Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

NDU-da dövlət imtahanları elektron test üsulu ilə keçiriləcək

 

Naxçıvan Dövlət Universitetində dövlət imtahanlarının elektron test üsulu ilə keçirilməsinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilmişdir. Tədbiri universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda 18 oktyabr 2012-ci il tarixində keçirilmiş müşavirədə qəbul edilən tədbirlər planının IV və VIII müddəalarına müvafiq olaraq NDU-da elektron təhsilin təşkili ilə bağlı layihənin həyata keçirilməsindən danışmışdır. Çıxışda elektron təhsilin həyata keçirilməsi, tədrisdə müasir informasiya texnologiyalarından istifadə, dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq  baxımından imtahanların elektron test üsulu ilə keçirilməsinin əhəmiyyətindən, universitetdə bu sahədə qazanılan təcrübədən bəhs olunmuşdur. Bu il dövlət imtahanlarının da elektron test üsulu ilə keçiriləcəyi, imtahan suallarının ixtisaslara uyğun kafedralarda tərtib olunub əvvəlcədən universitetin rəsmi İnternet səhifəsində yerləşdirilməsi barədə məlumat verilmişdir. Tədris işləri üzrə prorektor, dosent Seyid Surə dövlət imtahanlarının tam obyektiv və şəffaf keçiriləcəyini bildirmiş, ali təhsil diplomu  almaq üçün dövlət imtahanlarının müvəffəqiyyətlə verilməsinin zəruriliyini vurğulayaraq tələbələrə uğurlar arzulamışdır.   Universitetin Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov dövlət imtahanlarının elektron test üsulu ilə keçirilməsi ilə bağlı iki aya yaxın aparılan hazırlıq prosesindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, bu il 30 ixtisas üzrə 168 tələbə elektron test üsulu ilə dövlət imtahanı verəcəkdir.

Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov dövlət  imtahanlarının elektron test üsulu ilə keçirilməsi üçün universitetdə hazırlanan və semestr imtahanlarında uğurla tətbiq olunan bir sıra üstünlüklərə malik proqram təminatı, imtahan gedişində onun imkanlarından istifadə barədə tələbələri məlumatlandırmışdır.

İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev universitetin rəsmi İnternet səhifəsində dövlət imtahanlarının sualları, imtahanların keçirilməsi barədə məlumatların yerləşdirilməsindən danışmışdır.

Sonda tələbələrin sualları cavablandırılmışdır.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov