Artıq yeddinci ildir ki, müasir müstəqil Azərbaycan
dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin
anadan olmasının ildönümü münasibəti ilə məktəblilər
arasında "Heydər Əliyev məktəblilərin gözü ilə"
mövzusunda respublika inşa yazı müsabiqəsi keçirilir.
Ulu öndərin zəngin irsinin məktəblilər tərəfindən
dərindən öyrənilməsinə, onların Heydər Əliyevin mənalı
və şərəfli ömür yolu, çoxcəhətli fəaliyyəti nümunəsində
tərbiyəsinə geniş imkanlar açan müsabiqə bu il bir
özəlliyi ilə fərqlənmişdir. Builki müsabiqə ulu öndərin
90 illik yubileyinə həsr olunmuşdur. Hər il olduğu kimi,
bu il də ilk mərhələdən müsabiqəyə qoşulan minlərlə gənc
- orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri
öz inşa yazılarında ulu öndərə olan hədsiz
məhəbbətlərini səmimi sözlərlə ifadə etmişlər. Ümummilli
lider haqqında səmimi fikirlərin öz əksini tapdığı bu
inşaları oxuduqca adamın ürəyi qürur hissi ilə dolur.
Müsabiqənin yekun-respublika turuna vəsiqə qazanmış
iştirakçıların inşa yazıları Təhsil Nazirliyində təşkil
olunmuş komissiya tərəfindən yoxlanılıb
qiymətləndirilmişdir. Nəticədə 85 nəfər müsabiqənin son
turunun qalibi elan olunmuşdur. Onlardan 8 nəfər I, 7
nəfər II, 16 nəfər III, 54 nəfər isə həvəsləndirici IV
yerə layiq bilinmişdir.
Mayın 4-də "Gülüstan" sarayında qaliblərin
mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim
keçirilmişdir. Mərasimdə qaliblərin adları açıqlanmış və
layiq görüldükləri mükafatlar onlara təqdim olunmuşdur.
Qəzetimizin bu sayında I yerin qaliblərini oxucularımıza
təqdim edirik.
Birinci yerə layiq görüldüyümü eşidəndə qəhər məni boğdu
İlahə
BAĞIROVA,
Bakı şəhəri, akademik Zərifə Əliyeva adına liseyin X
sinif şagirdi
- Mən - Bağırova İlahə Vahid qızı 1996-cı il iyunun
20-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan
olmuşam. İlk təhsilimi Sabunçu rayonu Bakıxanov
qəsəbəsində yerləşən 94 nömrəli tam orta məktəbdə
almışam. 2011-ci ildə müsabiqə yolu ilə akademik Zərifə
Əliyeva adına liseyin IX sinfinə qəbul olunmuşam.
Hazırda liseyin X sinfində oxuyuram.
Oxuduğum müddət ərzində həmişə "yaxşı" və "əla"
qiymətlər almış, təlim müvəffəqiyyətimə və nümunəvi
davranışıma görə tərifnamələrə layiq görülmüşəm.
2012-ci ildə Təhsil Nazirliyi tərəfindən M.Ə.Sabirin 150
illik yubileyi ilə əlaqədar keçirilən inşa yazı
müsabiqəsində iştirak etmiş, respublika üzrə II yerə
layiq görülmüş və diplomla təltif edilmişəm.
"Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda
keçirilən inşanı yazmağa başlayarkən böyük məsuliyyət
hiss edirdim. Ümummilli liderin uğur və nailiyyətlərini,
keçdiyi mənalı həyat yolunu sözlə ifadə etməkdə şagird
qələmi aciz idi. Digər tərəfdən isə qarşımda həm dahi
öndərin tərənnümü, həm liseyin şərəfi, həm də mənə dərs
deyən müəllimlərimin inamı dururdu.
İlk növbədə, görkəmli şəxsiyyətin həyat və
fəaliyyətindən bəhs edən yazıları diqqətlə oxudum,
haqqında çəkilmiş filmlərə baxdım. Aldığım təəssüratlar
inşanı hansı istiqamətdə yazacağımı müəyyənləşdirdi.
