MDU dünyanın 200 ən yaxşı universiteti
siyahısında yer almışdır |
M.V.Lomonosov
adna Moskva Dövlət Universiteti və
Sankt-Peterburq Dövlət Universiteti ilk dəfə
olaraq 2013-cü ildə ixtisaslar üzrə dünyanın 200
ən yaxşı universitetləri siyahısına (QS World
University Rankings by Subyect) düşmüşlər.
Məlumata görə, MDU siyahıda riyaziyyat üzrə
42-ci yeri tutmuşdur. Sankt-Peterburq Dövlət
Universiteti isə reytinq cədvəlində 151-ci
olmuşdur. Adıçəkilən reytinq 30 istiqamət üzrə
(fəlsəfə, müasir dillər, coğrafiya, tarix,
linqvistika, ingilis dili və ədəbiyyat, kompüter
texnologiyaları, mühəndis elmləri, fizika,
riyaziyyat, tibb, biologiya və sair) dünyanın
200 aparıcı universitetini əhatə edir.
Qiymətləndirmə akademik birliyin rəyi,
işəgötürənlərin rəyi, məqalələrdən
sitatgətirmənin orta indeksi və ali məktəb
alimlərinin elmi xidmətlərinin ümumi məcmusu
kimi 4 indikatora əsaslanır. Cari ilə kimi
Rusiyanın bir sıra universitetləri adıçəkilən
reytinqdə tədqiq olunmuş, lakin onlardan heç
biri sadalanan istiqamətlər üzrə dünyanın 200 ən
yaxşı universiteti sırasında yer ala
bilməmişdir. Bundan əlavə, MDU eyni vaxtda bir
neçə istiqamət üzrə klasterlərə (QS reytinqdə
50-ci sıradan aşağıda olan ali məktəblər qruplar
üzrə hesablanır) daxil olmuşdur: müasir dillər
(51-100 klaster), fizika və astronomiya
(51-100), informasiya və kompüter texnologiyası
(151-200), farmokologiya (151-200), kimya
(101-150), yer və dünya okeanları haqqında
elmlər (101-150), materiallar elmi (151-200),
statistika və əməliyyatlar tədqiqatları
(101-150).
Sankt-Peterburq Universiteti riyaziyyat üzrə
151-200 klasterə düşmüşdür. QS Tədqiqatlar
Mərkəzinin başçısı Ben Sauterin sözlərinə görə,
Rusiya ali məktəbləri beynəlxalq təhsil
məkanında ayrı-ayrı ixtisaslar üzrə diqqət
çəksələr də, dünya liderləri ilə çətin rəqabət
aparırlar. Rusiya ali məktəblərinin
nəticələrinə baxanda tam əminliklə demək olar
ki, onlar texnologiya və mühəndis işi,
riyaziyyatla bağlı olan ixtisaslar üzrə yaxşı
nəticələr göstərmişdir. Rusiya Şərqi Avropada
yeganə ölkədir ki, ali məktəbləri dünyanın ilk
200 aparıcı universiteti arasında yer almışdır. |
|
|
Avropa Komissiyası beynəlxalq təhsil
proqramlarına ayrılan maliyyə vəsaitlərinin
həcmini artıracaq |
Avropa Komissiyası beynəlxalq təhsil
proqramlarının dəstəklənməsi üçün ayrılan
maliyyə vəsaitlərinin həcmini artırmağı nəzərdə
tutmuşdur. Komissiya xaricdə təhsil alan və əmək
fəaliyyəti ilə məşğul olan tələbələr, gənc
müəllimlər və tədqiqatçılar üçün ayrılan
qrantların həcmini ikiqat artırmaq
niyyətindədir. Bu barədə Avropa Komissiyasının
təhsil, mədəniyyət və gənclər məsələləri üzrə
komissarı Andrulla Vasiliu keçirdiyi mətbuat
konfransında bildirmişdir.
Təhsil qrantlarının artırılması barədə qərar
Avropa Komissiyasının 2014-2020-ci illər büdcə
planının formalaşdırılması çərçivəsində qəbul
olunmuşdur. Avropa Komissiyası hesab edir ki,
bununla elmi dərəcə almaq istəyən
tədqiqatçıların hazırlıq səviyyəsini
yaxşılaşdırmaq və yoxsulluqla mübarizə aparmaq
mümkün olacaq. "Qəbul olunmuş büdcə təhsil
sahəsində çalışan insanlar və təşkilatlar üçün
əla xəbərdir", - deyən A.Vasiliu qeyd etmişdir
ki, gənclərin xaricdə təhsil alması və işləməsi
üçün nəzərdə tutulmuş yeni proqramlara 7 il
ərzində 15,2 milyard avro ayrılması qərara
alınmışdır. Təqdim olunan qrantların miqdarının
artırılması ilə yanaşı vəsaitlər təhsil
sisteminin modernləşməsinə və təhsil
müəssisələri arasında əməkdaşlığın
genişləndirilməsinə də xərclənəcək. Maliyyə
vəsaitlərinin həcminin artırılması Avropanın
gələcəyi naminə təhsilə ayrılan investisiyaların
prioritetliyini sübut edir.
Qeyd edək ki, Avropa Komissiyasının cari büdcəsi
(2007-2013-cü illər) Avropa regionları
çərçivəsində təhsil və təcrübə proqramlarının
maliyyələşdirilməsi üçün 72,5 milyard avro
ayrılmasını nəzərdə tutmuşdur. Avropa
Komissiyası təhsil proqramları barədə daha
ətraflı hesabatını cari ilin payızında
açıqlayacaq. |
|
|
Almaniya məktəbləri planşetə keçir |
Almaniyanın
ümumtəhsil məktəblərində müasir İKT resurs və
vasitələrindən istifadə geniş yer almışdır.
Hazırda ölkənin bütün orta məktəblərində
buraxılış imtahanlarının planşetlər vasitəsilə
aparılması gözdən keçirilir. Hələlik
Bavariyadakı Noyboyern qəsrindəki məktəbdə
məzunların planşetlərdən ilk dəfə istifadə
etməklə buraxılışı olacaq. Məktəblər kağız
əvəzinə planşetlə imtahan verməyə üstünlük
vermişdir. Burada tanıdığımız dərs lövhələri,
tabaşir, dəftər və dərsliklər yoxdur, bütün
bunları planşetlər əvəz etmişdir. Artıq 9-cu
sinifdən başlayaraq müəllimlər və şagirdlər
lövhə və tabaşirdən imtina edirlər. Onlar
displeydə yazır, proqram təminatı isə şagirdin
xəttini tanımağa imkan verir. İşlər rəqəmsal
formatda yığılır. İlk elektron imtahanlardan
sonra bu təcrübənin Almaniyanın bütün ərazisində
tətbiqi nəzərdə tutulmuşdur. Məktəblərin
İnternet şəbəkəyə qoşulması nəticəsində
şagirdlər məlumatları artıq açıq mənbələrdən
əldə edirlər. İmtahanlardan əvvəl bütün
şagirdlərə yeganə proqram təminatlı yeni
planşetlər verilmişdir. Hələlik ilk buraxılış
imtahanlarında şagirdlərə klaviaturadan istifadə
etmək qadağan olunmuşdur. Çünki klaviaturadan
istifadə etməklə hər hansı mətni daha tez yazmaq
olar, buraxılış imtahanlarına ayrılan vaxt isə
çox ciddi surətdə nizama salınmışdır.
|
|
|
Alimlər müasir dillərin mənşəyini müəyyən
etmişlər |
Hazırda Avrora və Asiyada milyardlarla insanın
danışdığı müasir dillər buzlaşma dövrünün son
illərində Avroranın cənubunda işlək olmuş qədim
dillərdən törəmişdir. Böyük Britaniyadakı
Ridinq Universitetinin alimləri bir çox dillərin
təhlili əsasında belə bir qənaətə gəlmişlər.
Onlar ingilis və urdu, yapon və itelmen kimi
müxtəlif dillərin lüğətlərində bir sıra ümumi
sözlər aşkar etmişlər. Onlar qədim Avrasiya dil
ailəsini yaratmışlar. Bu ailə isə hazırda
Avrasiya məkanında Portuqaliyadan tutmuş
Kamçatkaya qədər geniş coğrafiyada insanların
danışdığı bugünkü dillərə parçalanmışdır.
"Avrasiyanın bütün sakinləri təxminən 15 min il
əvvəl buzlaqların Şimala çəkilməsi dövründə
Avropanın cənubunda yaşamış insan qrupları ilə
özlərinin dil qohumluğu əlaqəsini görə
bilərlər",- deyə Ridinq Universitetinin təkamül
bioloqu Mark Pagel bildirmişdir.
İstənilən dildə olan sözlərin əksəriyyətinin -
böyük ehtimalla 50 faizinin 2-4 min il ərzində
digər dillərdə olan sözlərlə əvəzlənə bilməsi
mümkündür. Lakin daim istifadə olunan
əvəzliklər, zərflər, saylar kimi sözlər var ki,
onlar on min illərlə yaşaya bilər.
Alimlər kompüter modelləri vasitəsi ilə çox
nadir hallarda dəyişən və müxtəlif Avrasiya
dillərində eyni cür səslənən sözləri əvvəlcədən
müəyyən edə bilmişlər. Daha sonra onlar bu
sözləri linqvistlərin bərpa etdikləri ən qədim
sözlərin siyahısı ilə müqayisə etmişlər.
"Proceedings of the National Academy of
Sciences" jurnalının yazdığı kimi, minimum 4
Avrasiya dilində 23 eyni cür söz aşkar
olunmuşdur. Onlar çox tez-tez işlənən - mən,
biz, insan, ana və s. sözləridir.
Bir sıra sözlər də vardır ki, onlara nadir
hallarda rast gəlinir. "New Scientist"
jurnalının yazdığı kimi, britaniyalı alimlər 7
dildən soyad şəcərəsini tərtib etmişlər. Onlar
bir dildən - insanların təxminən 15 min il əvvəl
danışdığı dildən törəmişlər. Sonrakı 5 min il
ərzində onlar qeyd olunan 7 dilə bölünmüşdür. |
|
|
Robot həvəskarı Amerikanın milli müəllimi oldu |
2013-cü
ildə "Amerikanın milli müəllimi" adına
Vaşinqton ştatından olan robot həvəskarı, kimya,
fizika müəllimi və mühəndis Ceff Şarbonno layiq
görülmüşdür.
Ağ Evdə keçirilmiş təntənəli mərasimdə
C.Şarbonnoya prezident Barak Obama tərəfindən
"Büllur alma" mükafatı təqdim olunmuşdur. O,
artıq 12 ildir ki, Zill şəhərindəki orta
məktəbdə müəllim işləyir. Lakin müəllimlik onun
yeganə peşəsi deyil, o, doğma şəhərində
robot-texnika mərkəzinin rəhbəridir. C.Şarbonno
qeyd etmişdir ki, şagirdlərinin əksəriyyəti onun
tədris etdiyi fənlərin çoxunu "elmin ağır
qraniti" hesab edir. Tədris etdiyi fənni
şagirdlərinin daha asanlıqla mənimsəmələri üçün
Şarbonno təlim keçən interaktiv məşqçi-robot
hazırlamışdır. "Milli müəllim" bir çox
mükafatların, eləcə də qrantların sahibidir.
Amerikanın sayca 63-cü "milli müəllimi"
biologiya üzrə bakalavr elmi dərəcəsini və
Vaşinqtondakı Mərkəzi Universitetin təhsil
magistri diplomunu almışdır. Zill şəhər təhsil
assosiasiyasının həmsədri olan Şarbonnonun
təhsil fəlsəfəsi uşaqlarda özünəinam, uğur,
sinif, bütövlükdə məktəb və cəmiyyət
çərçivəsində əməkdaşlığın tərbiyə olunmasına
əsaslanır. Onun sözlərinə görə, bu cür yanaşma
dildə olan "bacarmıram", "hədsiz çətindir",
"mümkün deyil" kimi sözləri tam istisna edir.
"Mən hər gün şagirdlərimi sinifdə "Cənnətdə daha
bir gün keçirmək üçün xoş gəlmişsiniz" sözləri
ilə salamlayıram", - deyə C.Şarbonno
bildirmişdir. |
|
|
Dünyada məktəbəqədər təhsilin fərqli
xüsusiyyətləri |
Dünyanın
bir sıra ölkələrində məktəbəqədər təhsil ümumi
təhsil və tərbiyə sisteminin ilkin səviyyəsi
hesab olunur. Ona görə də dövlət, yerli
hakimiyyət orqanları, ictimai təşkilatlar, kənd
təsərrüfatı və sənaye müəssisələri, dini
təşkilatlar, ayrı-ayrı şəxslər bu sahənin
qayğısına qalırlar.
Adətən bir sıra xarici ölkələrdə mövsümi və
stasionar bağçalar, ibtidai məktəblərin nəzdində
açılan məktəbəqədər şöbələr, uzunmüddətli işlər
üçün nəzərdə tutulmuş xüsusi uşaq bağçaları,
müxtəlif meydançalar və ana məktəbləri
fəaliyyət göstərir.
Bu cür müəssisələrdə tərbiyə işinin məqsədi
uşaqların hərtərəfli inkişafı, onlara həyati
bacarıq və vərdişlərin aşılanmasıdır ki, bundan
ötrü xüsusi tərbiyə proqramları işlənib
hazırlanmışdır. Hər bir milli sistemdə
məktəbəqədər təhsilin özünəməxsus
xüsusiyyətləri və qabaqcıl təcrübəsi vardır.
Məsələn, Böyük Britaniya təhsil sistemi
ibtidai məktəblərə 3-4 yaşlı uşaqları qəbul
edir. Bundan əlavə, 5 yaşı tamam olmuş uşaqlar
üçün hazırlıq kursları təşkil olunur.
Böyük Britaniyada məktəbəqədər təhsilin
konsepsiyası ümumi təhsilin bu səviyyəsi üzrə
təhsil müəssisələrinin rəngarəng olması ilə
xarakterizə olunur. İngilis tərbiyəsi uşağın
şəxsiyyətinin, təşəbbüskarlığının inkişaf
etdirilməsinə əsaslanmışdır. Uşaq bağçasına
adaptasiyanı azyaşlılar valideynin iştirakı ilə
keçirir. Məktəbəqədər müəssisələrdə bir
tərbiyəçi yaşı 3-5 arasında olan 3-5 uşaqla
məşğul olur.
Danimarkada
məktəbəqədər təhsil müəssisələri azyaşlılar üçün
oyun meydançaları, gündüz bağçaları, bağça-uşaq
evləri və ya sadəcə bağçalar, eləcə də sutkalıq
bağçalardan ibarətdir. Sonuncular fiziki və
pisixi inkişaf qüsurları olan uşaqlarla
məşğuldur. Əmək fəaliyyətinə başlamazdan əvvəl
pedaqoji heyət pedaqogika, psixologiya və
filologiya üzrə üçillik hazırlıqdan keçir.
Maraqlı faktlardan biri odur ki, bu
müəssisələrdəki bütün pedaqoqların 20 faizini
kişilər təşkil edir.
Almaniyada
ictimai məktəbəqədər təhsil çox qədim ənənələrə
malikdir. Bağçalara baş çəkməkdə valideynlərə
tam sərbəstlik verilir. Valideynlər uşaqların
saxlanma xərclərinin 50 faizini ödəyir, qalan
məsrəfləri isə müəssisənin rəhbəri öz üzərinə
götürür.
Dövlət mövcud məktəbəqədər təhsil
müəssisələrinin yalnız beşdə birinin
maliyyələşməsini öz üzərinə götürmüşdür.
Qalanları isə həmkarlar, xeyriyyə və digər
təşkilatların himayəsindədir.
Polşada
məktəbəqədər təhsil sistemi uşaqların bütün iş
günü və ya günortaya qədər təlim-tərbiyə aldığı
bağçalardan, uşaq bağçaları, ikihəftəlik
bağça-uşaq evlərindən, eləcə də çoxmərtəbəli
evlərin mənzillərində yerləşən mikrobağçalardan
formalaşmışdır.
Amerika Birləşmiş Ştatlarında
isə hər bir ştat təhsil sahəsində öz
standartını müəyyənləşdirmişdir. Hər bir
müəssisə müəyyən olunmuş proqram əsasında
fəaliyyət göstərir.
Yaponiyada
tərbiyə sistemi uşaqlarda daha erkən yaş
dövrlərində müxtəlif qabiliyyətlərin aşkar
olunmasına və onların inkişaf etdirilməsinə
əsaslanır. Yaponiyada uşaq bağçalarındakı
qruplar daha çox - 40 nəfərədək uşaqdan təşkil
olunur. Bütün uşaqların bədii özfəaliyyət
dərnəklərində iştirakı məcburidir, belə ki,
yaponlar hesab edirlər ki, yalnız əllərin
yaratdığı gözəllik nümunələri gözəlliyin
fəlsəfi anlaşılmasına təsir göstərir.
Hər bir ölkədə məktəbəqədər təhsilin
reallaşdırılmasının öz qaydaları mövcuddur.
Lakin hər bir sistem ayrılıqda istedadlı
uşaqların inkişaf etdirilməsinə xidmət edir.
Bundan əlavə, uşaqların normal həyat fəaliyyəti
üçün daha əlverişli şərait yaradılır. Uşaqlar
valideynlərin iştirakı olmadan cəmiyyət
həyatında iştirak etməyi, özündə əməksevərliyi,
istər valideynlər, istərsə də tərbiyəçilər
qarşısında məsuliyyət daşımağı öyrənirlər.
Uşaqlarda musiqi qabiliyyətlərinin
təkmilləşdirilməsinə də xüsusi diqqət ayrılır.
|
|
|
Cənubi Koreya SAT imtahanlarından imtina edir |
Cənubi Koreyada Amerika ali məktəblərinə daxil
olmağa imkan verən SAT (Scholastic Assessment
Test - "Məktəb Qiymətləndirmə Sistemi")
imtahanlarından imtina olunmuşdur. The Wall
Street Yournal-ın yazdığına əsasən, imtahan
təşkilatçıları bunun səbəbini bəzi
abituriyentlərin imtahan sualları ilə qabaqcadan
tanış olmaları ilə izah etmişdir.
Bir sıra hazırlıq mərkəzlərində abituriyentlərə
suallar paylanıb. İmtahanların başlanmasına
qədər suallarla tanışlıq isə qəti surətdə
qadağandır. Hazırlıq mərkəzlərinin sual
materiallarını abituriyentlərə ötürməkdə
təqsirli bilinən bir sıra rəhbərləri hazırda
nəzarət altındadır. Onlardan ölkəni tərk etməmək
barədə iltizam alınmışdır.
Təşkilatçılar imtahanların iyun ayında
keçirilməsini istisna etmirlər, lakin Amerikada
təhsil almaq arzusunda olan 1500-dən artıq gənc
Yaponiya və Çində imtahan verməyi qərara
almışlar.
Qeyd edək ki, SAT ölkədə 1901-ci ildən tətbiq
olunur. Hazırda bu imtahanların keçirilməsi ilə
Amerikanın College Board təşkilatı məşğul olur.
İmtahana 3 saat 45 dəqiqə vaxt ayrılır.
İmtahanın gedişində abituriyentlərin qrammatika
və riyaziyyat üzrə biliyi, eləcə də mətnin
təhlili üzrə qabiliyyətləri yoxlanılır.
2011-2012-ci dərs ilinə olan məlumata görə,
Cənubi Koreyadan Amerika universitetlərində
təhsil alan tələbələrin sayı 72 min nəfərdir.
Xarici tələbələrin ümumi sayında koreyalılar Çin
və Hindistandan sonra üçüncü yeri tutmuşlar.
Qeyd edək ki, ABŞ-da Çindən olan tələbələrin
sayı 194 min nəfər, Hindistandan olan
tələbələrin sayı isə 100 min nəfərdir.
Bütünlüklə Amerikada 760 min xarici tələbə
təhsil alır. |
|
|
Məktəblilər üçün elmi mərkəzlər |
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
və "Sistem" Səhmdar Maliyyə Korporasiyası
məktəbliləri real elmi tədqiqatlara cəlb etmək
təşəbbüsü ilə çıxış etmişdir. Təşəbbüsün
mahiyyəti ondadır ki, orta təhsil
müəssisələrinin şagirdləri real surətdə
fəaliyyət göstərən alimlər kollektivində əsl
elmi tədqiqatlarla məşğul olacaqlar.
2014-cü ilə qədər paytaxtda və Moskvaətrafı
vilayətin ərazisində akademik və universitet
laboratoriyalarında xüsusi mərkəzlər
yaradılacaq. Bu mərkəzlərdə şagirdlər nəinki
müasir elmi avadanlıqlarla tanış olacaq, həm də
əsl tədqiqat qruplarının işində bilavasitə
iştirak edəcəklər. Layihənin iştirakçısı olan
hər bir məktəbliyə elmi kurator ayrılacaq.
Kuratorlar gənclərə qeyri-adi iş prosesinə
alışmağı öyrədəcəklər. Onlar gənc alimlər və
ya ali məktəblərin yuxarı kurslarında oxuyan ən
perspektivli tələbələr arasından seçiləcək.
Layihə müəllifləri hesab edirlər ki, təşəbbüs
məktəblilərə öz maraqlarının istiqamətləri
barədə daha dəqiq qərar verməyə, eləcə də öz
elmi və peşə karyerasını seçməyə imkan verəcək.
Bilavasitə elmi tədqiqatlar prosesi isə yay
tətili dövründə aparılacaq, bu isə layihə
iştirakçılarına bütünlüklə elmi işlərə
yüklənməyə şərait yaradacaq.
Layihəyə həqiqətən daha çox maraq göstərən
uşaqların cəlb olunması məqsədilə onların seçimi
çox sərt müsabiqə əsasında aparılacaq. Daha çox
diqqətəlayiq nəticələr göstərmiş məktəblilər
cari ilin payızında VII Elm festivalında iştirak
etmək imkanı əldə edəcəklər.
Onların elmi rəhbərləri də həvəsləndirici
mükafatlar alacaqlar, onları qrantlar və ya
xaricdə keçirilən elmi konfransa pulsuz səfər
gözləyir. |
|
|
Avstriyada xarici tələbələrin sayı iki dəfə
artmışdır |
Avstriyada
xarici tələbələrin sayı son on ildə iki dəfə
artmışdır. Bu barədə Ali Tədqiqatlar
İnstitutunun ali məktəblərin statistik
məlumatlarına əsasən apardığı xüsusi hesabatında
qeyd olunmuşdur.
Sorğuya əsasən, 2010-2011-ci dərs ilinin qış
semestrində yerli universitetlərdə və peşə
məktəblərində təxminən 65 min xarici tələbə
təhsil almışdır. 2000-2001-ci ilin analoji dövrü
üçün isə bu rəqəm 32 min nəfər olmuşdur.
Beləliklə də Avstriyada təhsil alan hər beş
tələbədən biri xaricidir. Xüsusən də təsviri
incəsənət ixtisasları üzrə tədrisin aparıldığı
universitetlərdə oxuyan tələbələrin sayı (47
faiz) artmışdır. Elmi və pedaqoji ali
məktəblərdə daha az (6 faiz) xarici tələbə
təhsil alır. Xarici tələbələr daha çox Almaniya
(39 faiz), keçmiş Yuqoslaviyanın varisi olan
müstəqil dövlətlərin (11 faiz), Şərqi Avropa
ölkələrinin (17 faiz), Türkiyənin (5 faiz)
payına düşür. Digər Avropa ölkələrinin payına 9
faiz, Avropaya aid olmayan ölkələrin payına isə
11 faiz düşür.
Almaniyadan olan tələbələr daha çox təbiət
elmlərinə, ilk növbədə, psixologiya və tibb
sahələrinə maraq göstərirlər. Keçmiş
Yuqoslaviyadan olan tələbələr texniki və
sosial-iqtisad fənləri, eləcə də incəsənəti,
türkiyəli tələbələr texnikanı, Şərqi Avropadan
olan tələbələr sosial və iqtisad elmləri, eləcə
də incəsənəti, Qərbi Avropadan olan tələbələr
humanitar və mədəniyyəti, incəsənəti öyrənməyə
həvəs göstərirlər. |
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |