Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Bakıda Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi keçirilmişdir

 

Böyütmək üçün şəkili seçinMayın 21-də Bakıdakı "Sheraton" otelində Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya, Qafqaz Universitetlər Birliyinin sədri Ramazan Korkmaz, Gürcüstan Respublikasının elm və təhsil nazirinin müavini David Zurabişvili, Azərbaycanın, o cümlədən bir sıra ölkələrin ali məktəblərinin rektorları, təhsil işçiləri və mütəxəssisləri iştirak etmişlər.

Konqresdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iştirakçıları salamlamış, tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirmişdir. Qafqaz bölgəsinin geostrateji əhəmiyyətindən söz açan nazir regionda fəaliyyət göstərən ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Təhsil naziri Qafqaz Universitetlər Birliyinə üzv olan ali təhsil müəssisələrinin sayının 50-dən çox olduğunu söyləmiş, universitetlərarası əlaqələrin qarşılıqlı təcrübə mübadiləsinə zəmin yaratdığını vurğulamışdır.

Nazir Mikayıl Cabbarov Azərbaycanın ali məktəblərində dünyanın bir çox ölkələrindən gəlmiş əcnəbi tələbələrin müxtəlif ixtisaslar üzrə təhsil aldıqlarını qeyd etmişdir. Ölkəmizdə ali təhsil sahəsində reallaşdırılan islahatlardan danışan nazir ali təhsilin normativ-hüquqi bazasının Boloniya Bəyannaməsinin müddəalarına və beynəlxalq təcrübəyə uyğunlaşdırıldığını bildirmişdir. Çıxışda  həmçinin ali məktəblərin fəaliyyətinin müasir dövrün və qloballaşan dünyanın tələblərinə cavab verə biləcək səviyyədə təşkil olunması üçün qarşıda duran vəzifələrə də toxunulmuşdur.

Böyütmək üçün şəkili seçinÖlkəmizdə gənclərin xaricdə təhsil alması işinin kütləviləşməsinin 1970-1980-ci illərə təsadüf etdiyini konqres iştirakçılarının diqqətinə çatdıran nazir həmin dövrdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən qabaqcıl ali məktəblərində təhsil alması üçün şərait yaradıldığını söyləmişdir. Təhsil naziri respublikamız müstəqillik qazandıqdan sonra da bu siyasətin daha geniş coğrafiyada gənclərimizin dünyanın ən qabaqcıl ali təhsil və elm müəssisələrinə göndərilməsi ilə davam etdirildiyini bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətindən söz açan nazir bu proqram çərçivəsində 1200-dən artıq azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını və onların bütün xərclərinin Azərbaycan dövləti tərəfindən ödənildiyini xüsusi vurğulamışdır.

Nazir Mikayıl Cabbarov keçirilən konqresin əhəmiyyətini yüksək dəyərləndirərək onun ölkələr arasında ali təhsil sahəsində əldə olunmuş qabaqcıl təcrübənin öyrənilməsinə, tələbə-müəllim mübadilələrinin aparılmasına, əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçı müasir dünyada ölkələrin təhsil sahəsində əlaqələrinin artırılmasının zəruriliyindən danışmış, bugünkü konqresdə 10 ölkənin 60-a yaxın ali məktəbinin  rektorlarının, təhsil işçilərinin iştirakını müsbət hal kimi qiymətləndirmişdir. Nazir konqresin Qafqaz regionundakı ölkələr arasında təcrübə və biliklərin dəyərləndirilməsi, eyni zamanda dostluq əlaqələrinin möhkəmləndiriməsi baxımından əhəmiyyətini vurğulamışdır. Nabi Avçı qeyd etmişdir ki, Qafqaz regionundakı ölkələr təhsil sistemi ilə bağlı gələcək strategiyalarını indidən müəyyənləşdirməlidirlər. Nazir daha sonra çıxışında gənclərin tarix, mədəniyyət baxımından ortaq bilik əldə etməsini və bir-biri ilə paylaşmasını ortaq dəyərlərin formalaşmasına təkan verə biləcəyini demişdir.

Qafqaz Universitetlər Birliyinin fəaliyyəti barədə fikirlərini söyləyən Nabi Avçı gənclərin ortaq proqramlar üzrə təhsilinin də zəruriliyini diqqətə çatdırmışdır. Türkiyənin elm, təhsil sahəsində əməkdaşlığa və müəllim-tələbə mübadiləsi məsələlərinə xüsusi önəm verdiyini söyləyən nazir bugünkü konqresin Qafqaz Universitetlər Birliyinin əhatə dairəsinin daha da genişlənməsində, onun gələcək fəaliyyətində müstəsna rol oynayacağına ümidvar olduğunu  bildirmişdir.

Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya Türkiyənin Mövlana təhsil proqramı barədə ətraflı məlumat vermişdir. Proqramın hələlik pilot layihə şəklində həyata keçirildiyini deyən Gökhan Getinsaya onlara bu işdə dəstək olan Qafqaz Universitetlər Birliyinin fəaliyyətindən razılıq hissi ilə danışmışdır.

Daha sonra çıxış edənlərdən Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili keçirilən konqresin əhəmiyyətindən danışmış, Qafqaz Universitetlər Birliyinin sədri Ramazan Korkmaz isə rəhbərlik etdiyi qurumun əsas məqsədinin müxtəlif ölkələrin ali məktəbləri arasında səmərəli əməkdaşlığı genişləndirməkdən, müəllim-tələbə mübadiləsinin aparılmasından, dünyanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin qurulması işinə təkan verməkdən ibarət olduğunu demişdir. Çıxış edənlər qloballaşan dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə diqqətin artırılmasının vacibliyini önə çəkmiş, ali məktəblər arasındakı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etmişlər.

Sonra Qafqaz Universitetlər Birliyi tərəfindən  təsis olunmuş "Elm" mükafatının təqdimolunma mərasimi keçirilmişdir. Türkiyənin tanınmış professoru Ömer Özkana 2013-cü ildə əldə etdiyi elmi nailiyyətlərə görə adıçəkilən mükafat təqdim olunmuşdur.

Konqresdə daha sonra müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı ali təhsil müəssisələrinin Qafqaz Universitetlər Birliyinə üzv qəbul olunması ilə bağlı sənədlər imzalanmışdır. Tədbirdə azərbaycanlı, eləcə də bir sıra ölkələrin təhsil işçilərinin məruzələri dinlənilmiş, Qafqaz Universitetlər Birliyinin gələcək inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.   

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov