Mayın 12-də Xaçmazda Qafqaz Universiteti sosial-iqtisadi
tədqiqatlar mərkəzinin təşkilatçılığı ilə II iqtisadi
forum keçirilmişdir. Universitetin mətbuat xidmətindən
verilən məlumata görə, forum dünya iqtisadiyyatında
formalaşmış meyillərin müzakirəsinə həsr olunmuşdur.
Müzakirələr üç istiqamətdə aparılmışdır. Birinci
istiqamət qlobal iqtisadi problemlər və onlara müasir
baxışları əhatə etmişdir.
Burada əsasən qlobal iqtisadi problemlərin həllinə
alternativ yanaşmalar, müasir istehlak cəmiyyəti və onun
iqtisadi böhranların yaranmasında rolu, eləcə də müasir
dövr iqtisadiyyatının institusional məsələləri müzakirə
edilmişdir. İkinci istiqamətdə müzakirələr sahibkarlığın
iqtisadi inkişafdakı rolu, innovasiyalar, istehsal və
marketinq münasibətlərinə yeni baxışlar, üçüncü
istiqamətdə isə milli mənəvi dəyərlərin müasir
iqtisadiyyatdakı rolu ilə əlaqədar olmuşdur.
Forumda universitetin rektoru, professor Ahmet Saniç və
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri
Ənvər Özərən çıxış edərək müzakirə olunan mövzuların
əhəmiyyətini yüksək dəyərləndirmişlər.
Sonda Qafqaz Universitetinin rektoru Ahmet Saniç
iştirakçılara xatirə plaketi təqdim etmişdir.
Yusif ƏLİYEV |