarici ölkələrin səfirləri, elmi dairələrin
nümayəndələri, tələbələrin yaxınları iştirak etmişlər. |