Əlil uşaqlar üçün təhsil standartları |
Rusiyanın
Təhsil və Elm Nazirliyi əlil uşaqlar üçün
təhsil standartları hazırlayır. Təhsil sahəsində
9 federal dövlət təhsil standartı (FDTS) cari
ilin dekabrına qədər hazır olacaqdır. Onların
əsasında fiziki və ya əqli cəhətdən məhdud
qabiliyyətli uşaqlar üçün 9 variantda məktəb
proqramları yaradılacaqdır.
Təhsil və Elm Nazirliyindən verilmiş məlumatda
bildirilmişdir ki, söhbət karlar, zəifeşidənlər,
sonradan karlaşmış uşaqlar, korlar, zəifgörən,
ağır nitq, dayaq-hərəkət aparatının pozuntuları
olan, psixi, əqli cəhətdən inkişafdan qalan və
"autistik spektr" pozuntusu olan uşaqlar üçün
federal təhsil standartlarından gedir. Hər bir
kateqoriyadan olan uşaqlar üçün öz təhsil
proqramları hazırlanacaq. Eyni zamanda
müəllimlər üçün də xüsusi standartların işlənib
hazırlanması nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, məhdud imkanlı təhsil alan
qruplar yekcins deyil. Buna görə də spesifik
xüsusiyyətli bir neçə təhsil proqramlarının
yaradılması tələb olunur. "Bu cür uşaqların
təhsili və inkişafı üçün ayrı-ayrı proqramlar
vacibdir, çünki təhsil sistemi mütləq mənada
hamı üçün əlçatan olmalıdır", - deyə Təhsil
Nazirliyindən bildirilmişdir. Ekspertlər qrupu
tərəfindən standartların yekun variantının cari
ilin dekabrında ictimai müzakirəyə təqdim
edilməsi nəzərdə tutulmuşdur. Əgər standartlar
bəyənilərsə, 2014-cü ildən qüvvəyə minəcəkdir.
Hazırda təhsil standartları üzərində ciddi
hazırlıq işləri aparılır. Federal Təhsilin
İnkişafı İnstitutunun direktoru Aleksandr
Asmolovun sözlərinə görə, ilk növbədə,
müəyyənləşdirmək lazımdır ki, yeni standartlar
hansı qrupdan olan uşaqları əhatə edəcək. Qeyd
edək ki, yeni təhsil standartlarının
hazırlanması zərurəti 2013-cü il sentyabrın
1-dən qüvvəyə minəcək "Təhsil haqqında" yeni
qanunun qəbul olunması ilə əlaqədardır. Bu qanun
birbaşa yeni standartların olmasını tələb edir.
Bu vaxta qədər isə əlil uşaqlar üçün təhsil
proqramlarının məzmunu bir qayda olaraq onların
təhsil aldıqları məktəblər tərəfindən müəyyən
olunurdu. Məhdud qabiliyyətli uşaqlar üçün
təhsilə təminat yox idi. "Təlim keçməmiş
uşaqlar" kimi rəylərdən imtina olunması, dövlət
tərəfindən sosial və təhsil dəyərlərinin
inteqrasiyasının tanınması bu cür standartların
qəbulunu şərtləndirir.
Standartlar hər bir uşağa hansı regionda
yaşamasından, inkişafdan qalma səviyyəsinin
ağırlığından, təhsil müəssisəsinin növündən və
təhsilin səviyyəsinin mənimsənilməsi
qabiliyyətindən asılı olmadan onun tələbat və
imkanlarına müvafiq olaraq təhsil almasına
təminat verməlidir.
Təhsil Nazirliyinin məlumatına əsasən,
2011-2012-ci dərs ilində ölkənin təhsil
müəssisələrində 443,2 mindən artıq məhdud
qabiliyyətli, onlardan 239 min nəfəri ümumtəhsil
müəssisələrində (adi siniflərdə 127,7 min nəfər,
korreksiyaolunmuş siniflərdə 111,4 min nəfər),
xüsusi (korreksiyaolunmuş) təhsil
müəssisələrində 204,2 min nəfər təhsil almışdır.
Bundan əlavə, 20 mindən artıq əlil uşaq evdə
informasiya-kommunikasiya texnologiyalarından
istifadə etməklə distant təhsil almışdır. |
|
|
Almaniyada kadrların ixtisasartırma təhsilinə
diqqət artır |
Qloballaşan
dünyada peşəkarlıq olmadan karyera qurmaq mümkün
deyildir. Almaniyada bu problemə ciddi maraq
göstərilir. Ölkənin kadrların ixtisasartırma və
yenidənhazırlanma institutları peşəkarlığın
artırılması istiqamətində bir sıra proqramlar
hazırlamışlar.
Bu proqramlar ixtisasartırma təhsilinin yeni
səviyyəyə qalxmasına imkan vermişdir.
İxtisasartırma karyera qurmaq və uğur qazanmaq
istəyən hər kəs üçün mütləq şərtdir. Bunu başa
düşən bir sıra alman institutları ali təhsilli
və iş təcrübəsinə malik mütəxəssislər, eləcə də
əcnəbi mütəxəssislər üçün nəzərdə tutulmuş bir
sıra dərslik proqramları hazırlamışlar.
Almaniya İxtisasartırma Universiteti (Deutsche
Universitat für Weiterbildung), Hamburqdakı
Avropa Ali Qiyabi Məktəb (Europaische
Fernhochschule Hamburg), Xaqen Qiyabi
Universiteti (Fernuniversitat in Hagen) bu
sahədə ciddi səyləri ilə seçilirlər. Hazırda
diplomdansonrakı təhsil sahəsində Almaniyanın 20
mindən artıq təhsil müəssisəsi məşğuldur.
Onların proqramlarında birgünlük treninqlərdən
tutmuş qiyabi magistr proqramları və bir neçə
aylıq kurslara qədər ən müxtəlif təkliflər
vardır. Almaniya İxtisasartırma Universitetinin
proqramlar şöbəsinin rəhbəri Rosvita Qrasl qeyd
edir ki, müvafiq proqram seçməzdən əvvəl
gənclərə əlavə təhsilin onlara nəyə görə lazım
olduğunu düşünməyi məsləhət görürəm. "Bəlkə
əlavə təhsil karyera sahəsində irəliləmək üçün
tələb olunur, bəlkə əlavə təhsil özünü inkişaf
etdirmək üçün lazımdır?".
Onun sözlərinə görə, ilk növbədə, şəxsi
məqsədləri aydınlaşdırmaq lazımdır. Daha sonra
təhsilə nə qədər pul və vaxt ayırmağa hazır
olduğunuzu qiymətləndirmək lazımdır. Əcnəbilər
arasında ən geniş yayılmış ixtisasartıma
kursları menecment üzrə bir və ya ikigünlük
seminarlardır. Bu kurslarda münaqişələrin həlli
və danışıqların aparılması qaydaları öyrədilir. |
|
|
Latviyalı məzunların 30 faizi iş tapa bilmir |
Latviyada məktəb məzunlarının işlə təmin
olunması problemi ölkənin Təhsil Nazirliyi
qarşısında ciddi problem kimi durmuşdur. Bu
barədə Latviya Təhsil və Elm Nazirliyinin dövlət
katibi Sandra Liepinya bildirmişdir. Onun
sözlərinə görə, məktəb məzunlarının 30 faizi
iş tapa bilmir. O, bunun səbəbini məzunların
hər hansı peşə vərdişlərinə və kifayət həcmdə
biliklərə malik olmaması ilə izah etmişdir.
Dövlət katibi məzunlar arasında işsizlik
səviyyəsinin yüksək olmasını əsas götürərək
məktəb təhsilinin ilkin peşə vərdişlərinin əldə
olunması ilə birləşdirilməsi vacibliyini
bildirmişdir. "Uşaqlara verə biləcəyimiz
biliklərin keyfiyyətini qiymətləndirmək
lazımdır",-deyə dövlət naziri bildirmişdir.
Ölkənin əksər bölgələrində bir müəllimə orta
hesabla 8 şagirdin düşdüyünü deyən dövlət
rəsmisi əlavə etmişdir ki, bu cür vəziyyət
müəllimlərin əməkhaqlarının 10 faiz artırılması
barədə verilmiş vədlərin yerinə yetirilməsini
çətinləşdirmişdir. Lakin cari il ərzində Təhsil
Nazirliyi 6505393 lat həcmində əlavə maliyyə
vəsaitləri cəlb edə bilmişdir. 2014-2015-ci
illərdə isə daha 14404463 lat ayrılması nəzərdə
tutulmuşdur.
Təhsil Nazirliyinin xahişini nəzərə alan
hökumət 2014-2016-cı illərdə əlavə olaraq
501900 lat ayrılmasını bəyənmişdir. İyunun
əvvəllərində Təhsil Nazirliyi əlavə olaraq 10
milyon lat ayrılması barədə hökumətə müraciət
etməyi nəzərdə tutmuşdur. Təhsil Nazirliyindən
bildirmişlər ki, bu vəsait müəllimlərin
motivasiyası proqramı üçün vacibdir. |
|
|
Qırğızıstanda təhsil islahatları dərinləşir |
Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov
təhsil sahəsində keçirilən islahatlara dair
mətbuat konfransı keçirmişdir. Onun sözlərinə
görə, aparılan köklü islahatlar nəticəsində
hazırda fəaliyyət göstərən 52 ali məktəbdən 18-i
qalacaq.
Bu ali təhsil ocaqları isə bütün təhsil
səviyyələrini təmin edəcək. Ali məktəblərin
yenidən qurulması və ixtisarı yalnız dövlət və
müstəqil akkreditasiya prosedurlarından keçir.
Bu mexanizm hazırda nümunə rejimində işləyir.
Lakin 2014-cü ildən başlayaraq daha möhkəm
akkreditasiya mexanizmi işlənib hazırlanacaq. Bu
isə artıq ali təhsilin optimallaşdırılması
mexanizmini həyata keçirməyə imkan verəcək.
Artıq hökumətin respublika və regional
əhəmiyyətli ali məktəblər barədə sərəncamı
vardır.
Nazir islahatlardan sonra fəaliyyət göstərəcək
18 ali məktəbin dövlət büdcəsi ilə
dəstəklənəcəyini söyləmişdir. Ali təhsilin
üçpilləli səviyyəsinin - bakalavr, magistr,
doktorantura tətbiqi ilə əlaqədar bir sıra
universitetlər bu səviyyələri reallaşdıra
bilmir. Bəzi regional ali məktəblər var ki,
onlar yalnız bakalavr (həm də yalnız region üçün
zəruri olan profil üzrə) hazırlaya bilər. Nazir
onu da bildirmişdir ki, ölkədə 11 özəl ali
məktəb vardır ki, onlarda təhsil alan
tələbələrin sayı 500-dən artıq deyildir. "Digər
ölkələrdə onlar özlərini heç ali məktəb belə
adlandırmazlar, bizdə isə qanunvericilik imkan
verib ki, ali məktəb 2 ixtisas və 60 tələbə ilə
özünü beynəlxalq universitet adlandırsın", -
deyə nazir bildirmişdir. Nazir qeyd etmişdir
ki, islahatların effektivliyi büdcə
maliyyələşdirilməsindən, dərs vəsaitlərinin
yeniləşdirilməsi və ali məktəblərin texniki
təchizatı üçün vəsaitlərin vaxtında alınmasından
asılıdır.
Onun sözlərinə görə, nazirlik bir sıra
islahatları öz daxili ehtiyatları hesabına
həyata keçirir. Nazir son 3 ildə ölkədə
məktəbəqədər təhsil müəssisələrinin davamlı
artım dinamikasının müşahidə olunduğunu da qeyd
etmişdir.
Nazir bildirmişdir ki, Qırğızıstan məktəblərində
dərs yükü Rusiya və Yaponiya ilə müqayisədə
yüksəkdir. Yüksək dərs yükü dərs
nailiyyətlərinin yüksək göstəricilərini təmin
etmir. Respublika məktəblərində şagirdlərin
müvəffəqiyyət səviyyəsinin çox aşağı olması
qeydə alınmışdır ki, bu da məktəblərin müvafiq
ədəbiyyat və avadanlıqların çatışmazlığı və
eləcə də müəllimlərin peşəkarlıq səviyyəsinin
aşağı olmasının nəticəsidir. |
|
|
Banklar aspirant və gənc alimlər üçün daha böyük
təhsil kreditləri təqdim etməlidir |
Londonda
keçirilmiş təhsil konfransında çıxış edən Böyük
Britaniya parlamentinin təhsil məsələləri üzrə
müşaviri Devid Uillets bəyan etmişdir ki,
banklar zamanın tələblərinə müvafiq addımlar
atmalı, aspirant və gənc alimlər üçün daha
böyük təhsil kreditləri təqdim etməlidir.
Konfrans iştirakçıları bu fikri bölüşmüşlər ki,
təhsil kreditlərinin aspirantlara asanlıqla
şamil olunması mümkün görünmür. D.Uillets qeyd
etmişdir ki, xüsusi təhsil kreditləri əvəzinə
aspirantlar istənilən ehtiyac üçün klassik
kreditlər və ya biznes-kreditlərə əl atmalı
olmuşdur. 10 min avro dəyərində "Karyeranın
inkişafı üçün kredit"lər xüsusi kurslar keçən
tələbələr və aspirantlar üçün nəzərdə
tutulmuşdur. Tələbə oxuduğu müddət ərzində onun
aldığı kredit üzrə faizləri hökumət ödəyir.
Kredit üzrə ödəmələr isə tələbə ali məktəbi
bitirdikdən sonra başlayır. Ötən il banklar
təhsil kreditləri üzrə bütün sifarişlərin 44
faizini bəyənmişdir. Bütövlükdə 22716 nəfər
kredit almaq üçün ərizə vermişdir. D.Uillets
qeyd etmişdir ki, banklar əlçatan borcların
səviyyəsini genişləndirməlidirlər. Tələbələrin
cari ildə maliyyələşdirilməsi imkanları
azalmışdır, bir sıra elmi tədqiqat şuraları
artıq gənc tədqiqatçılara dəstək
göstərilməyəcəyini, magistr və elmlər
namizədləri üçün maliyyə dəstəyinin ciddi
surətdə azalacağını bildirmişdir. Sutton Trust
xeyriyyə fondu isə aspiranturanın özünü "sosial
mobilliyin yeni sərhədi" kimi təqdim etdiyinə
dair xəbərdarlıq etmişdir. Şura ötən ay kasıb
ailələrdən olan tələbələrə yardım üçün
məqsədli dövlət kreditlərinin ayrılmasını
tövsiyə etmişdir. |
|
|
Amerika ali məktəblərində təhsil haqları
artmışdır |
Amerika
ali təhsil müəssisələrində təhsil haqları
artmaqdadır. Ali məktəb tələbələrinin bir çoxu
kollec və universitetlərdə təhsil haqlarının
sürətlə artması nəticəsində ali təhsilin
tezliklə əlçatmaz olacağından narahatlıqlarını
bildirmişlər. ABŞ-ın Miçiqan da daxil olmaqla 4
ştatında fəaliyyət göstərən universitetlərində
cari semestr ərzində təhsil haqları 10 faiz
bahalaşmışdır. Miçiqan Universitetinin
tələbələri 2013-cü akademik ilində 800 dollar
ödəməlidirlər. Buraya vergilər, yaşayış və
ərzağa görə xərclər daxil deyil. İllinoys,
Kolorado və Oklaxoma ştatlarının orta
məktəblərində də təhsil haqlarının kifayət
dərəcədə artırılması nəzərdə tutulmuşdur.
Qeyd olunmuşdur ki, Ağ ev təhsil haqlarının
artırılmasına cavab olaraq aztəminatlı
ailələrdən olan tələbələrə maddi dəstək
göstərilməsi barədə qanun qəbul etmişdir.
2013-cü ildə təhsil haqlarını artırmaq
niyyətində olan ali məktəblər, eyni zamanda
müxtəlif təbəqələrdən olan gənclərin təhsil
almaq imkanlarını yaxşılaşdırmaq məqsədilə
maliyyə proqramları üzərində düşünürlər.
|
|
|
Finlandiyada novator məktəb |
Finlandiyanın
paytaxtı Stokholmda novator məktəb açılmışdır.
Təhsil ocağının qeyri-adiliyi ondadır ki,
məktəbin sinif otaqlarının divarları yoxdur,
şagirdlər isə açıq məkanda azad surətdə hərəkət
edə bilirlər. Bu məktəbi bəzən "açıq məkan"
(openspace) də adlandırırlar. Bu məktəb ölkədə
1990-cı ildən aparılan təhsil islahatlarının
məntiqi davamı hesab olunur.
Məktəbi arxitektor Rozan Boş inşa etmişdir.
Sinif otaqları açıq məkanla əvəz olunub, burada
şagirdlər əməkdaşlığa və qarşılıqlı səylərə
həvəsləndirilir. Məktəb gözəl mebellər,
dərsliklər və işçi zonaları, laboratoriyalar,
kitabxanalar, landşaft zonaları və kinoteatrla
təchiz olunmuşdur. Uşaqlar kiçiq qruplarda
təhsil alırlar. Adətən hər bir qrupda 5-7 uşaq
olur. Hər bir qrupun özünəməxsus kiçik dərs
ixtisaslaşması (profili) var. Hər bir
məktəblinin noutbuku var ki, bu da təhsil
prosesinin əsası hesab olunur.
Qeyd edək ki, Skandinaviya təhsil sistemi
Prussiya təhsil ənənələrinə söykənir. Prussiya
sistemi Avropada tam 2 əsr ən qabaqcıl sistem
hesab olunmuşdur. Bu sistem Almaniyada, Rusiyada
və Yaponiyada da kök salmışdır. |
|
|
Qazaxıstanda istedadlı uşaqlar üçün elmi
dərnəklər şəbəkəsi yaradılmışdır |
Qazaxıstan Təhsil Nazirliyinin tapşırığı
əsasında istedadlı uşaqlarla işin təşkili
məqsədilə Taraz Universiteti nəzdində elmi
dərnəklər şəbəkəsi yaradılmışdır. Bu
dərnəklərdə uşaqlar təcrübəli universitet
müəllimlərinin, professorların rəhbərliyi
altında elmi fəaliyyətlə məşğul ola, layihələr
işləyib hazırlaya, elmi konfranslarda iştirak
edə bilərlər.
Taraz Universitetinin rektoru Maxmetqali
Sarıbekovun sözlərinə görə, məktəblilərin fənn
olimpiadalarının keçirilməsi istər milli,
istərsə də dünya miqyaslı ənənəyə çevrilmişdir.
2010-cu ildə Qazaxıstan beynəlxalq riyaziyyat
olimpiadasına ev sahibliyi etmişdir. Ötən il isə
kimya üzrə beynəlxalq olimpiada keçirilmişdir.
2014-cü ildə Qazaxıstanda fizika, 2015-ci ildə
informatika üzrə beynəlxalq olimpiadaların
keçirilməsi nəzərdə tutulmuşdur. Rektor
bildirmişdir ki, Qazaxıstanda intellektual
yarışmaların keçirilməsi ənənəvi hal almışdır.
Onun sözlərinə görə, Qazaxıstan dünya məkanında
təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli
ölkə kimi tanınmışdır. İntellektual
yarışmaların keçirilməsində başlıca məqsəd
istedadlı gənclərin üzə çıxarılması və onların
gələcək inkişafı üçün şərait yaradılmasıdır.
Hər bir belə intellekt yarışının ölkənin təhsil
sisteminin inkişafına öz töhfəsini verdiyini
vurğulayan rektor qeyd etmişdir ki, Qazaxıstanda
istedadlı uşaqlarla iş üzrə məktəblər
şəbəkəsinin yaradılmasına hədəflənmiş xüsusi
proqram qəbul olunmuşdur. Proqram çərçivəsində
istedadlı uşaqlar üçün "Darın" xüsusi
məktəbləri, Qazaxıstan-Türkiyə liseyləri,
Nazarbayev İntellektual məktəbləri
yaradılmışdır. Məktəblilərin olimpiadalarının
keçirilməsi bu cür uşaqların üzə çıxarılması
üçün əla eksperimental meydançaya çevrilmişdir.
|
|
|
Fransada kübar əxlaqı fənni tədris olunacaq |
2015-ci ildə Fransa məktəbləri və kolleclərinin
dərs cədvəllərinə yeni fənn, kübar əxlaqı fənni
əlavə olunacaq. Bu barədə Fransanın milli təhsil
naziri Vinsen Peyon bildirmişdir. Bu fənnin
illik kursuna 18 saat vaxt ayrılması nəzərdə
tutulmuşdur. Lakin nazir hesab etmişdir ki, bu
fənnin həftəlik tədris olunması daha yaxşı
olardı.
Kursun əsasında respublikanın əsas prinsipləri
əksini tapacaq. Yeni fənn kursunda "Dövlət
əxlaqı" və "Digər prinsiplərə və etiqadlara
hörmət" anlayışlarının izahı öz əksini
tapmışdır. Fənnin tətbiqində məqsəd insanı daha
ləyaqətli tərbiyə etməkdir. Tədrisinə məktəb
sistemindən başlanması nəzərdə tutulmuş
proqramın işlənib hazırlanmasında tarixçi və
milli təhsil nazirliyinin baş müfəttişi Alen
Berquniu, fəlsəfə professoru Lorns Lofel, dövlət
müşaviri Remi Şvars kimi Fransanın görkəmli elm
xadimləri iştirak etmişdir. Hələlik fənn
öyrənilməsi məcburi xarakter daşıyan fənlər
sırasına daxil olunmayıb, ona fənlərarası
xarakter verilməsi imkanları araşdırılır.
|
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |