Mayın 17-də Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar
səfərdə olmuşdur.
İlk öncə təhsil naziri Naxçıvan şəhərinin mərkəzi
meydanında yerləşən ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət etmiş, buradan Heydər Əliyev muzeyinə
yola düşmüşdür.
Heydər Əliyev muzeyində ümummilli liderin həyat və
fəaliyyəti ilə bağlı unikal eksponatlarla tanışlıqdan
sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovla görüş keçirilmişdir.
Görüşdən sonra Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali
Məclis sədrinin birinci müavini Azər Zeynalovun,
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri
Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin
akt zalında Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə
Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin
edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə
rəsmi təqdimatı keçirilmişdir.
Çıxışında Azərbaycan Respublikasının təhsil naziri
Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə
toxunmuş, Saleh Məhərrəmova yeni fəaliyyətində uğurlar
arzu etmişdir. Naxçıvan Dövlət Universitetinin
nailiyyətlərini qeyd edən nazir, yeni rektorun
qarşısında duran məqsəd və vəzifələrdən danışmışdır.
Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan
fikir mübadiləsi zamanı müəllim nüfuzunun bərpa
olunması, müəllimlərin layiq olduqları səviyyədə
yaşamaları üçün ali təhsil müəssisələrinin iqtisadi
fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə
edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə
bağlı məlumat görüş iştirakçılarının diqqətinə
çatdırılmışdır.
Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət
Universitetinin maddi-texniki bazası, burada təhsil alan
yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti
ilə tanış edilmiş, universitetin mövcud qabaqcıl
təcrübəsi barədə nazirə məlumat verilmişdir.
Səfər zamanı Mikayıl Cabbarovu Azərbaycan Respublikası
Təhsil Nazirliyinin məsul əməkdaşları müşayiət etmişlər. |