Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
"Müasir təlim metodları və yeni pedaqoji
texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi"
mövzusunda Naxçıvan Müəllimlər İnstitutunda Respublika
konfransı keçirilmişdir.
Konfransın plenar iclasını giriş sözü ilə açan
institutun rektoru, professor Oruc Həsənli qeyd etmişdir
ki, bu gün ulu öndərə ümumxalq sevgisi tükənməzdir.
Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda bu böyük
insanın yubileyi təntənəli şəkildə keçirilir. Bu ondan
irəli gəlir ki, ötən əsrin 90-cı illərində,
ictimai-siyasi sabitliyin pozulduğu o illərdə
Azərbaycanın səriştəsiz rəhbərləri xalqı arxasız,
köməksiz qoyaraq qaçdığı halda, Heydər Əliyev öz
sinəsini sipər edərək xalqın qarşısına çıxdı və ölkəni
məhv olmaqdan qurtardı. O günlərin şahidi, o hadisələrin
iştirakçısı olan insanların qəlbində Heydər Əliyev
sevgisi daha yüksəkdir və bu sevginin gələcək nəsillərə
aşılanması üçün Heydər Əliyev irsinin öyrənilməsi ciddi
surətdə həyata keçirilməlidir.
Bildirilmişdir ki, ulu öndərin həyatımızın digər
sahələri ilə yanaşı təhsilə verdiyi qiymətin, müasir
dünya texnologiyalarının mənimsənilməsi ilə bağlı
verdiyi tövsiyələrin nəticəsidir ki, təhsilmizdə
elmi-texniki tərəqqiyə daha yüksək səviyyədə, hərtərəfli
nail olmaq üçün ardıcıl və ciddi iş aparılır.
Elə bugünkü respublika konfransı da pedaqoji
texnologiyanın təlim-tərbiyə prosesində tətbiqinə həsr
olunmuşdur. Həm də bu ili Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev "İKT ili" elan etmişdir.
Bunu əldə rəhbər tutan institutumuz bir neçə gün bundan
əvvəl Quzey Kıprıs Respublikasının Doğu Ağdəniz
Universiteti ilə birgə "Ağıllı lövhə" proqramını həyata
keçirmişdir.
Plenar iclasda NMİ-nin tədris işləri üzrə prorektoru,
professor Akif İmanlı "Heydər Əliyevin dil siyasəti",
baş müəllim Ələkbər Cabbarlı "Heydər Əliyev və
Naxçıvanda elmin inkişafı", pedaqoji fakültənin dekan
müavini Tahirə Hüseynova, Naxçıvan Dövlət
Universitetinin beynəlxalq münasibətlər və xarici dillər
fakültəsinin dekan müavini, dosent Mirhəsən Eminov
"Qloballaşan dünya və müasir pedaqoji texnologiyalar"
mövzularında çıxış etmişlər.
"Heydər Əliyev və müasir təhsil", "Yeni pedaqoji
texnologiyalarda pedaqogikanın rolu", "Yeni pedaqoji
texnologiyalarda psixologiyanın rolu", "Təhsilin müasir
tələbləri - fənn kurikulumları", "Fənlərin tədrisi
texnologiyaları", "Müasir təhsildə tərbiyə məsələləri"
üzrə altı bölmədə işini davam etdirən konfransda
Azərbaycanın müxtəlif ali və orta təhsil ocaqlarından
iştirak edən orta məktəb müəllimləri və alimlərin 77
məruzə və çıxışları dinlənilmiş və müzakirə edilmişdir.
Naxçıvan Müəllimlər
İnstitutunun
Mətbuat xidməti |