Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Vətən üçün yananlar

 

Bakıdakı 263 nömrəli tam orta məktəbin akt zalına toplaşmış müəllim və şagirdlər həyat və fəaliyyəti vətənə xidmətə həsr olunmuş iki işıqlı insanın - ümummilli lider Heydər Əliyev və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərini məktəb tədbiri ilə qeyd edirdilər.

Məktəbin foyesində ulu öndərin ömür yolu və çoxcəhətli irsinə həsr olunmuş divar qəzetləri, incəsənətin müxtəlif janrlarında işlənmiş əl işləri nümayiş olunurdu. Bu əl işlərinin hazırlanmasında məktəbin müəllimi Svetlana Yəhyayevanın böyük əməyi olmuşdur.

Tədbir Azərbaycanın Dövlət himninin ifası ilə başlandı. Aparıcılar - məktəbin şagirdləri Fərid Hacıyev və Nərmin Orucova çıxışlarına belə bir bədii ricətlə başladılar: "Hər səhər dan söküləndə ulduzlar sönməyə başlayır. Günəş çıxanda isə onlar tamamilə  görünməz olurlar. Çünki günəş ulduzlardan daha parlaq, daha işıqlıdır. Heydər Əliyev zəkası da günəş kimidir". Bu ricətdən sonra onlar növbə ilə ulu öndər Heydər Əliyevin ömür yolunu vərəqləyərək  xilaskarlıq missiyasından, müstəqil Azərbaycanın qurulması yolundakı titanik fəaliyyətindən, müdrik daxili və xarici siyasətindən söz açdılar.

Onlar çıxışlarına ara verəndə tədbir şeirlə, mahnı ilə rövnəqlənirdi. Şagirdlərdən Sitarə, Şəmsinur, Gülzar, Çiçək, Nuran, Aynur, Münəvvər, Səma və  başqaları ulu öndərə, Azərbaycana həsr olunmuş, azadlığı, müstəqilliyi tərənnüm edən şeirlər, mahnılar ifa etdilər. Rəna Nəhmətovanın ümummilli liderə həsr etdiyi şeiri alqışlarla qarşılandı.

Aparıcılar  görkəmli alim Zərifə xanım Əliyevanın da ömür yoluna ayna tutdular. Çıxışlarda o, sədaqətli ömür-gün yoldaşı, mehriban ana, tanınmış həkim və alim,  fəal ictimai xadim kimi səciyyələndirildi. Beləcə tədbir bir-birindən maraqlı, həzin musiqi, şeir, rəqs nömrələri ilə davam etdi. Məktəbin musiqi müəllimi  Təranə Buniatzadə tədbirə ustalıqla  musiqi tərtibatı vermişdi. Azərbaycan dili və ədəbiyyat müəllimi  Həqiqət Əliyevanın zəhməti sayəsində  məktəblilərin təqdim etdikləri bədii nümunələr incəliklə və zövqlə seçilmişdi.

Məktəbin direktoru Nəsimi Abbasov çıxışında ulu öndər Heydər Əliyevin xalqın taleyində dərin iz saldığı, nəsillərin xatirəsində əbədi yaşayacağı vurğulandı. Tədbirin qonağı, tanınmış şair Vahid Əziz xalqını sayına yox, sanbalına görə sevdiyini, bu sanbalın ən bariz nümunəsinin isə məhz Heydər Əliyev olduğunu vurğuladı. Məktəblilərin çıxışlarını da yüksək dəyərləndirən şair məktəbin müəllimlərinə minnətdarlığını "Müəllim" şeiri ilə çatdırdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Fəttah Quliyev də çıxışında məktəbin son illər əldə etdiyi uğurları qeyd edib, ulu öndərin xatirəsinə maraqlı tədbir hazırladıqlarına görə kollektivə təşəkkür etdi. Sonda dərs ili boyu fərqlənmiş şagirdlərə fəxri fərmanlar verildi.        

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov