"Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi"
İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun dəstəyi ilə "Gənclərin
psixoloji sağlamlığının keşiyində" layihəsinin icrasına
başlamışdır. Layihənin əsas məqsədi orta məktəblərdə
psixoloqların rolunun artırılması və məktəblilərin
psixoloji sağlamlıqlarının qorunmasıdır.
Müasir dövrdə inkişaf etmiş ölkələrin məktəblərində
psixoloji xidmətlərin çox böyük rolu vardır. Beynəlxalq
təcrübədə məktəblilər arasında səmərəli əməkdaşlığın
qurulmasında, onların problemlərinin müəyyən
olunmasında, müxtəlif çətinliklərlə üzləşən gənclərin
stresdən qorunmasında və təhsilə cəlb edilməsində
psixoloqların rolu əvəzsizdir. "Azərbaycan Gənclərinin
Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyi də bu
sahəyə öz dəstəyini vermək üçün məhz belə bir layihəyə
start vermişdir.
"Gənclərin psixoloji sağlamlığının keşiyində"
layihəsinin əsas istiqaməti məktəb psixoloqlarının
bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində yaxın
günlərdə Bakı şəhərinin 40-a yaxın məktəbinin
psixoloqları üçün xüsusi təlim kurslarının təşkil
ediləcəyi planlaşdırılmışdır. Təlim kurslarında
psixo-diaqnostika, psixo-korreksiya, stres, aqressiyanın
yaranma səbəbləri, onların aradan qaldırılması yolları,
psixoloji terapiya növləri və s. bu kimi mövzuların
müzakirə edilməsi nəzərdə tutulmuşdur. İnteraktiv
metodla, qarşılıqlı müzakirələr, qrup oyunları, beyin
həmlələri formatında qurulacaq təlimlər peşəkar
psixoloqlar tərəfindən aparılacaq.
Onu da qeyd edək ki, təlimlərin məqsədi yalnız məktəb
psixoloqlarının bilik və bacarıqlarının artırılması
deyil, həm də onlar arasında ünsiyyətin qurulmasıdır.
Bunun üçün layihə çərçivəsində "Məktəb Psixoloqu
Şəbəkəsi"nin yaradılması planlaşdırılmışdır.
Təlimlərdən sonra bütün iştirakçılarla görüşün
keçirilməsi, gələcəkdə təcrübə mübadiləsinin aparılması
üçün xüsusi formatın hazırlanması və adıçəkilən
şəbəkənin nizamnaməsinin qəbul olunması nəzərdə
tutulmuşdur.
Samirə KƏRİMOVA |