| 
								
						
						 Prezident 
						İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət 
						etmişdir 
						
						Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və 
						qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu 
						və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 
						90-cı ildönümü günüdür. Artıq onuncu ildir ki, 
						qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər 
						Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum 
						gününü onsuz qeyd edirlər. 
						
						Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi 
						respublikamızın hər yerində olduğu kimi, dünya 
						ölkələrində də geniş qeyd olunur. Ölkəmizin bütün 
						bölgələrində bu əlamətdar gün 
						
						- 
						Azərbaycan xalqının xilaskarı, müasir müstəqil 
						dövlətimizin banisi, ölkəmizi sarsılmaz, dönməz yüksəliş 
						yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi 
						ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi 
						münasibətilə silsilə tədbirlər keçirilir, bu dahi 
						şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri yad 
						olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, 
						diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun 
						təmsilçiləri də ümummilli lider Heydər Əliyevin yubileyi 
						münasibətilə geniş tədbirlər keçirərək görkəmli siyasi 
						xadimin zəngin və çoxşaxəli fəaliyyətini, xalqımız 
						qarşısındakı xidmətlərini geniş təbliğ edirlər. 
						
						Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, 
						mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin 
						nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən 
						Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları 
						axın-axın Fəxri xiyabana gələrək ulu öndər Heydər 
						Əliyevin məzarı önünə təzə tər güllər qoyur, onun əziz 
						xatirəsini dərin ehtiramla yad edirdilər. 
								
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev və xanımı 
						Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, 
						yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə onun 
						məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər. 
						
						Burada fəxri qarovul dəstəsi düzülmüşdü. 
						
						Prezident İlham Əliyev ümummilli liderimiz Heydər 
						Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında 
						baş əydi. 
						
						Azərbaycan Respublikasının Dövlət himni səsləndi. 
						
						Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq 
						alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət 
						xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan 
						Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül 
						dəstələri qoydular. 
						
						Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət 
						edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli 
						Məclisin Sədri Oqtay Əsədov, Prezident 
						Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, 
						komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları 
						iştirak edirdilər.  
						
						
						AzərTAc |