GORANBOY:
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində -
mayın 7-də Goranboyun Faxralı kəndində 480 yerlik yeni
məktəb binası istifadəyə verilmişdir. Rayon təhsil
şöbəsinin müdiri İlham Hüseynovdan aldığımız məlumatda
bildirilir ki, açılış mərasimində çıxış edən Goranboy
Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev
yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə
rayon ictimaiyyətini təbrik etmişdir. O, ümummilli
lider Heydər Əliyevin Vətənə və xalqa göstərdiyi
misilsiz xidmətlərindən danışmışdır.
Rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış
keçirilmişdir. Mərasim iştirakçıları burada yaradılmış
fənn laboratoriyalarına, kompüter otaqlarına,
kitabxanaya, idman zalına baxmış, yaradılan bütün bu
şəraitin tədrisin keyfiyyətinə müsbət təsir
göstərəcəyinə əminlik ifadə etmişlər. Qeyd edək ki, yeni
dərs ilinə qədər rayonun daha 5 kəndində yeni təhsil
ocaqları istifadəyə veriləcəkdir. Hazırda həmin məktəb
binalarında son tamamlama işləri görülür.
GÖYÇAY:
Göyçay rayonunun Şəkili və Ulaşlı - Şıxlı kəndlərində
yeni inşa olunmuş məktəb binaları istifadəyə
verilmişdir. Bu münasibətlə mayın 10-da açılış mərasimi
keçirilmişdir. Rayon təhsil şöbəsinin müdiri Asif
Nəbiyevdən aldığımız məlumata görə, mərasimdə Göyçay
Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış
edərək dövlət başçısı İlham Əliyevin təhsilə qayğısından
bəhs etmiş, ölkəmizdə gənclərin mükəmməl təhsil alması,
eləcə də bölgələrdə yeni məktəblərin inşa edilməsi
sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
Qeyd edilmişdir ki, son illər Göyçay rayonunda orta
məktəblər üçün yeni binaların inşası, eləcə də məktəb
binalarının əsaslı təmiri, maddi-texniki bazanın
gücləndirilməsi geniş vüsət almışdır. Müəllim və
şagirdlərin istifadəsinə verilən 220 yerlik Ulaşlı-Şıxlı
kənd tam orta və 80 yerlik Şəkili kənd ümumi
məktəblərinin inşası regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq həyata
keçirilmişdir. Hər iki məktəb binası istilik sistemi
ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri,
laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar
müasir standartlara uyğun səviyyədə qurulmuşdur.
Məlumat verilmişdir ki, hazırda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə şahmat məktəbinin əsaslı təmiri və rayon
icra hakimiyyətinin sifarişi ilə Göyçay şəhər 1 nömrəli
uşaq bağçası üçün 40 yerlik yeni binanın tikintisi
sürətlə davam etdirilir. Müskünlü kənd ümumi orta,
Qəbələ müskünlü ibtidai və Alıkənd ibtidai məktəblərinin
tikintisinə başlanmışdır. Bu məktəblərin ilin sonuna
kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Mərasimdə çıxış edənlər yeni təhsil ocaqlarının açılışı
münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara
təhsildə uğurlar arzulamışlar. Sonra mərasim
iştirakçıları yeni məktəb binalarında yaradılmış
şəraitlə tanış olmuşlar.
Rəşad ZİYADOV |