Mayın
11-də "Caspian Business Center"də ABŞ-ın Azərbaycandakı
səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin birgə
təşkilatçılığı ilə "Education USA - Alumni Fair" təhsil
sərgisi keçirilmişdir.
AzərTAc xəbər verir ki, səfirliyin təhsil və mədəniyyət
üzrə müşaviri Kristofer Cons tədbiri açaraq bildirmişdir
ki, sərginin əsas məqsədi ABŞ-da təhsilə maraq
göstərənləri bu ölkənin universitetləri barədə ətraflı
məlumatlandırmaqdır.
ABŞ-ın 25-dən çox nüfuzlu təhsil müəssisəsinin, o
cümlədən "California", "Stanford", "Bradley", "American"
və "Denver" universitetlərinin təmsil olunduğu tədbirdə
tələbələrin, şagirdlərin və valideynlərin ABŞ
universitetlərini bitirmiş azərbaycanlı və əcnəbi
məzunlarla görüşüb onlarla məsləhətləşmək imkanı
olmuşdur.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti tərəfindən
dəstəklənən Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildən
fəaliyyət göstərir. Mərkəzin əsas fəaliyyəti ABŞ-da
təhsil almaq imkanları haqqında məlumat yaymaqdır. |