13
yaşlı vokalçı Yasin Həsənov İtaliyada keçirilən
beynəlxalq "San-Remo-Junior" müsabiqəsində iştirak
etmişdir. O, ilk dəfə bu möhtəşəm musiqi yarışmasına
qatılmasına baxmayaraq vətənə qələbə ilə qayıtmışdır.
Yasin İtaliyada müxtəlif nominasiyalar üzrə keçirilən
və təxminən dünyanın 300-dən artıq istedadının qatıldığı
müsabiqədə vokal kateqoriyası üzrə əsas mükafat -
"Qran-pri"-yə layiq görülmüşdür. O, müsabiqədə
"Qranada" adlı ispan mahnısını ifa etmişdir.
Dörd mərhələdən ibarət olan müsabiqədə Yasin ilk
çıxışından sonra bütün münsiflərin birmənalı rəyi ilə
finala birbaşa vəsiqə qazanmışdır. Müsabiqənin əsas
təşkilatçılarından sayılan münsiflər heyətinin sədri
Raolo Alberto Yasinin ifasından çox təsirləndiyini
söyləmişdir. Tanınmış musiqiçi qeyd etmişdir ki, bu günə
qədər Azərbaycandan müsabiqəyə bir çox namizədlər təqdim
edilsə də, heç biri musiqi yarışmasında iştirak etmək
şansı əldə edə bilməmişdir. Yalnız fitri istedadı və
səsi olan iştirakçılar bu şansı əldə edə bilmişlər.
Qeyd edək ki, Yasinin təhsil aldığı Bakıdakı 6 nömrəli
məktəb-liseyin direktoru Gülşən Orucova müsabiqəyə
qatılmaq üçün Həsənovlar ailəsinə maddi köməyini
əsirgəməmişdir. Yasinin anası Rəna xanım söyləmişdir ki,
İtaliyada olarkən Yasinin ifası hamının sevgisini
qazana bilmişdir. Hətta münsiflər heyətinin sədri
Raolo Alberto müsabiqə bitdikdən sonra bizimlə
söhbətində Yasinin qeyri-adi səsə malik olduğunu da
demişdir.
Bu günlərdə isə keçirilmiş mətbuat konfransında iştirak
edən Yasinin vokal müəllimi Solmaz Yolçuqızı şagirdinin
potensialına inandığını, onun hər zaman öz üzərində
çalışdığını, beynəlxalq müsabiqələrdə ölkəmizi bundan
sonra da layiqincə təmsil edəcəyini xüsusilə
vurğulamışdır. Qeyd etmişdir ki, Yasini gələcəkdə
İtaliya Konservatoriyasında təhsil almaq şansı da
gözləyir.
Mətbuat konfransında Yasinin İtaliyadakı
"San-Remo-Junior" müsabiqəsindən olan videogörüntüləri
də jurnalistlərə təqdim olunmuşdur.
Musiqi sahəsində bir çox uğurlara imza atmış, dəfələrlə
diplom və fəxri fərmanlara layiq görülmüş Yasinin 20
mahnıdan ibarət olan 2 albomu və "Vətənim" adlı klipi
işıq üzü görmüşdür. Sevindirici haldır ki, ölkə
Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən
Yasin Etibar oğlu Həsənovun adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitab"ına yazılmaqla o,
Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.
SİFAİ |