Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi
regionlara məktəbli geyiminə verilən tələblərin
müəyyənləşdirilməsi haqqında model normativ akt
göndərib. Xatırladaq ki, məktəblərdə məktəbli formasının
tətbiqinin zəruriliyi barədə Rusiya prezidenti Vladimir
Putin Rostov-Donda keçirilmiş ümumrusiya xalq cəbhəsinin
konfransında çıxış edərkən bildirmişdir.
Regionlara əsasında öz sənədlərini hazırlamaq təklif
olunan model aktında ümumi tələblər öz əksini tapıb.
Onlardan birincisi və əsası formanın sanitar-gigiyenik
tələblərə cavab verməsidir. Bundan başqa, paltar
(geyim), eləcə də məktəblinin xarici görünüşü işgüzar
stilin ümumi qəbul edilmiş normalarına müvafiq olmalı və
dünyəvi xarakter daşımalıdır.
Geyimin rəngi və modelini isə, nazirliyin fikrincə,
məktəblərin qəyyumluq şuraları, valideyn komitələri və
digər dövlət-ictimai idarəetmə orqanları
müəyyənləşdirməlidir. Qərar qəbul edilərkən tədris
prosesinin bütün iştirakçılarının əhatə olunması,
aztəminatlı ailələrin maddi durumunun nəzərə alınması
tövsiyə olunmuşdur.
Sentyabra - "Rusiya Federasiyasında təhsil haqqında"
yeni Qanun qüvvəyə minənə qədər normativ-hüquqi aktların
təsdiqi prosesi başa çatmalıdır. Yeni dərs ili
başlananadək məktəbli formasının məcburiliyi fikri ilə
barışa bilməyənlərə izahat işlərinin aparılması ilə də
fəal məşğul olunmalıdır.
Cari dərs ilində bəzi regionlar artıq məktəbli geyiminə
verilən vahid tələbləri tətbiq etməyə başlamışdır. Bir
sıra subyektlər isə hətta həm vətəndaşların ayrı-ayrı
kateqoriyalarının məktəbli forması əldə etməsi, həm də
istehsalçılar üçün müxtəlif maliyyə dəstəyi
mexanizmlərini müəyyəndirməyə imkan tapmışlar.
Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV |