Ölkəmizdə
səfərdə olan Türkiyənin milli təhsil naziri Nabi Avçının
başçılıq etdiyi nümayəndə heyəti mayın 22-də Qafqaz
Universitetində olmuşdur.
Professor-müəllim və tələbə heyəti ilə keçirilən görüşdə
universitetin rektoru, professor Ahmet Saniç Azərbaycan
ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən
danışmış, ümummilli lider Heydər Əliyevin "Biz bir
millət, iki dövlətik", böyük öndər Mustafa Kamal
Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir" kəlamlarını xatırlatmışdır. Rektor habelə
türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı
məlumat vermiş, qazanılan uğurları diqqətə
çatdırmışdır. A.Saniç bildirmişdir ki, rəhbərlik etdiyi
universitet Avropa Birliyi ölkələrinin ali məktəbləri
ilə "Erasmus Mundus" proqramı çərçivəsində tələbə
mübadiləsi həyata keçirir. Türkiyənin Mövlana təhsil
proqramı isə bu ölkənin universitetləri ilə də geniş
tələbə mübadiləsi aparmağa imkan verəcəkdir.
Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən
videofilm nümayiş etdirilmişdir.
Görüşdə çıxış edən Türkiyənin milli təhsil naziri Nabi
Avçı müasir dünyada təhsilin mühüm rolundan danışmış, bu
sahənin inkişafı ilə bağlı fikirlərini bildirmişdir.
Qafqaz Universitetinin fəaliyyətini yüksək
qiymətləndirən nazir onun uğurlarını həmişə izlədiyini
söyləmiş, tələbələrə təhsildə yeni nailiyyətlər
arzulamışdır.
Qafqaz Universitetinin Azərbaycan xalqı qarşısındakı
xidmətlərini xüsusi qeyd edən türkiyəli qonaq burada
yetişən gənclərin dünyanın hər yerində tələb olunan
mütəxəssislər kimi qarşılanacağına əminliyini ifadə
etmişdir. Bu il Türkiyədə Seyid Yəhya Şirvaniyə həsr
olunmuş simpoziumun keçiriləcəyini diqqətə çatdıran Nabi
Avçı tədbirdə Qafqaz Universitetinin də təşkilatçı
qismində iştirakının nəzərdə tutulduğunu söyləmişdir.
Qonağa xatirə hədiyyələri və "Çağ" Öyrətim Şirkətinin
Azərbaycandakı 20 illik fəaliyyətindən bəhs edən kitab
təqdim edilmişdir.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper
Coşkun iştirak etmişdir.
Y.ƏLİYEV |