Mayın
10-da Lənkəran Dövlət Universitetində (LDU) ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
edilmiş "Müasir elmin aktual problemləri" mövzusunda
respublika elmi konfransı keçirilmişdir. Tədbir
iştirakçıları konfransdan əvvəl ümummilli lider Heydər
Əliyevin büstünün önünə gül-çiçək dəstələri düzmüşlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran
Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm
Mərkəzinin birgə keçirdiyi konfransı universitetin
rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm
xadimi, professor Asəf İsgəndərov açaraq iştirakçılara
konfransın məqsəd və vəzifələrindən danışmış, onun işinə
uğurlar arzulamışdır.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyəti haqqında film nümayiş olunmuşdur.
Plenar iclasda professor Asəf İsgəndərov "Heydər Əliyev
siyasətinin uğurlu davamı" mövzusunda məruzə edərək
Lənkəran Dövlət Universitetinin ümummilli lider Heydər
Əliyevin həmişə diqqət mərkəzində olduğunu bildirmişdir.
Ulu öndər Heydər Əliyevin "Lənkəran Dövlət Universiteti
təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük
mədəniyyət mərkəzidir" sözlərini rəhbər tutan
universitetin kollektivi uğurlarını ildən-ilə artırır.
Universitetdə gənc nəslin vətənə məhəbbət, Azərbaycan
xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və
rəmzlərinə hörmət ruhunda, peşəkar mütəxəssis və
vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində
ardıcıl, məqsədyönlü işlər həyata keçirilir.
Məruzəçi
daha sonra bildirmişdir ki, bu gün Azərbaycanın yüksək
siyasi nüfuzu, beynəlxalq miqyasda özünə layiqli yer
tutması ümummilli lider Heydər Əliyev siyasətinin
nəticəsidir. Azərbaycanın sosial inkişafına, tərəqqiyə,
sabitliyə və yüksəlişə xidmət edən strateji siyasi kurs
dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Məruzədə Heydər Əliyevin dövlət quruculuğuna, siyasi,
iqtisadi, sosial və elmi-mədəni sahələrin inkişafına
dair işləyib hazırladığı strategiyanın bəzi məqamlarına
toxunan rektor bildirmişdir ki, Azərbaycan elmi və
təhsili özünün zəngin mütərəqqi ənənələrinə, mənəvi və
ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq
daha da inkişaf etmişdir.
Çıxışlarda qeyd edilmişdir ki, universitetdə 20
istiqamət üzrə elmi tədqiqatlar aparılır. Müasir
tələblərə cavab verən tədris korpusu yenidən qurulmaqla
maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmişdir.
Universitetdə Heydər Əliyev Muzeyi və İdarəçilik Məktəbi
fəaliyyət göstərir.
Universitet dünyanın 100-dən çox elm və təhsil ocağı ilə
əməkdaşlıq edir. LDU Xəzəryanı Ölkələri Universitetləri
Assosiasiyasının və Avrasiya Universitetləri
Assosiasiyasının üzvüdür. Fransanın Mark Blok adına
Strasburq Universiteti, Rusiya Federasiyasının
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ukrayna,
Almaniya, Moldova, Türkiyə, İran İslam Respublikası və
dünyanın digər ölkələrinin ali məktəbləri ilə
tələbə-müəllim və elmi tədqiqatlar mübadiləsinə dair
əməkdaşlıq edir.
Konfrans "Təbiət elmləri", "Humanitar elmlər",
"İqtisadiyyat və idarəetmə" elmləri bölmələrində davam
etdirilmişdir.
Bölmələrdə müxtəlif mövzularda 170-dən çox məruzə
dinlənilmişdir.
Konfransda ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyinə həsr edilmiş ən yaxşı yazı
müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqənin qalibləri
mükafatlandırılmışlar. Qaliblər adından çıxış edən
tələbələr Aytən Ağazadə, Ülviyyə Məmmədli, Aysel
Rzayeva, Lalə Babayeva və Leyla Mirzəcanzadə Heydər
Əliyev ideyalarına həmişə sadiq qalacaqlarını
bildirmişlər.
Sonra universitetin bədii özfəaliyyət kollektivi
ümummilli lider Heydər Əliyevə həsr edilmiş maraqlı
konsert proqramı ilə çıxış etmişdir.
İki gün davam edən respublika elmi konfransında ölkənin
müxtəlif ali məktəblərinin, qonşu rayonların elm, təhsil
müəssisələrinin və Lənkəran ictimaiyyətinin
nümayəndələri iştirak etmişlər.
LDU-nun Mətbuat və informasiya xidməti |