Mayın
10-da Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına
Hərbi Liseyində "Şahin" hərbi-idman oyununun respublika
final yarışları keçirilmişdir.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Tədbirdə liseyin rəisi, general-mayor Mirzə Almasov,
gənclər və idman nazirinin müavini İntiqam Babayev,
təhsil nazirinin müavini Qulu Novruzov, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis
müavini, general-mayor Novruzəli Orucov və başqaları
çıxış edərək gənc nəslin hərbi-vətənpərvərlik ruhunda
yetişməsində, onların mənəvi-psixoloji, hərbi və fiziki
hazırlığında, Vətənə məhəbbət hisslərinin aşılanmasında
gənclərin həvəslə iştirak etdikləri "Şahin" hərbi-idman
ənənəvi oyununun əhəmiyyətindən danışmışlar.
Çıxış edənlər yarışın final mərhələsinin müstəqil
Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 90 illik
yubileyi günündə və məhz hərbi liseydə yüksək səviyyədə
keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayaraq
demişlər ki, ulu öndərin yaratdığı canlı abidələrdən
biri də C.Naxçıvanski adına Hərbi Liseydir. Sovet
dövründə belə bir hərbi məktəbin Azərbaycanda
yaradılması ümummilli liderin uzaqgörən siyasəti
nəticəsində mümkün olmuşdur. Bu lisey Azərbaycan üçün
qəhrəman zabitlər yetişdirmişdir. Ona görə də bu günün
"şahinləri" sabahın zabitləri olacaqlar.
Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı
göstərdiyi vurğulanmış, dövlətimizin gənclər siyasətində
hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə
çatdırılmışdır. Natiqlər "Şahin" hərbi-idman oyununun
bütün mərhələlərini keçmiş, sabahın əsgər və zabitləri
olacaq gəncləri finala vəsiqə qazanmaları münasibətilə
təbrik etmiş və onlara uğurlar arzulamışlar.
Respublika finalına kursant korpusunun təntənəli marş və
mahnı sədaları altında nümunəvi keçidi ilə start
verilmişdir. Gənclər və İdman Nazirliyinin
təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və
bölgələrdən onuncu və on birinci sinif şagirdlərindən
ibarət ümumilikdə 18 komanda birincilik uğrunda mübarizə
aparmışdır. İki mərhələdən ibarət olan yarışın birinci
mərhələsində komandalar təntənəli marşla, mahnı sədaları
altında tribuna önündən keçmişlər və onların sıra
hazırlığı səviyyəsi yoxlanılmışdır.
Yarışın ikinci mərhələsində isə "şahinlər" müxtəlif
sınaqlardan, sədlərdən keçmək və maneələri dəf etməklə
öz fərdi bacarıqlarını nümayiş etdirmişlər.
Sonda yarışların yekun nəticələri elan olunmuş və I, II
və III yerləri tutmuş və ayrı-ayrı mərhələlərdə
fərqlənən komandalar mükafatlandırılmışlar. |