Mayın
10-da T.İsmayılov adına Bakı şəhər Uşaq-Gənclər
Yaradıcılıq Sarayının "Uşaq Dünyası" rəsm qalereyasında
ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin
şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90
illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və müstəqil
Azərbaycan" mövzusunda respublika rəsm müsabiqəsinin
mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov,
şagirdlər, valideynlər və digər şəxslər iştirak
etmişlər. Qeyd edək ki, müsabiqə 3 yaş qrupu - 6-10,
11-14 və 15-18 yaşlar üzrə rayon, şəhər və respublika
mərhələsi olmaqla 3 mərhələdə keçirilmişdir. Müsabiqənin
respublika mərhələsinə 300-ə yaxın iş təqdim olunmuşdur
ki, həmin işlər münsiflər heyəti tərəfindən I, II, III
və həvəsləndirici yerlərə layiq görülmüş, 190 iş isə
seçilərək sərgidə nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Tərbiyə
və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri
Ağababa İbrahimov iştirakçıları təhsil naziri Mikayıl
Cabbarovun adından salamlayaraq müsabiqənin ulu öndər
Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilən
silsilə tədbirlərdən olduğunu nəzərə çatdırmışdır.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən
söz açan A.İbrahimov ulu öndərin xalqımız qarşısındakı
misilsiz xidmətlərindən söz açmışdır. Bildirilmişdir ki,
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə
uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu
artırmış, hərtərəfli inkişafına nail olmuş,
müstəqilliyini əbədi və dönməz etmişdir. Müsabiqənin
hər bir şagirdin həyatında mühüm rol oynayacağı və
gələcəkdə onların yaradıcılıq potensialının inkişafına
təkan verəcəyi vurğulanmışdır. Qalibləri təbrik edən
A.İbrahimov onlara gələcək həyatlarında uğurlar
arzulamışdır.
Müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III
yerləri tutmuş qaliblər diplom və hədiyyələrlə
mükafatlandırılmışlar. Qaliblərlə xatirə şəkli
çəkilmişdir.
Niyazi RƏHİMOV |