Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Azərbaycan idmançılarının bəxti onda gətirib ki, onların İlham Əliyev kimi Prezidenti var

 

İkiqat Paralimpiya çempionu İlham Zəkiyevlə söhbət 

İlk dəfə onun haqqında illər öncə cəbhə bölgəsində çəkilişdə olarkən eşitmişdim. "N" saylı hərbi hissənin ən mahir kəşfiyyatçısı, 19 yaşlı İlham Zəkiyev düşmən snayperinin hədəfinə tuş gəlmişdi. O vaxt biz, Füzuli rayonunun  Əhmədbəyli kəndindəki hərbi hospitalda olanda gicgahından ağır yara almış kəşfiyyatçımızın vəziyyəti ilə bağlı həkimlər dedilər ki, "Biz  əlimizdən gələni əsirgəməmişik. Amma... yaralının vəziyyəti o qədər ağırdı ki... Ümid Allaha qalıb". O illərin üstündən illər ötüb indi... ən azı on beş il...  

Mənim bugünkü həmsöhbətim ikiqat Paralimpiya Oyunları çempionu İlham Əzizağa oğlu Zəkiyevdir:

- Mən 3 mart 1980-ci ildə  Sumqayıt şəhərində sadə bir azərbaycanlı ailəsində dünyaya göz açmışam. Ailədə beş uşaq olmuşuq. Mən həm evin, həm də qardaşların dördüncüsü idim. Sonbeşiyimiz bacım idi.

Ağlım kəsəndən idmana meyilli olmuşam. Böyük qardaşım Fikrət güləşçi idi, o, məşqə gedəndə mən də həvəsə düşüb onunla gedirdim. Fikrətin sayəsində 10 yaşımdan başlayaraq təxminən üç il idmanın sərbəst güləş növü ilə məşğul olmağa başladım. Sonra məşqçimizin Rusiyaya köçməsi səbəbindən bizim güləş qrupumuz dağıldı.

1995-ci ildən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda  cüdo ilə məşğul olmağa başladım. Çox qısa müddətdə respublika daxilində uğurlu yarışlarım oldu, dəfələrlə şəhər çempionu, respublika mükafatçısı oldum...

İlham Zəkiyev  1998-ci ilin iyul ayına qədər məşğul olduğu idman növlərində   öz sözünü demişdi. Hərbi xidmətə yollananda İlham artıq cüdo üzrə Sumqayıt  çempionu, cüdo üzrə gənclər arasında Azərbaycan çempionatının mükafatçısı, sambo üzrə gənclər arasında Azərbaycan çempionu, Azərbaycan kubokunun qalibi kimi ad qazanmışdı.  

Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı

 1998-ci ilin iyun ayında Azərbaycan kubokunun  qalibi oldum. Həmin  qalibiyyət mənə yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırdı. Lakin Moskvadakı olimpiadaya getmək mənə müyəssər olmadı. Çünki düz bir ay sonra həqiqi hərbi xidmətə çağırıldım və 2 iyul 1998-ci ildən vətənin əsgəri kimi mənim həyatımda tamamilə fərqli bir səhifə açıldı.

Beyləqan rayonunun Daşburun stansiyasında bizi mövqelərə bölüşdürəndə  komandirimiz fiziki görünüşümə və idman göstəricilərimə görə öz yaşıdlarımdan seçildiyim üçün  məni "N" saylı  kəşfiyyat taburuna göndərdi. Mən Vətən uğrunda müqəddəs xidmətə kəşfiyyat taburunda başladım.

Həm kəşfiyyatçılıq bacarığıma, həm idman göstəricilərimə, həm də nizam-intizamıma görə nümunəvi əsgər sayırdılar məni.

Yeddi ay orduda nümunəvi xidmət elədim, fəxri fərmanlar aldım. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Abdurrahmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfdən atılan snayper gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində yatdım. Həkimlər sağ qalmağım üçün doğmalarıma ümid verə bilmir, deyirmişlər ki, gedin hazırlığınızı görün, yaşamağına ümid yoxdur. İdmançı olduğuna görə canı möhkəmdir, ona görə də bir-iki gün ağrılara dözə bilib, sağ qalıb.

Mən komada olanda hərbi hissədən evimizə zəng vurub hadisə barədə məlumat vermişdilər. Anamgil başıalovlu  özlərini çatdırmışdılar Əhmədbəyli hərbi hospitalına.

 Allahdan ümid kəsilməz. Düz beş gündən  sonra anamın səsinə  komadan ayıldım. Ancaq anamı görə bilmədim. Hər tərəf qaranlıq idi. Bərk üşüyürdüm. Fevral ayı... soyuq palata... Anamın əynindən çıxarıb məni bürüdüyü yun jaketi  ürəyimə bir istilik gətirdi...

Evimizə I qrup Qarabağ əlili kimi döndüm. Snayper gülləsi gözlərimi tamamilə sıyırıb aparmışdı.  

Dünya işığını görməsəm də, işıqlı qələbələrə imza ata bilirəm 

I qrup əlil olduqdan sonra ilk dəfə 2002-ci ildə bir  təsadüf nəticəsində  Milli Paralimpiya Komitəsi barədə eşitdim.

Müalicəmlə bağlı 2002-ci ildə  İdman Nazirliyinə müraciət eləmişdim.

Mən 19 yaşımda dünya işığından məhrum olmağımla barışa bilmirdim. Necə də barışaydım?! Axı, mən dünyanın qaradan savayı daha gözəl rənglərini də nə vaxtsa görmüşdüm?!

O vaxt Milli Olimpiya Komitəsinin prezidentinə - möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səhhətimlə bağlı müraciət elədim. O, məni Moskva şəhərinə yolladı. Orada tam müayinədən keçdim. Həkimlər dedi ki, sənin müalicən bugünkü tibdə mümkün  deyil. Kor-peşman Moskvadan geri döndüm.

Bakıya qayıdanda nazirliyə müraciət edərək soruşdum ki,  paralimpiya oyunları barədə eşitmişəm, bu oyunların  tərkibində  gözdən əlillər üçün hər hansı  idman  növü varmı?

Milli Paralimpiya Komitəsindən bildirdilər ki,  gözdən əlil olanlar cüdo yarışmalarına qatıla bilərlər.

Beləliklə,  getdim Milli Paralimpiya Komitəsinə.  Başda rəhbərlik olmaqla, İlqar müəllim, Afiq müəllim çox isti qarşıladılar məni. Məşq etməyim üçün lazım olan şəraiti yaratdılar. 2002-ci il noyabr ayının  1-dən  məşqlərə başladım.

Yenə şəhər stadionu, yenə köhnə  məşq elədiyim yerlər... amma bu dəfə Paralimpiya hərəkatında... İlk günlər vəziyyətə alışmaq mənim üçün çox çətin idi.

O vaxt məqsədim dünya çempionatında iştirak etmək idi. Şükürlər olsun Allaha ki, mən bu işi bacardim.

2003-cü ilin avqust ayında  Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında  ilk dəfə  tatamiyə çıxdım. Püşkatmanın dərəcəsinə görə mən kubalı dünya çempionu ilə  yarışdım  və çox gərgin keçən mübarizədə  xal fərqi ilə ona  məğlub oldum. Bu çempionatda iştirak etməyimlə 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazandım. Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu idim. Maraqlı burasıdır ki, Afinada ilk qarşılaşdığım idmançı, Kvebekdəki (Kanada) yarışmada məğlub olduğum kubalı dünya çempionu oldu. Bir dəqiqə  qırx saniyə çəkən döyüşdə  rəqibimi üstələyib yarımfinala qalxdım. Yarımfinalda İspaniyadan olan idmançını  otuz yeddi  saniyə ərzində məğlub etdim. Finalda isə Böyük Britaniyadan olan rəqibimə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində  üstün gələrək Paralimpiya Oyunları Çempionu adını qazandım. Bir ildən sonra isə Niderlandda keçən Avropa Çempionatının final yarışmasında Fransanı təmsil edən idmançını məğlub edərək  Avropa çempionu oldum.

2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazandım.

2007-ci ildə Bakıda keçirilən Dünya Çempionatında yenə də qalib gəldim.

Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışmasında qızıl medala layiq görüldüm.

2008-ci ildə  ikinci Paralimpiya Oyunlarında iştirakım zamanı Yunanıstanın paytaxtı Afinada fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub etdim.

Cənubi Koreyada, Çində keçirilən final yarışmalarında  qalib gələrək ikiqat Paralimpiya Oyunları Çempionu oldum.

Bu qələbələrimin nəticəsidir  ki, "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" fəxri  adına, "Tərəqqi" medalına, Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" mükafatı laureatı adına layiq görülmüşəm.

Milli Paralimpiya Komitəsinin kapitanıyam.

Paralimpiya Oyunları zamanı, iki dəfə - Pekində də,  Londonda da  bayrağımızı qaldırmaq kimi şərəfli bir vəzifəni mənə həvalə etmişdilər.

İradə insana yaxşı mənada əyilməzlik, dönməzlik gətirir.

Şükürlər olsun Allahın böyüklüyünə ki, dünya işığını görməsəm də, işıqlı qələbələrə imza ata bilirəm...

Görmə qabiliyyətimin itməsi səbəbindən mənim tibbi sənədlərimdə "Əmək qabiliyyətsiz " yazılsa da, mən əmək qabiliyyətlilərin çoxunun görə bilmədiyi bir işi görməyi bacarıram: İdmanda qazandığım qələbələrimlə Azərbaycanı bütün dünyaya tanıdıram.

Anam da, mən də  Allahın necə xoşbəxt bəndələriyik ki, o boyda travmadan, o boyda tale sınağından çıxandan sonra  yenə də bir yerdəyik. Allah həmişə bir tərəfdən bağlayanda, o biri tərəfdən açır-deyirlər. Doğru sözdür.

 Bircə dəfə övladlarımın üzünü görə bilsəydim... 

Dünyada insana yaxın olan doğmalarının hər birinin öz yeri var: ananın da,  həyat yoldaşının da, övladın da, qohum-əqrəbanın da, dost-tanışın da. Ancaq... bircə dəfə övladlarımın üzünü görə bilsəydim...

Kiminsə xətrinə dəymək mənim xarakterimdə yoxdu...

Bəzən məndən soruşurlar: sən ki, bu qədər humanistsən, bəs rəqibinlə  necə vuruşursan, ona  necə qalib gəlirsən? Cavab verirəm ki, həyat başqa, yarış başqa. Hər şeyin öz yeri, öz  mizan-tərəzisi var. Tatami üzərində  ölkəmin adını yalnız qaliblər sırasına yazmaq barədə düşünürəm. Qalib gələndən sonra isə rəqibimin də əlini yuxarı qaldırıram,  gələcək yarışmalarda ona da uğurlar arzulayıram. Rəqib olanda nə olar? Mən idmançı həmkarlarımla yalnız tatamidə rəqibəm, tatamidən kənarda biz hamımız insanıq, dostuq. Mən yarış dostlarımın hamısı ilə ünsiyyət qurur, səmimi münasibətlər saxlayıram. Peyğəmbərimizin müdrik bir kəlamı var ki, bəzən bir təbəssüm də sədəqə ola bilər.

Hərbi xidmətə getməmişdən əvvəl uzaq qohumlarımızdan birinin qızını bəyənmişdim. Amma bunu  bir sirr kimi ürəyimdə saxladım, kimsəyə  bir kəlmə belə demədim. Ailə qurmaq məsələm gündəmə gətiriləndə valideynlərim də elə həmin qızı seçdiklərini bildirdilər.

Beləliklə, böyüklərimin fikirləşdikləri ilə  mənim seçimim üst-üstə düşdü. Elimizin adət-ənənəsinə uyğun ailə həyatı qurdum.

Toyum olanda  respublikamızın  Prezidenti cənab İlham Əliyev mənə təbrik məktubu göndərmişdi.

Şükür, taleyimdən çox razıyam. İndi   iki övladım  var - İlkinim və Aynurum. Uşaqlarımı vətənə layiqli övlad kimi böyütməklə yanaşı, onlarda idmana da həvəs oyatmaq istəyirəm. Çünki  sağlamlıq üçün hər bir insanın idmanla məşğul olması vacibdir. Sənət seçiminə gəldikdə isə, bu, onların öz istəklərindən asılıdır.

Birinci sinifdə oxuyan  İlkinim  həmişə deyir ki, ata, mən hər gün səninçün dualar edirəm, kaş sənin gözlərinə Allah şəfa versin. Sən məni də, bacımı da görə biləsən.

 Mənim istəyim odur ki, heç bir əlil cəmiyyətdən kənarda qalmasın

 - Yarışlarda heç vaxt  düşmən tərəflə  tatamiyə çıxmamışam. Onlar hələ o səviyyəyə çatmayıblar ki, paralimpiya yarışlarında iştirak etsinlər. İdmanın digər növləri üzrə keçirilən yarışlarda da  neçə ildir iştirak edirlər, ancaq hələ bir dənə  medalları yoxdur. 

 Mən bu müsahibəmdən əlillərə bir mesaj yollamaq istəyirəm: 2008-ci ildə mənim qalib gəlməyimin Sumqayıtda olimpiya kompleksinin tikilməsində çox böyük rolu oldu. Cənab İlham Əliyev Sumqayıt şəhərində biz idmançılara MDB ölkələrinin hələ heç birində  olmayan,  beynəlxalq standartlara uyğun yeni olimpiya kompleksini hədiyyə etdi.

Bu kompleksdə əlillərə istənilən idman növündə  məşq etməyə hər cür şərait var. Qoy əlillər olimpiya oyunlarında iştirak etmək üçün bizim kompleksə gəlib müraciət etsinlər. Orada peşəkar məşqçilərimiz  onlara istiqamət verəcək, istedadlarını tapıb üzə çıxaracaqlar. Mənim istəyim odur ki, heç bir əlil cəmiyyətdən kənarda qalmasın.

2008-ci ildə  Paralimpiya Oyunları Pekində  keçiriləndə, orada hər bir iştirakçı ölkənin bayrağı qaldırılırdı. Mən güləşən günü  Azərbaycandan üç nəfər idmançı yarışa qatılmışdı: 90, 100  və 100 kiloqramdan artıq çəkidə olanlar. Məndən əvvəl - 90 kq çəki ilə yarışa çıxan Tofiq Məmmədov finalda rusiyalı idmançıya məğlub oldu. 100 kq çəki ilə yarışa qatılan Kərim Sərdarov  da braziliyalı idmançıya məğlub olub gümüş medalla kifayətləndi.

Mən yarışa 100 kq-dan artıq çəki ilə qatılmışdım.

Pekində mən çinli idmançı ilə, yəni ev sahibi ilə döyüşə çıxmışdım. Bu baxımdan psixoloji durum olduqca gərgin idi. Yəni, ev sahibinə dəstək verənlərin alqış sədaları bizə azarkeşlik edənlərin səsini eşidilməz edirdi. Amma  bu, cəmi 40 saniyə çəkdi. Sonra bizimkilərin alqışları başlandı... 

Dostlarım hər qələbəmdən sonra zəng vurub məni təbrik edirlər 

Yaralanana qədər bir yerdə xidmət etdiyim uşaqlar, orta məktəb yoldaşlarım indi də hər yarışdan, hər qələbəmdən sonra zəng vurub  axtarır, məni təbrik edirlər. Birinci sinifdən bir yerdə oxuduğum,  indi də hər zaman birlikdə olduğum Emilin isə dostlarımın sırasında xüsusi yeri var.

Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən biz idmançılara çox dəstək oldu. Ulu öndərimiz Heydər Əliyev cənabları idmançıları qəbul edəndə gözəl bir söz demişdi: "Mən başqa elə bir sahə tanımıram ki, Azərbaycanın dövlət  atributlarını idman sahəsində olduğu qədər  təmsil eləsin".

Mən olimpiya oyunlarında qalib gələn zaman bayrağımız qaldırılanda, himnimiz səsləndiriləndə ürəyim fərəhdən yerə-göyə sığmırdı. Azərbaycan idmançısı qalib gələndə iştirakçılar istər-istəməz gedib xəritədə Azərbaycanı axtarıb tapacaq, azərbaycanlılar barədə məlumatlanmağa çalışacaqlar. Görəcəklər ki, Azərbaycan haradır, necə yerdir və onun necə güclü  övladları var. Azərbaycan idmançılarının bəxti onda gətirib ki, onların İlham Əliyev kimi Prezidenti var. Cənab Prezident olimpiyaçılarımızı şəxsən, bir-bir tanıyır, hər bir problemlərimizlə yaxından maraqlanır.

2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında qalib gələndə  cənab Prezidentin tapşırığı ilə mənə yeni mənzil hədiyyə verildi. 2008-ci ildə  Pekin Paralimpiya Oyunlarının qalibi olanda isə mənə zəng gəldi ki, cənab Prezident sənə maşın hədiyyə edir, hansı rəngi bəyənirsən? Dedim, qara rəngi. Bir zamanlar, hələ yaralanmamışdan çox-çox əvvəllər mən qara rəngli Nissan-Pathfinderi çox bəyənərdim, istəyərdim ki, elə bir maşınım olsun.

Bakıdan Sumqayıta Nissan-Pathfinder maşınını evakuatorla qapımıza gətirdilər, sürə-sürə yox ha... Dedilər, cənab Prezident deyib ki, qoy  İlham  maşının qapısını açıb sükanın arxasında ilk dəfə özü otursun.

Rəhbərlik tərəfdən belə diqqət, qayğıkeş, həssas münasibət yarışlarda qalib gəlməyim üçün mənə çox böyük stimul verir. Hər dəfə biz idmançılar yarışlardan vətənə dönəndə cənab Prezidentimiz bizimlə görüşür, təbrik edir, qiymətləndirir,  hər bir qələbəmizi  fərəhlə qarşılayır. Bu da  gələcək yarışmalarda qalib gəlmək üçün bizə ruh verir.

Qarşıda çoxlu planlarım var. Ən böyük məqsədim 2016-cı ildə RİO-da keçiriləcək növbəti Paralimpiya Oyunlarına, ondan əvvəl isə Avropada keçiriləcək olimpiya oyunlarına ciddi hazırlaşıb vətənə qalib kimi qayıtmaqdır. 

İdman sahəsində ilk "Qızıl çinar" mükafatçısı mən oldum 

Bu həyatdır. Alın yazısıdır. Ancaq iradəsi olan adamlar ayaq üstə qalmağı bacarırlar. Hərdən ordudan sonrakı illərimə boylanıram. Titullarımı sıralamaq istəyirəm...

4 dəfə Avropa çempionu olmuşam. Birinci dəfə 2005-ci ildə Hollandiyada; ikinci dəfə  2007-ci ildə Bakıda; üçüncü dəfə 2009-cu ildə Macarıstanda; dördüncü dəfə  2011-ci ildə  Londonda Avropa çempionatında qalib gəlmişəm...

İki dəfə dünya çempionu olmuşam - birinci dəfə 2007-ci ildə Braziliyanın San-Paolo şəhərində, ikinci dəfə isə 2010-cu ildə Türkiyənin  Antalya şəhərində...

2004-cü ildə Afinada keçirilən 12-ci, 2008-ci ildə isə Pekində keçirilən 13-cü yay Paralimpiya Oyunlarının  qalibi kimi vətənə dönmüşəm. 2008-ci il dekabr ayının 26-da  "Şöhrət" ordeninə; 2009-cu ilin mart ayının 5-də  "Əməkdar idman ustası" adına; 2012-ci ildə  "Tərəqqi"  medalına layiq görülmüşəm.

2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi  "Qızıl çinar" mükafatını hörmətli Mehriban xanım Əliyeva şəxsən özü təqdim elədi. Beləliklə,  idman sahəsində  ilk "Qızıl çinar" mükafatçısı mən oldum.

Hərbidə vətənə qulluğum yarımçıq qalsa da, indi Vətənə qulluğumu idman arenasında - tatamidə davam etdirməyimlə fəxr edirəm. Hər dəfə Azərbaycan bayrağı qalxanda, Azərbaycan himni səsləndiriləndə sevinirəm.

Qarşıdan ümummilli liderimizin anadan olmasının 90 illiyi gəlir. Biz idmançılar da bu yubileylə bağlı bütün tədbirlərə qatılır və  ulu öndərin siyasi kursunu davam etdirən, həmişə biz idmançıların yaxın dostu olan İlham Əliyev cənablarını  hər zaman dəstəkləyirik. Çünki  idmana, gənclərə qayğı, millətin gələcəyinə qayğı deməkdir. Bu gün gənclərə qayğıdan danışanda ilk olaraq Prezidentimiz İlham Əliyevin gördüyü xeyirxah işlər yada düşür. 

P.S: 2013-cü il  mayın 5-də Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq "Böyük dəbilqə" turniri keçirilmişdir. Bu yarışda 25 ölkədən 190-dan çox cüdoçu mübarizə aparırdı. Turnir çərçivəsində  ikiqat Paralimpiya çempionu, ikiqat Dünya, dördqat Avropa çempionu, Azərbaycan cüdoçusu İlham Zəkiyevə VI DAN QARA KƏMƏR təqdim olunmuşdur.  

Hazırladı: Ellada UMUDLU  

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov