İşin düzgün təşkili şəxsiyyətyönümlü, nəticəyönümlü
təhsili həyata keçirməyə geniş imkanlar yaradır. Bu
günlərdə Bakı Modern Məktəbinin müəllimləri Sevinc
Əliyeva və Könül Pirverdiyeva uşaqların məntiqi,
tənqidi, yaradıcı təfəkkürünü, təxəyyülünü, psixomotor
və sosial bacarıqlarının inkişafını, diqqətini
formalaşdırmaq məqsədilə 1Az1 və 1Az3 sinif şagirdləri
ilə "Tanqram qururam" intellektual zəka oyunu
keçirmişlər.
Tanqram vasitəsilə şagird həndəsi fiqurların
əhəmiyyətini asanlıqla dərk edir, modelləşdirmə,
fırlanma, dönmə, əksetdirmə kimi prosesləri sərbəst özü
həyata keçirir. Tanqram kvadratın 7 hissəsi üzərində
qurulmuş Çin bilməcəsidir. Qədim Çində yaranmış və bütün
Avropanın marağına səbəb olmuş tanqram tək uşaqların
deyil, dünyaca tanınmış şəxsiyyətlərin də diqqətini
cəlb etmişdir.
Məşhur yazıçı və riyaziyyatçı Luis Keroll içərisində
həndəsi fiqurlara aid 323 tapşırıq olan Çin kitabının
yayılmasına, təcrübələrin öyrənilməsinə çalışmışdır.
Oyun zamanı şagirdlər 5 üçbucaq (2 böyük, 1 orta, 2
kiçik ), 1 kvadrat və 1 paraleloqramdan müxtəlif
fiqurlar, mənzərələr yaratmışlar. Ümumiyyətlə,
tanqramların 7 planeti təmsil etməsi fərziyyəsi
mövcuddur. Buna görə də Könül Pirverdiyeva və Sevinc
Əliyeva qiymətləndirmədə 7 planetin adı və onlar
haqqında yazılmış məlumatlardan ibarət xüsusi
kartlardan istifadə etmişlər. Bu zəka oyununda balacalar
əyləncə zamanı müxtəlif təsəvvürlər, əksetmə, dönmə,
fırlanma kimi prosesləri özləri ayırd etməklə yanaşı,
həm də planetlər haqqında ətraflı məlumata sahib
olmuşlar.
Belə əyləncəli zəka oyunlarının şagirdlərin
intellektual səviyyələrinin inkişaf etdirilməsi və
məntiqi təfəkkürlərinin formalaşmasında mühüm əhəmiyyət
kəsb etməsi hər bir müəllim üçün çox önəmlidir.
Beləliklə, Bakı Modern Məktəbinin daha bir günü də bu
cür yaradıcı və səmərəli keçmişdir.
Hicran ƏKBƏROVA |