Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Azərbaycanlı müəllimlər Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda iştirak etmişlər

 

9-11 may tarixlərində  Türkiyənin Ankara şəhərində yerləşən Hacəttəpə Universitetində "Müəllimlərin hazırlanmasında yeni istiqamətlər" adlı beynəlxalq  simpozium  keçirilmişdir. Simpoziumda ABŞ, Fransa, Ukrayna, Finlandiya, Yunanıstan, Nigeriya, İsrail, Rusiya, İtaliya, Bolqarıstan, Avstraliya, Qazaxıstan və s. ölkələrin təhsil sahəsində çalışan nazirlik nümayəndələri, ali və orta məktəb müəllimləri, tələbələr iştirak etmişlər.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, respublikanın əməkdar müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2009-cu il), Təhsil Nazirliyi LƏQ məsləhətçisi və Təhsil Problemləri İnstitutunun doktorantı Almaz Həsrət, Respublika İncəsənət Gimnaziyasının ibtidai siniflər üzrə metodisti Təranə Əliyeva təmsil etmişlər.

Azərbaycanın təhsil sistemi və təhsildə gedən inkişaf yönümlü proseslər barədə nümayəndə heyəti geniş diskussiyalara qatılmış, təqdimatlarla çıxış etmişdir.

"İbtidai və orta təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi" mövzusunda geniş məruzə ilə çıxış etmiş Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov həmçinin Azərbaycan təhsil sistemində olan yeniliklər və qarşıda duran əsas vəzifələr barədə də məlumat vermişdir. Ə.Abbasov ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mövcud mərhələləri barədə fikirlərini paylaşmışdır. Natiq təhsil proqramları (kurikulumlar) və ümumilikdə təhsildə gedən inkişafyönümlü proseslər barədə söz açmışdır.

Respublikanın əməkdar müəllimi Almaz Həsrət isə "Pedaqoji prosesdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə informasiya mədəniyyətinin formalaşdırılmasında müəllimin rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

Almaz Həsrət məruzəsində İKT-dən istifadənin şagirdlərdə hansı informasiya mədəniyyətinin formalaşmasına zəmin yaradacağını ayrıca nümunələrlə nümayiş etdirmişdir. O, təlim prosesində İKT-dən istifadə zamanı şagirdlərdə informasiya mədəniyyətinin formalaşmasında  ilk olaraq tədrisi aparan müəllimlərin əsas rol oynadığını bildirmişdir. Azərbaycanda təhsil işçilərinin, müəllimlərin İKT-yə yiyələnməsi yönündə aparılan kursların və bu yöndə həyata keçirilən bir çox işlərin səmərəsi barədə də  məlumat vermişdir. Azərbaycanlı mütəxəssisin www.almazhasret.com ünvanlı şəxsi saytı, həmçinin özünün qurduğu www.biologiya.org ünvanlı fənn saytı ilə bərabər sosial şəbəkələrdəki işləri haqqında bilgiləri iştirakçıların geniş marağına səbəb olmuşdur.

Simpoziumda Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Təranə Əliyevanın "Kurikulum" adlı məruzəsi də maraqla dinlənilmişdir.

Azərbaycanlı müəllimlər simpozium iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.

Üç gün ərzində keçirilən simpoziumun iştirakçıları ölkəmizi təmsil edən mütəxəssislərin çıxışlarını dinlədikdən sonra Azərbaycanda təhsil sahəsində əldə edilən uğurlar, həyata keçirilən islahatlarla daha ətraflı maraqlanmış, ölkəmizin təcrübəsinin öyrənilib tətbiq edilməsinin zəruri olduğunu bildirmişlər.

Onu da əlavə edək ki, bu beynəlxalq tədbirin əsas məqsədi müəllim hazırlığında dünyada önə çıxan ən son təcrübələrin öyrənilməsi, iştirakçılar arasında təcrübə mübadiləsinin təşkili və gələcək işbirliyi üçün təməllərin atılması olmuşdur.  

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov