Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamına əsasən 2013-cü ilin "İnformasiya və
kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə
əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Abşeron
rayonunun ümumtəhsil məktəblərində də silsilə
tədbirlər həyata keçirilir.
Bu tədbirlər sırasında diqqəti cəlb edənlərdən biri
məktəblərdə informatika fənnindən "açıq dərs"lərin
keçirilməsidir. Rayon təhsil şöbəsinin metodkabineti bu
baxımdan ümumtəhsil məktəblərində qabaqcıl təcrübənin
öyrənilməsi ilə əlaqədar fənn müəllimlərinin dərslərinin
dinlənilməsinə, müzakirəsinə və təbliğinə geniş yer
ayırır.
Bu günlərdə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə
informatika müəllimi Təranə Məmmədovanın "İnformasiya
buketi" mövzusunda 7P-Pilot sinfində "açıq dərs"i
keçirilmişdir. Müəllim dərsində fəal təlim üsullarından
faydalanmaqla, informasiya texnologiyalarından
istifadənin rolunu öz əməli işində göstərməyə nail
olmuşdur. O, dərsin məqsədini və qiymətləndirmə
meyarlarını şagirdlərə təqdim etdi. Şagirdlərin
fəaliyyəti qruplarla iş şəklində təşkil olunmuşdur.
Qrupların təqdimatı olmuş, onların fəaliyyəti digər
qruplar və müəllim tərəfindən qiymətləndirilmişdir.
Şagirdlər dərsin sonunda "Masaüstü nəşriyyat"
proqramlarından istifadə etməklə, müxtəlif formatlı və
məzmunlu "Buklet"lər hazırlamaq bacarıqlarına
yiyələndiklərini nümayiş etdirmişlər.
Dərsin müzakirəsində 7p-nin sinif rəhbəri Şəhla
Paşayeva, direktor müavinləri Gülüş Rəhimli, Aida
Aslanova, Reyhan Əkbərova, informatika müəllimləri
Gülnaz Ocaqquliyeva və Gülbəniz Babakişiyeva çıxış
edərək müəllimin dərsi yaxşı təşkil etməsini,
peşəkarlığını, İKT-dən bacarıqla və yerində istifadə
etdiyini qeyd etmişlər.
Şagirdlərdən Nəzrin Əliyeva, Fidan Həsənova, Hüseyn
Fərəcullayev, Eldar Qafarov və Göyçək Səfərlinin daxil
olduğu qrup hazırladığı təqdimatla digər qruplardan
fərqlənmişdir. Müəllim fərdi bacarıq nümayiş etdirən
şagirdlərdən isə Kənan Həsənlinin, Fidan Həsənovanın,
Kifayət Dərgahquliyevanın biliyini yüksək
qiymətləndirmişdir.
Xalidə HÜSEYNOVA,
Abşeron Rayon Təhsil Şöbəsinin metodisti |