Azərbaycan Respublikasının Təhsil Nazirliyinin
aparatında struktur dəyişiklikləri aparılmışdır
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin
fəaliyyətinin səmərəliliyinin artırılması, idarəetmənin
təkmilləşdirilməsi məqsədilə Nazirliyin aparatında
struktur dəyişiklikləri aparılmışdır.
Belə ki, Təhsil Nazirliyinin aparatının struktur
bölgüsünün səmərəlilik və funksionallıq prinsipləri
əsasında müəyyənləşdirilməsi, bölmələrin fəaliyyətində
paralelliyin aradan qaldırılması və bununla bağlı
idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Nazirliyin
aparatının Akkreditasiya şöbəsi və Monitorinq və
qiymətləndirmə şöbəsi ləğv edilərək, əvəzində
Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət
şöbəsi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul
tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"nın müddəalarının icrası ilə
əlaqədar, Nazirlikdə daxili nəzarət sisteminin
yaradılması, təhsil sahəsində korrupsiya halları ilə
mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə
daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin
görülməsi, habelə struktur bölmələrin tabeçiliyinin
düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın
təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi
yaradılmış və "Qaynar xətt" xidməti həmin şöbənin
tabeliyinə verilmişdir.
Ölkəmizin müasir tələblərə cavab verən kadrlara olan
ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın
aparıcı ölkələrində təhsil almaq imkanlarının
genişləndirilməsi, xarici ölkələrlə tələbə mübadiləsi
prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin
artırılması, habelə təhsil sahəsində dövlətlərarası,
regional və beynəlxalq inkişaf proqramlarının həyata
keçirilməsini təmin etmək məqsədi ilə Tələbə mübadiləsi
və təhsilin inkişafı proqramları şöbəsi yaradılmış,
Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru
Beynəlxalq əlaqələr şöbəsinin tərkibindən çıxarılaraq,
adıçəkilən şöbənin tərkibinə verilmişdir. |