Birləşmiş Ərəb Əmirliklərinin məktəbləri ənənəvi
dərslik və dəftərlərdən tam imtina edəcəklər. Adət
etdiyimiz portfellərin əvəzinə planşet kompüterlər
gələcək.
Bu barədə əmirliklərin "Ər Riya" qəzetinə müsahibəsində
ölkənin tərbiyə və təhsil naziri Hamid əl Katami
bildirmişdir. Onun sözlərinə görə, növbəti tədris
ilindən kompakt planşet kompüterlərin tədris prosesinə
tətbiqinə başlanacaq, 4 ildən sonra isə bütün məktəblər
tamamilə elektron dərsliklər, dəftərlər, gündəliklər və
jurnallara keçə biləcəklər. Müəllimlər də planşet
kompüterlərə keçəcək və təlimdə ən müasir informasiya
texnologiyalarından istifadə edəcəklər.
Hazırda BƏƏ-də məktəb portfellərinin, xüsusən də ibtidai
siniflərdə, maksimum yüngülləşdirilməsi üzrə layihə
reallaşdırılır.
Tədris ili trimestrlərə bölünmüşdür. Bütün dərsliklər və
iş dəftərləri də üç hissəyə bölünmüşdür.
Bundan əlavə, bütün məktəblərdə hər bir şagird üçün
tədris materialının saxlandığı xüsusi şkaflar nəzərdə
tutulmuşdur.
Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV |