Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılan
struktur dəyişiklikləri ilə bağlı olaraq yaradılan və
funksiyalarına Nazirliyə daxil olmuş müraciətlər
əsasında araşdırmaların aparılması həvalə edilmiş Daxili
nəzarət şöbəsi tərəfindən hazırda bir sıra şikayətlər
nəzərdən keçirilir.
Aparılmış daxili araşdırmalar nəticəsində aşağıdakı
faktlar aşkarlanmış və müvafiq tədbirlər görülmüşdür:
Vətəndaş M.Kazımovun müraciəti əsasında aparılan
araşdırma zamanı şagirdlərin 1-ci sinfə qəbulu ilə bağlı
prosedur qaydalarının kobud pozuntusuna görə Suraxanı
rayonunda yerləşən 270 nömrəli məktəbin direktoru Talıb
Rəhimov vəzifəsindən azad olunmuşdur.
Vətəndaş N.Eyvazlının müraciəti əsasında daxili işlər
orqanlarına arayışın təqdim edilməsi ilə bağlı
qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş
Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və
Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənlərin işi
üzrə Şura Katibliyinin bir əməkdaşı tutduqları vəzifədən
azad olunmuşlar.
Vətəndaş A.Ağabəyovun müraciəti əsasında aparılmış
araşdırma zamanı qulluq mövqeyindən sui-istifadə edərək
tədrisdə yaranmış müvəffəqiyyətsizliklərin aradan
qaldırılması üçün tələbələrə qeyri-qanuni yolla kömək
göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar
Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu
vəzifədən azad olunmuş, həmin kollecin direktoru və
direktor müavini aşağı vəzifəyə keçirilmişlər.
Təhsil sistemi ölkənin sosial və iqtisadi inkişafının
mühüm elementlərindən biridir. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin fəaliyyəti ölkə vətəndaşlarının
təhsil alma hüquqlarının təmin edilməsinə yönəlmişdir.
Təhsil Nazirliyinin əsas funksiyalarından biri təhsilin
keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və
vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya
hüquqlarının qorunması məqsədilə təhsildə bərabər
imkanların yaradılmasına nail olmaqdır. Bu baxımdan
Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata
keçirilməsində sistemli yanaşmanı təmin edəcəkdir.
|