Oxuduğum liseyin direktoru Məhəbbət Vəliyeva mayın 4-də
"Gülüstan" sarayına gedəcəyimizi deyəndə əvvəlcə heç nə
anlamadım. Adətən, fəxri qonaqların iştirak etdiyi bu
sarayda inşa müsabiqəsinin qalibi kimi birinci yerə
layiq görüldüyümü eşidəndə məni qəhər boğdu. Sevinc göz
yaşlarının nə olduğunu onda bildim. Deməli, məqsədimə
çata, ulu öndərimizi ona layiq olan söz və ifadələrlə
tərənnüm edə bilmişdim.
Təbii ki, hər bir şagirdin ən böyük arzusu yüksək balla
ali məktəbə qəbul olunmaqdır. Amma mən həm də istərdim
ki, torpağıma, elimə, vətənimə layiq vətəndaş olum.
Mən hüquqşünas olmaq istəyirəm. Ən böyük arzum
insanların hüquq və mənafelərini müdafiə etmək və çətinə
düşənlərə işığın yolunu göstərməkdir.
Birinci olmağım ən xoş xatirə kimi yaddaşımda qalacaq
Leyla
BABAYEVA,
Şuşa rayonu, Quşçular kənd tam orta məktəbinin IX sinif
şagirdi
- Mən - Babayeva Leyla Ehtiram qızı 1998-ci il iyulun
2-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olmuşam.
2004-cü ildə Ağdam rayonu Baharlı kənd tam orta
məktəbinin I sinfinə daxil olmuşam. Hazırda Şuşa rayon
Quşçular kənd tam orta məktəbinin IX sinfində oxuyuram.
Humanitar elmlərə, xüsusən də ədəbiyyata həvəsim var.
İndiyədək bu fənn üzrə keçirilən bir neçə bilik,
yaradıcılıq yarışmasında özümü sınamışam.
2011-ci ildə, VII sinifdə oxuyarkən fənn
olimpiadalarının rayon mərhələsində Azərbaycan dili və
ədəbiyyat fənnindən fərqlənmiş və Şuşa RTŞ-ın fəxri
fərmanı ilə təltif edilmişəm. Həmin ildə Heydər Əliyevin
həyat və fəaliyyəti ilə bağlı keçirilmiş inşa
müsabiqəsində iştirak edərək həvəsləndirici yerə layiq
görülmüşəm. VIII sinifdə oxuyanda da yenidən fənn
olimpiadalarında iştirak etmiş və rayon mərhələsinin
qaliblərindən olmuşam. 2012-ci ildə "Müasir Azərbaycan
Heydər Əliyevin şah əsəridir" mövzusunda inşa yazı
müsabiqəsinin iştirakçısı olmuşam. Müsabiqənin rayon
mərhələsində II yeri tutmuşam. Bu il də Azərbaycan dili
və ədəbiyyat fənnindən keçirilmiş olimpiadada iştirak
etmişəm.
Məktəbdə bizə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevlə bağlı inşa yazmağı tapşırarkən çox
sevindim. Əslində bu çətin, məsuliyyətli iş olsa da mənə
gözəl hisslər yaşatdı. Çünki düşünürdüm ki, hər bir
məktəbli müstəqil Azərbaycanın banisi haqqında
bilməlidir.
Bu il "Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda
inşa yazı müsabiqəsinin ilkin mərhələsində bildiyimə
görə, 300 mindən çox şagird iştirak etmişdir. Bu onu
göstərir ki, Azərbaycan gəncləri ulu öndərimizi çox
sevir və hər bir məktəbli ümummilli liderimizi tanımağa
çalışır. Mən də bir məktəbli kimi ulu öndərimiz haqqında
səmimi fikirlərimi yazmağı özümə borc bildim.
Mayın 4-də "Gülüstan" sarayında müsabiqənin qalibləri
elan olundu. Qalib olduğumu eşidərkən çox sevindim.
Təqdimat zamanı təhsil nazirimiz cənab Mikayıl Cabbarov
mənə diplom, hədiyyə təqdim etdi. Bu, həyatım boyu
keçirdiyim ən xoş anlarım idi. Odur ki, cənab nazirə bu
xoş anları mənə yaşatdığı üçün ürəkdən minnətdaram.
Mən bu uğuruma görə valideynlərimə, müəllimlərimə və
Şuşa Rayon Təhsil Şöbəsinin rəhbərliyinə dərindən
minnətdaram.
Ümummilli liderimizin həyat və fəaliyyəti ilə bağlı
inşa müsabiqəsinə qatılaraq respublika qalibi olmağım
həyatımın ən uğurlu anı kimi yadımda qalacaqdır.
Həmin gün sevincimin həddi-hüdudu yox idi
Nicat
SƏMƏDOV,
Bakı şəhəri, Abil Səfərov adına 114 nömrəli tam orta
məktəbin VIII sinif şagirdi
- Mən - Səmədov Nicat Natiq oğlu 1999-cu ildə Bakı
şəhərində anadan olmuşam. 2005-ci ildə Suraxanı
rayonundakı A.Səfərov adına 114 nömrəli tam orta
məktəbin I sinfinə daxil olmuşam, hazırda həmin məktəbin
VIII sinfində təhsil alıram.
Təhsildə ilk uğurum IV sinifdə olmuşdur. 2008-2009-cu
tədris ilini uğurla bitirdiyimə görə məktəb
müdiriyyəti tərəfindən fəxri fərmanla təltif
olunmuşam. 2011-ci ildə "Mənim bayrağım" mövzusunda
Suraxanı rayon orta məktəb şagirdləri arasında
keçirilən inşa yazı müsabiqəsində II yerə layiq
görülmüşəm. 2012-ci ildə 31 mart - Azərbaycanlıların
soyqırımı gününə həsr olunmuş inşa yazı müsabiqəsində
fərqlənmişəm. 2012-ci ildə məktəblilərin fənn
olimpiadasının rayon mərhələsində Azərbaycan tarixi
fənni üzrə I yerə layiq görülmüşəm. 2012-ci ildə
"Azərpoçt" MMC tərəfindən keçirilən inşa müsabiqəsində
II yeri tutduğuma görə diplom və qiymətli
hədiyyələrlə təltif olunmuşam. 2012-ci ildə 28 may
"Respublika günü" münasibəti ilə Azərbaycan
Respublikasının Dövlət himninin sözlərindən ibarət bədii
qiraət, "Heydər Əliyev və müstəqil Azərbaycan"
mövzusunda keçirilmiş inşa yazı müsabiqələrində
fərqlənmişəm. 2013-cü ildə "Beynəlxalq ana dili günü"nə
həsr olunmuş inşa yazı müsabiqəsində I yerə layiq
görülmüşəm. 2013-cü ildə Bakı Slavyan Universitetində
"Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları
işığında" Şagird-Tələbə Elmi Konfransında II yerə
layiq görülmüş, fəxri fərman və sertifikatla təltif
edilmişəm. Nəhayət, həyatımda silinməz iz qoyan tarix
2013-cü ildə gerçəkləşdi. Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsində I
dərəcəli diplomla təltif olundum və qiymətli
hədiyyələrlə mükafatlandırıldım.
Ümummilli lider Heydər Əlirza oğlu Əliyevdən yazmaq çox
çətindir, lakin çətin olduğu qədər də şərəflidir. Bu
inşa üzərində çox çalışırdım. Arzu edirdim ki, mən də
qaliblər siyahısında olum. Arzuma çatdım.
Mükafatlandırma mərasimi "Gülüstan" sarayında
keçirildi. İnanın, həmin gün sevincimin həddi-hüdudu yox
idi. Bəlkə də həyatımda bu qədər sevinməmişdim. Nazir
Mikayıl Cabbarov bütün qalibləri təbrik etdi. Mən də
qaliblər sırasında idim. I dərəcəli diplom və qiymətli
hədiyyələrlə təltif olundum. Kitabda şəklimi və inşa
yazımı görəndə yerimdəcə bir anlıq dondum. İstərdim ki,
bütün şagirdlərə mənim yaşadığım həyəcan və sevinc nəsib
olsun.
Arzularım tükənməzdir. Ən böyük arzularımdan biri orta
məktəbi qızıl medalla bitirmək və ali məktəbə qəbul
olmaqdır.
Ürəyimdə qalib olacağıma inanırdım
Aydan
NAĞIYEVA,
Bakı şəhəri, N.İsmayılov adına 80 nömrəli tam orta
məktəbin IX sinif şagirdi
- 1997-ci il iyulun 5-də Bakıda doğulmuşam. 3 yaşında
ikən Bakıxanov qəsəbəsindəki 133 nömrəli bağçaya
getmişəm. 2004-cü ildə Sabunçu rayonundakı N.İsmayılov
adına 80 nömrəli məktəbin birinci sinfinə qəbul
olunmuşam. Hazırda həmin məktəbin IX sinfində oxuyuram.
Elmə, biliyə marağı məndə, ilk növbədə, anam oyadıb.
Məktəbə qədəm qoyduğum gündən məqsədim "əla" qiymətlərlə
oxumaq, əlaçı olmaq idi. İbtidai sinif müəllimim Xatirə
Bağıyeva bu istəyimi daha da qüvvətləndirdi.
İbtidai sinfi "əla" qiymətlərlə bitirmişəm. Beşinci
sinifdən başlayaraq Azərbaycan dili və ədəbiyyat
fənlərinə marağım çox artdı. Bunun ən böyük səbəbi anam
Rasimə Nağıyevanin həm Azərbaycan dili və ədəbiyyat
müəllimim, həm də sinif rəhbərim olması idi. Bəzən
deyirlər ki, ananın öz övladına dərs deməsi səmərəli
olmur. Bacım Günellə mən bunun tam əksini gördük. Anamın
dərslərində daha çox məsuliyyət hiss edir, Azərbaycan
dili və ədəbiyyat fənlərini hamıdan yaxşı öyrənməyə
çalışırıq.
Yəqin elə bunun nəticəsi idi ki, V sinifdə oxuyarkən "Bilik
yarışması"nda məktəb turunun, VIII sinifdə isə rayon
turunun birincisi oldum.
Amma ən böyük arzum ulu öndərin xatirəsinə həsr olunmuş
inşa müsabiqəsində iştirak etmək idi. Ötən il
məktəbimizin direktoru Əlislam Abasquliyev etimad
göstərərək məni Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü
münasibətilə keçirilmiş müsabiqəyə göndərdi. Həmin il
müsabiqənin diplomuna layiq görüldüm.
Bu il isə məqsədim yalnız və yalnız qalib olmaq idi.
Müsabiqəyə hazırlaşarkən anamdan kömək istədim. Ulu
öndər haqqında öyrəndiklərim, anamın söhbətləri məni
belə bir yazını yazmağa həvəsləndirdi.
Nə qədər həyəcan keçirsəm də ürəyimdə qalib olacağıma
inanırdım. Amma yenə də müsabiqənin nəticələrini
inanılmaz həyəcan və səbirsizliklə gözləyirdim.
Nəhayət, məktəbimizə zəng vurub dedilər ki, mən
birincilər sırasına düşmüşəm. Nə qədər sevindiyimi sözlə
ifadə edə bilmirəm.Təkcə onu deyə bilərəm ki, indiyədək
bu qədər böyük sevinc yaşamamışam.
Bu qeyri-adi böyük sevinci mayın 4-də "Gülüstan"
sarayındakı təqdimat mərasimi bir az da artırdı. Çox xoş
oldu ki, mənə mükafatı təhsil naziri cənab Mikayıl
Cabbarov özü təqdim etdi. Həmin anlarda yaşadıqlarım,
yəqin ki, bir ömür bəs edəcək. O qədər fərəhlənirdim ki...
Bu il, hər şeydən öncə, buraxılış imtahanlarını
müvəffəqiyyətlə verməli, oxuduğum 4 nömrəli musiqi
məktəbini bitirməliyəm. Arzum hüquqşünas olmaq, ulu
öndərin qurduğu dövlətin qanunlarının keşiyində
dayanmaqdır.
Ulu öndərimizə sevgini mənə müəllimim aşılamışdır
Fəridə
QULUZADƏ,
Şirvan şəhəri, T.Bağırov adına 11 nömrəli tam orta
məktəbin IX sinif şagirdi
- Mən - Fəridə Bəhruz qızı Quluzadə 1998-ci il
sentyabrın 1-də Şirvan şəhərində anadan olmuşam.
Həyatımın məktəbəqədər dövrü 1 nömrəli "Qızılgül" uşaq
bağçasında keçmişdir. 2004-cü ildə Şirvan şəhər
T.Bağırov adına 11 nömrəli tam orta məktəbin 1-ci
sinfinə daxil olmuşam. Hazırda IX sinifdə oxuyuram.
Gündəlik dərslərimdə yalnız "əla" qiymətlər almışam.
Müsabiqələrdə, olimpiadalarda iştirak etmişəm. Məktəb və
şəhər birinciliyini qazanmışam. Şahmat yarışlarında
iştirak etmiş və III yerin qalibi olmuşam. Musiqi
məktəbinin fortepiano şöbəsini "əla" qiymətlərlə
bitirmişəm.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümünə həsr olunmuş "Gözəl Vətən, mənan dərin" ədəbi-bədii
gecəsində fəal iştirakıma görə fəxri fərmanla təltif
olunmuşam. 2013-cü ildə Şirvan şəhərində keçirilən inşa
müsabiqəsində yer tutdum. Ən böyük uğurum isə 2013-cü il
6 aprel tarixində Bakı şəhərində keçirilən "Heydər
Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsində
respublika birinciliyini qazanmağım oldu.
Ulu öndər haqqında inşa yazmaq məni duyğulandırır, həm
də qəlbim iftixar hissi ilə dolurdu. Yekun müsabiqəni
böyük həyəcanla gözləyirdim. Hətta inşanı yazacağım
qələmi də xüsusi qayğıyla əzizləyirdim.
Müsabiqə aprelin 6-da Bakıda, akademik Zərifə Əliyeva
adına liseyin binasında keçirildi. Bir müddətdən sonra
nəticələr elan olundu. I yerə layiq görülmüş 8 nəfərdən
biri mən idim. İnana bilmirdim. Əvvəlcə həvəsləndirici
yerə layiq görülənlərin adı oxundu. Sevincdən göz
yaşlarım gözlərimdə donmuşdu, ayaqlarım sanki sözümə
baxmırdı, tez bir zamanda səhnəyə qalxmaq, "Mən 8
nəfərdən biriyəm" demək istəyirdim. Nəhayət, I yerə
layiq görülənlərin adları sadalandı... Quluzadə Fəridə
Bəhruz qızı. Keçirdiyim hissləri, təəssüratları sözlə
ifadə etmək çətindir. Bu hissləri bütün həmyaşıdlarıma
arzu edirəm.
Bu sevinci mənə yaşadan müəllimim Güllü Rzayevaya dərin
minnətdarlığımı bildirirəm. Ulu öndərə olan bu sevgimi o
mənə aşılamışdır. Şirvan Şəhər İcra Hakimiyyətinin
başçısı Mərdan Camalovla görüşümüz zamanı uğurlarımı
gələcək təhsilimdə daha da artıracağıma söz vermişəm.
Arzum təbabətə yeniliklər gətirən göz həkimi olmaqdır
Vüqar
XƏLİLLİ,
Sumqayıt şəhəri, 24 nömrəli tam orta məktəbin IX sinif
şagirdi
- Mən - Xəlilli Vüqar Nemət oğlu 1998-ci ildə Sumqayıt
şəhərində anadan olmuşam. İlk təhsilimə Sumqayıt şəhər
21 nömrəli tam orta məktəbdə başlamışam, V sinifdən
təhsilimi 24 nömrəli tam orta məktəbdə davam etdirmişəm.
Hazırda IX sinif şagirdiyəm.
Oxuduğum müddətdə bir çox təhsil uğurları əldə etmişəm.
Belə ki, hələ III-IV siniflərdə oxuyarkən kompüterin
sirlərini öyrənməyə çalışmış, ondan müstəqil istifadə
etmək bacarığı əldə edərək "Gənc informatiklər"
müsabiqəsində iştirak etmişəm.
Bütün fənlərə marağım var, ancaq dəqiq fənlərə isə daha
çox üstünlük verirəm. Oxuduğum 9 il müddətində hər ili
təhsil uğuruna görə fəxri fərmanla mükafatlandırılmışam.
ABA Celli - "Canlı hüquq" proqramında "A" dərəcəli
diplom almışam. "Tullantıların ikinci həyatı" adlı
layihə çərçivəsində keçirilmiş müsabiqədə II yeri
tutaraq ARDNŞ-ın diplomunu qazanmışam. "Sabahın alimləri"
II Respublika müsabiqəsinin iştirakçısı olmuşam.
"Azərpoçt" MMC tərəfindən keçirilən inşa müsabiqəsində
II yeri tutaraq II dərəcəli diploma layiq görülmüşəm.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90
illiyinə həsr olunmuş 7-ci İNEPO olimpiadasında iştirak
edərək II yeri tutmuş və gümüş medal əldə etmişəm.
Ən böyük uğurum isə ümummilli liderin 90 illik
yubileyinə həsr edilmiş inşa müsabiqəsində I yerə layiq
görülməyim olmuşdur.
Mən Heydər Əliyev haqqında nənəmdən, babamdan çox
eşitmişəm.
İnşamı yazanda çox arzulayırdım ki, I yeri tutum və mənə
elə gəlirdi ki, bu mövzuda hamı kimi mən də çox bilirəm.
Amma həyəcan da keçirirdim. İnşam I yerə layiq görüləndə
sanki bütün yaşıdlarıma bunu demək istəyirdim,
sevindiyimdən gözlərim doldu. Bütün qohumlarımıza xəbər
verdim, hətta xaricdə yaşayanlara belə...
Möhtəşəm "Gülüstan" sarayında mükafatlandırma mərasimi
həyatım boyu yadımdan çıxmayacaq. Sevindiyimdən əllərim
titrəyirdi, mənə bağışlanan hədiyyələri əlim tutmurdu.
Fikirləşirdim ki, bu dahi şəxsiyyət mən və mənim kimi
yüzlərin, minlərin beyninə əbədilik həkk olunmuşdur.
Gələcəkdə Zərifə xanım Əliyevanın davamçısı kimi, öz
ixtiraları ilə tibbə yeniliklər gətirəcək göz həkimi
olmaq arzusundayam.
İnşamı ulu öndərimizə sonsuz sevgi ilə qələmə almışam
Nərmin
ƏFƏNDİZADƏ,
Təhsil Nazirliyi "Tərəqqi" texniki-humanitar liseyinin
IX sinif şagirdi
- Mən - Əfəndizadə Nərmin Davud qızı 1999-cu ildə Bakı
şəhərində anadan olmuşam. 2004-cü ildə "Tərəqqi" texniki-humanitar
liseyinin I sinfinə qəbul olunmuşam. Hazırda IX sinif
şagirdiyəm.
Hələ kiçik yaşlarımdan nənəmin söylədiyi şirin nağıllar,
dastanlar, lətifələr, bayatılar məndə ədəbiyyata böyük
maraq oyatmışdı. Məktəbdə oxuyub-öyrəndiyim hekayələr,
şeirlər həvəsimi daha da artırmışdır. Nəticədə özümdə
bədii yaradıcılıqla məşğul olmağa ehtiyac duydum və
kiçik hekayələr yazmağa başladım. Yazılarımın ilk
oxucusu ədəbiyyat müəllimim olmuşdur. O mənə faydalı
məsləhətlər vermiş və özümə inamımı artırmışdır.
2011-ci ildə "Liza Bleskin həyatı" adlı hekayəm mənim
ilk uğurum olmuşdur.
Artıq iki ildir ki, Azərbaycan dili və ədəbiyyat fənni
üzrə olimpiadada iştirak edirəm. Həm keçən il, həm də
bu il olimpiadanın respublika mərhələsində II yerə layiq
görülmüşəm.
Ulu öndərimiz, bütün uşaqların sevimlisi olan Heydər
Əliyevin 90 illiyinə həsr olunmuş inşa müsabiqəsinin
keçiriləcəyini öyrəndikdə mən də böyük həvəslə bu yarışa
qatıldım. Keçən il də bu müsabiqədə iştirak etmiş və
həvəsləndirici mükafata layiq görülmüşdüm. Bu il yarışa
daha səylə hazırlaşdım. Kitabxanalara gedib ulu
öndərimizə aid şeirləri, poemaları, hikmətli sözləri,
yazıları oxudum, İnternetdən məlumatlar topladım, onun
haqqında xatirələrlə maraqlandım, televiziya
verilişlərini izlədim. Sonra Fəxri xiyabana gedib Heydər
babamızın qəbrini ziyarət etdim. Sanki ondan xeyir-dua
aldım. Dahi öndərimiz haqqında zəngin təəssüratımı ona
olan sonsuz sevgimə qatıb ürəyimi boşaltdım, şagird
ömrümün ən maraqlı inşasını yazdım.
Nəhayət o gün gəlib çatdı. Möhtəşəm sarayda toplantı
başlandı. Mənə elə gəlirdi ki, həyatımın ən böyük, ən
çətin imtahanındayam. Eyni zamanda düşünürdüm ki, bu
qədər məsul şəxsin biz şagirdlərin inşa müsabiqəsinin
yekununda iştirakı məhz Heydər Əliyevin təməlini qoyduğu
azad dövlətimizin gənc nəslə qayğısının nəticəsi,
davamıdır. Mən adımı birincilər sırasında eşidəndə çox
həyəcanlandım, özümü uca zirvələr fəth etmiş qəhrəman
kimi hiss etdim. Axı, mənim kimi dahi rəhbərimizə
sevgisini bildirməyə çalışan yüzlərlə şagirdin
içərisindən seçilmişdim! "Heydər Əliyev məktəblilərin
gözü ilə" kitabında şəklimin və inşa yazımın çap
olunması isə ən böyük hədiyyəm oldu. Bizə belə sevincli
anlar yaşatdığına, təhsilimizdə hər cür uğurlar
qazandığımıza imkan yaratdığına görə dövlətimizə, Təhsil
Nazirliyimizə sonsuz minnətdarlığımı bildirirəm. Mənə
bilik verən, mənə arxa olan müəllimlərimə təşəkkür
edirəm.
Arzularım çoxdur. Gələcəkdə Bakı Dövlət Universitetinin
beynəlxalq hüquq fakültəsinə daxil olmaq, ulu öndərimiz
kimi tanınmış siyasi xadim olmaq istəyirəm.
Bu
sınaqdan alnıaçıq, üzüağ çıxdım
Bətulə
HÜSEYNZADƏ,
Cəlilabad şəhəri, akademik Zərifə Əliyeva adına 7
nömrəli tam orta məktəbin XI sinif şagirdi
- Mən - Hüseynzadə Bətulə Sabir qızı 1995-ci ildə
Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşam.
Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli
tam orta məktəbin XI "b" sinfində təhsil alıram.
Məktəbin ictimai-siyasi işlərində yaxından iştirak
etməklə yanaşı, dərslərimdən "4" - "5" qiymətlər alıram.
Dəfələrlə şeir, inşa, qrammatika və bədii qiraət
müsabiqələrində I yeri tutmuşam. Ən böyük təhsil uğurum
isə 2011-2012-ci dərs ilində respublika fənn
olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənnindən
III yeri tutmağım olub.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı keçirilən inşa müsabiqəsində qazandığım uğur isə
onların birincisidir və həmişə xatirimdə qalacaq.
Respublika inşa müsabiqəsində iştirak etmək hüququ
qazananda, düzü, həm sevindim, həm də həyəcanlandım.
Qərara aldım ki, Azərbaycanın dövlət müstəqilliyinin bu
günündən duyduğum və keçirdiyim sevinc və qürur
hisslərini ulu öndərin ruhuna məktub şəklində ünvanlayım.
Yazdığım fikirlər tarixi reallıqdır və həmyaşıdlarımın
ürəyindən keçən hisslərdir.
"Mən bu kiçik inşa-essemi ad gününüzdə Sizin heç vaxt
ölməyən ruhunuza müraciətlə yazıram. Varlığından
xəbərsiz olduğunuz və heç vaxt Sizə çatmayacaq
məktublarımı keçmiş günlərin, ayların, illərin tarixi
salnaməsi kimi həmişə qoruyub saxlayacağam".
Bakının gözəlliyi məni valeh etdi. Doğrudan da, Bakı
nağıllar şəhəridir. "Gülüstan" sarayında ilk dəfə
olmağım da böyük marağıma səbəb oldu. Minlərlə şagird
arasından seçilərək I yeri tutmaq, fərqlənmək, doğrudan
da böyük uğurdur. Bu həm də mənim həyatda ilk ciddi
sınağım idi. Bu sınaqdan alnıaçıq, üzüağ çıxdım.
Sevinirəm ki, müəllimlərimin və valideynlərimin mənə
bəslədiyi ümidi doğrulda bildim.
Qarşıdan məni buraxılış imtahanları gözləyir. Arzum
gələcəkdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqdır.
Hesab edirəm ki, millətimizin, xalqımızın adına layiqli
övlad olmaq üçün mükəmməl ali təhsil almaq, sənətin,
peşənin əsgəri olmaq lazımdır. Fikrimi ulu öndər Heydər
Əliyevin bir müdrik kəlamı ilə tamamlamaq istəyirəm: "Gələcək
bilikli, elmli insanların çiyni üstündə qurulacaqdır".
Hazırladılar: Y.ƏLİYEV, Ş.CƏFƏROV, R.ZİYADOV |