2012-2013-cü
tədris ilindən başlayaraq respublikanın bir sıra
ümumtəhsil məktəblərində, o cümlədən Cəlilabad rayonunda
"İngilis dilinin intensiv tədrisi" layihələri üzrə
"British Council" və Təhsil Nazirliyi tərəfindən birgə
treninqlər keçirilir.
Üç mərhələdə keçirilməsi planlaşdırılan treninqlərin
məqsədi ingilis dili müəllimlərinə tədrisin
intensivləşdirilməsi prosesi ilə əlaqədar nəzərdə
tutulmuş tədbirləri, o cümlədən fəndaxili və fənlərarası
inteqrasiyanın, təlim strategiyalarının, təlimin
təşkilinə verilən tələblərin, formaların və üsulların
tətbiqi sahəsində metodik köməkliyi vaxtında həyata
keçirmək, fənn müəllimlərinin elmi-nəzəri və peşə
hazırlıqlarını daha da yüksəltməkdir. Tədris prosesinin
intensivləşdirilməsi, tədris prosesində müvafiq
standartların tələbləri baxımından şagirdlərin idrakı,
informativ-kommunikativ və yaradıcı fəaliyyətin, eləcə
də onlarda düşüncə emosional və psixomotor
bacarıqlarının inkişafına stimul yaradır.
9-10 mart 2013-cü il tarixlərində Cəlilabad şəhər 1
nömrəli humanitar və təbiət fənləri təmayüllü
məktəb-liseyin bazasında keçirilən təlim kurslarında
rayonun ümumtəhsil məktəblərində işləyən 46 nəfər
ingilis dili müəllimi iştirak edirdi. Təlim kursları
"British Council" in təlimçiləri, ibtidai siniflər üzrə
dərslik müəllifləri olan Gülşən Səmədova və Nailə
Bağırova tərəfindən aparılmışdır.
İki gün davam edən treninqlərdə təlimçilər fənn
müəllimləri və şagirdlərin hazırlıq səviyyələrinin
yüksəldilməsində, şəxsiyyət kimi formalaşmasında və daim
dəyişən, qloballaşan dünyanın tələblərinə
uyğunlaşmasında informasiya vasitələrindən və digər
resurslardan istifadənin vacibliyini ön plana çəkmiş,
tədris prosesinin intensivləşdirilməsi məqsədilə
müxtəlif saytlardan, o cümlədən "British Council"
saytından istifadəyə daha çox önəm vermişlər.
Təlimlərdə ibtidai təhsil pilləsi üzrə şagirdlərin
dinləyib-anlama, şifahi nitq, ilkin yazı hazırlıqlarının
formalaşdırılması, düzgün oxu qabiliyyətlərinin
yaradılması və inkişaf etdirilməsi sahəsində ingilis
dili müəllimlərinə metodik tövsiyələr verildi, tədris
prosesinin intensivləşdirilməsilə əlaqədar qarşıdakı
illərdə həyata keçiriləcək tədbirlərdən danışıldı.
Treninqlərdə həmçinin tədris prosesində kommunikasiya
vasitələrindən (yeni informasiya texnologiyalarından)
istifadə etməklə şagirdlərin kommunikativ bacarıqlarının
daha yüksək səviyyədə həyata keçirilməsi bir pedaqoji
faktor olaraq diqqət mərkəzində olmuşdur.
Günay ƏMƏNOVA,
Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənlər
təmayüllü məktəb-liseyin ingilis dili müəllimi
|