Müasir
dövrümüz dünya iqtisadiyyatının biliklər, texnologiyalar
və innovasiyalar əsasında formalaşması və inkişaf
etdirilməsi ilə xarakterizə olunur. İnnovasiya adı
altında yeni texnologiyalar, yeni məhsul və xidmət
növləri, istehsalın, əməyin və idarəetmənin təşkilində
yeniliklərdən istifadə başa düşülür. İnnovasiyanın
yeniliyi, iqtisadi cəhətdən əsaslandırılmış olması,
istehsalçıların tələblərini ödəməsi onun zəruri
xüsusiyyətləri hesab olunur. Müasir dünyada bütün
innovasiya strukturlarının yeni növləri arasında
elmi-texnoloji parklar özünün çoxfunksiyalılığı, həll
etdiyi məsələlərin müxtəlifliyi ilə seçilir.
Texnoparklar
nədir
Qloballaşma dövründə informasiya cəmiyyətinin
tələblərinə uyğun olaraq biliklərə əsaslanan
iqtisadiyyatın formalaşdırılması ən zəruri
məsələlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan
Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci
illərdə elmin inkişafı üzrə Milli Strategiya"da bu
məqsədlə, yəni ölkəmizdə biliklərə əsaslanan
iqtisadiyyatın formalaşdırılması üçün elmi-texniki
infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və
istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya
siyasətinin səmərəsinin artırılması mühüm fəaliyyət
istiqamətləri hesab olunmuş, innovasiya fəaliyyəti
infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən
texnoparkların, texnoloji mərkəzlərin, biznes
inkubatorlarının şəbəkəsinin genişləndirilməsi bir
vəzifə olaraq qarşıya qoyulmuşdur.
Bəs texnoparklar nədir, bu qurumlar özlərində nələri
ehtiva edirlər?
Mövcud
informasiyalardan məlum olur ki, texnoparkların
yaradılmasında əsas məqsəd biliklərin və ixtiraların
texnologiyalara, həmin texnologiyaların isə kommersiya
məhsuluna çevrilməsi, tədqiqatlara yönəldilmiş milli
xərclərin səmərəliliyinin yüksəldilməsi, kiçik
elmtutumlu sahibkarlıq sektoru vasitəsi ilə
texnologiyaların sənayeyə ötürülməsi, elmtutumlu
firmaların formalaşması və onların bazarda təşəkkülü,
elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi,
sənayenin struktur yenidənqurulması, regional
qeyri-mütənasib inkişaf səviyyəsinin azalması, məşğulluq
probleminin qismən həlli, yüksək texnologiyalar
sahəsində elmi-texniki nailiyyətlərin sürətli
tətbiqidir. Bu qurumlar eyni zamanda yüksək
texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye
sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin
inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin
həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki
nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin
artırılması, beynəlxalq arenada rəqabət qabiliyyətinin
yüksəldilməsi məqsədlərini də güdür.
Deyilənləri ümumiləşdirsək deyə bilərik ki, texnoparklar
kiçik və orta elmtutumlu innovasiya şirkətlərinin
inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı
elm-istehsalat komplektidir və əsasən elmi fəaliyyətin
nəticələrinin məhsula çevrilməsi və bazara
çıxarılmasının təşkili ilə məşğul olurlar.
Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab
olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris
mərkəzi, məsləhət mərkəzi, informasiya mərkəzi,
marketinq mərkəzi, sənaye mərkəzi, maliyyə-sığorta
mərkəzi, mühasibat-audit mərkəzi, strateji tədqiqat
mərkəzi daxildir. Dünya iqtisadiyyatında texnoparklar
innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi
hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin
formalaşmasında və rəqabətqabiliyyətli olmasında
texnoparkların böyük rolu vardır.
Məsələn, ABŞ, Hindistan, Çin və s. kimi ölkələr İKT
sahəsində dünya səviyyəsində qabaqcıl olmalarına görə
məhz texnoparklara minnətdardırlar.
Müasir dövrdə informasiya cəmiyyətinin biliklərə
əsaslanan iqtisadiyyatın qurulmasında texnoloji
biliklərin mərkəzinə çevrilən universitetlər mühüm rol
oynadığından ali məktəb texnopark vəhdətinin yaradılması
da son illər geniş inkişaf tapmışdır.
Belə texnoparklar bir və ya bir neçə universitet,
həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya
ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi
nəticələrə və yüksək texnologiyalara əsaslanan
şirkətlərin yaranmasına və onların inkişafına təşəbbüs
göstərmək məqsədi ilə qurulur. Universitet texnoparkda
fəaliyyət göstərən şirkətlərə innovativ elmi nəticələrin
transfer edilməsi və işin idarə olunması sahələrində
dəstək verir. Bu proseslərdə bütün yanaşmalar
təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması
müstəvisində həyata keçirilir. Beləliklə, texnoparklar
yeni ideyaların formalaşmasından başlayaraq onların
tətbiq olunması və inkişaf etdirilməsinədək hərtərəfli
şəraitin olduğu innovativ fəaliyyətləri təmin edən
məkandır. Başqa sözlə, texnoparklar insan kapitalını
sürətlə inkişaf etdirən, yüksək texnologiyalar istehsal
edən qurumlardır. Belə qurumlar universitetlərin
tərkibində olduqda daha aktiv fəaliyyət göstərə
bilirlər.
Bu barədə əməkdaşımıza ətraflı məlumat verən Qafqaz
Universiteti Texnoparkının direktoru, dosent İsa
Qasımovun bildirdiyinə görə, yüksək texnologiyalar
istehsalının 4 təməl tərəfi vardır:
- Araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü;
- Yetərli məlumat bazası;
- Yetərli maliyyə dəstəyi;
- Proqramlı bir şəkildə elmi tədqiqatların aparılması.
Dünya standartlarına əsasən texnoparkların əsas
hədəfləri universitetlərin təhsil, tədris və araşdırma
fəaliyyətlərini dəstəkləyərək daha səmərəli nəticələr
əldə etmək; sənayenin rəqabət gücünü artırmaq, yüksək
texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı
sürətləndirməkdir.
Texnoparkların tarixi
Texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində ABŞ-da
Stenford Universitetinin təşəbbüsü ilə yaradılmışdır.
Həmin dövrdə universitetin yerləşdiyi Kaliforniya
ştatında ABŞ hökumətinin sifarişi ilə hərbi sənaye
məhsulları istehsal edən şirkətlər yüksək texnologiyalar
sahəsində də müəyyən irəliləyişlər əldə etmişdilər. Ona
görə də Stenford Universiteti bu şirkətlərə özünün boş
qalmış ərazisində icarə yer vermək qərarına gəlir. Belə
ki, boş qalmış həmin ərazilərin satılması Lilend
Stenfordun vəsiyyəti ilə qadağan olunmuşdu. Bundan
başqa, həmin şirkətlər bu və ya digər formada
universitetlə əlaqəli şəkildə fəaliyyət göstərirdilər.
Həmin ərazidə tikintinin başa çatması, infrastrukturun
formalaşması və elmi parkın yaradılması üçün təxminən 30
il vaxt lazım gəlir. Silikon vadisi bu gün çox məşhur
olan "Hewlett-Packard", "Polaroid", "Eastman Kodak",
"General Electric", "Shojkley Transistor", "Lockheed"
kimi şirkətlərin ilkin özünütəsdiq meydanı olub. Buna
baxmayaraq ilk illərdə Birləşmiş Ştatlarda
texnoparkların yaradılması sahəsi çox ləng inkişaf
edirdi. Ötən əsrin 70-ci illərində Silikon vadisinin
yerləşdiyi 280 hektarlıq ərazi böyüməkdə olan
şirkətlərin tələblərinə cavab vermirdi. Belə olan halda
vadinin ərazisi genişləndirilərək San-Xosedən
San-Fransiskoya qədər uzadıldı. Həmin illərdə kompüter
texnikasının sürətli inkişafı, 80-ci illərdə şəbəkə
texnologiyalarının yaradılması və 90-cı illərdə
İnternetin meydana gəlməsi Silikon vadisini sənaye parkı
kimi daha da inkişaf etdirdi.
Yeri gəlmişkən Silikon vadisinin bəzi göstəricilərini
diqqətə çatdıraq: hazırda vadidə 2,5 milyon nəfər insan
yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi
əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə
ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır;
vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir;
burada əməkdaşların orta illik əməkhaqqı 70-80 min ABŞ
dollarıdır.
Hazırda Amerikada 700-dən artıq texnopark, 150-dən çox
İT-park fəaliyyət göstərir. Amerika texnoparkı baza
universitetləri əsasında yaranmışdır. Bu park kompleks
binadan ibarət olmaqla həm işləmək imkanını, həm də
yaşayış şəhərciyi, servis xidmətləri, istirahət və
idmanla məşğulluq üçün zonanı özündə birləşdirir. Əsas
prinsip - hər şeyin bir yerdə olmasıdır və burada
işləyən şəxs heç bir yerə getməməlidir. Əməkdaşlar elə
əhvali-ruhiyyəyə köklənməlidirlər ki, günün 24 saatını
sanki işləyirlər. Ona görə də onlar bir yerdə yaşamalı
və işləməli, burada istirahət etməli, ailə-uşaq
problemləri ilə məşğul olmalıdırlar. Yalnız bu halda
gözlənilən nəticəni əldə etmək mümkün olur.
ABŞ-dan sonra dünyanın inkişaf etmiş bütün ölkələrində
texnoparklar yaradılmış və inkişaf etdirilmişdir.
Hazırda dünyada 4000-ə yaxın texnopark fəaliyyət
göstərir. Texnoparkları inkişaf etdirmiş ölkələr yüksək
texnologiyalara sürətlə yiyələnə bilirlər. Ona görə də
dünyanın ən qabaqcıl sənaye markaları həmin ölkələrin
adı ilə birbaşa bağlıdır.
Onu da qeyd edək ki, texnoparklar innovasiya
infrastrukturunun elementləri kimi dünyanın müxtəlif
ölkələrində müxtəlif cür adlanır.
Adlardakı bu fərq bəzi funksional, təşkilati və milli
xüsusiyyətlərlə izah olunur. Mahiyyətcə texnoparklar
konsepsiyasının əsasını elmi-texniki nailiyyətlərin
akademik və digər tədqiqat mərkəzlərindən sənayedə
ötürülməsi prosesinin səmərəliliyinin yüksəlməsini və
onun mənimsənilməsini sürətləndirmək məqsədi ilə elmi
tədqiqatların və zəruri kapitalın ərazi cəhətdən
birləşməsi ideyası təşkil edir. Məsələn, Şərq
ölkələrində, Rusiyada, eləcə də Azərbaycanda "texnoloji
parklar" (texnoparklar) və ya "elmi-texnoloji parklar";
"azad iqtisadi zonalar" birləşmələri qəbul olunduğu
halda ABŞ-da bu strukturları "tədqiqat parkları", Böyük
Britaniyada "elmi parklar", Koreyada "elmi-sənaye
parkları", Fransada və Yaponiyada "texnopolislər",
Almaniyada "innovasiya və texnoloji mərkəzlər" və s.
adlandırırlar.
Dünya təcrübəsinə görə texnoparkların inkişafında
səmərəli nəticələrin təmin edilməsi üçün yüksək
texnologiyaların inkişafında elmi tədqiqatların
innovativ yanaşmalarla həyata keçirilməsi mühüm rol
oynayır.
Texnoparklar Azərbaycan universitetlərində
Azərbaycan ali təhsil müəssisələri arasında
texnoparkların yaradılması ideyası son illər meydana
gəlmişdir. Lakin bu ideya hələlik iki ali məktəbdə -
Qafqaz Universitetində və Xəzər Universitetində
reallaşmaqdadır. Müxtəlif sahələrdə təhsilin inkişafına
innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti
bu işdə də önə düşüb.
2013-cü ilin yanvar ayında universitetin Elmi Şurasının
qərarı ilə təsis edilən Qafqaz Universitetinin
texnoparkı "QUTexnopark" adlandırılmışdır. Bu ali
məktəbdə texnopark təsis olunarkən qardaş Türkiyənin
universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas
götürülmüşdür. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup
halında işgüzar səfər təşkil edilmiş, həmin səfərlər
zamanı Orta Doğu Texniki Universiteti, İstanbul
Universiteti, Yıldız Texniki Universiteti, Hacəttəpə
Universiteti, Bilkent Universiteti kimi güclü
universitetlərin texnoparklarında geniş müşahidələr
aparılmışdır. QUTexnopark formalaşdırılarkən Türkiyə ilə
yanaşı İsveç, Rusiya Federasiyası və ABŞ
universitetlərinin texnopark təcrübələrindən də istifadə
olunmuşdur. Lakin qeyd edək ki, "QUTexnopark" əsasən
Orta Doğu Texniki Universitetinin texnopark təcrübəsinə
daha çox əhəmiyyət verir.
QUTexnopark istər dövlət, istərsə də özəl sektorlarla
sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə görüşlər
keçirir.
QUTexnopark texnopark ekosistemini formalaşdırmaq üçün
yerli və xarici mütəxəssislərdən istifadə edərək
təlimlər verir, təşəbbüskar yanaşmanı inkişaf etdirir.
QUTexnoparkda "SENTRA" MMC, Azer.Net MMC, "MONtech" MMC
şirkətləri ilə müqavilə bağlamış və həmin şirkətlərə
QUTexnoparkda ofis üçün yer vermişdir.
Qeyd olunduğu kimi, texnoparklarda fəaliyyətlər
İnkubasiya Mərkəzlərindən başlayır ki, burada da əsas
məqsəd gənc nəsildə olan yenilikçi potensialı üzrə
çıxararaq onu inkişaf etdirməkdir. Məhz bu məqsədlə də
QUTexnopark hazırda Yeni Fikir Müsabiqəsi layihəsini
həyata keçirir.
Yeni Fikir Müsabiqəsinin məqsədi texnologiya sahəsində
innovativ fikirlərin ortaya çıxarılmasına və onun
reallaşdırılmasına töhfə verməkdir.
Qeyd edək ki, bu yarışmada təkcə Qafqaz Universitetinin
təmsilçiləri deyil, bütün Azərbaycan gəncləri, o
cümlədən Azərbaycanda təhsil alan xarici vətəndaşlar da
iştirak edə bilərlər.
Bu fəaliyyətləri həyata keçirmək üçün QUTexnopark
Türkiyə Cümhuriyyəti ODTU Texnoparkı ilə yanaşı, İKT
sektorunda fəaliyyət göstərən üç şirkətlə ("SENTRA" MMC,
Azer.Net MMC, "MONtech" MMC) birbaşa əməkdaşlıq edir.
Gələcəkdə bu cür fəaliyyətlərin daha da
genişləndirilməsi planlaşdırılır.
Yeni Fikir Müsabiqəsi
Qeyd etdiyimiz kimi, QUTexnopark qurulduğu gündən
texnopark ekosisteminin formalaşdırılması istiqamətində
müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən
biri də Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas
məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin
inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə
(startup ideyası, mobil proqramlar, internet, proqram
təminatı, oyunlar, xidmət proqramları, korporativ
proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot
texnikası, informasiya texnologiyaları, istehlakçı
elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin
ediləcəkdir.
YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron
veb səhifəsi də istifadəyə verilmişdir.
YFM-ə indiyədək 150 komanda tərəfindən yeni iş fikri ilə
müraciət edilmişdir ki, onlardan da 85-i
layihələşdirilərək qeydiyyatdan keçmişdir. Müsabiqənin
gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci
mərhələyə vəsiqə qazanmışdır. Müsabiqədə 2-ci mərhələ
19-20 aprel tarixlərində yeni iş fikri müəlliflərinin
münsiflər heyəti qarşısında təqdimatları həyata
keçirilmiş və 19 yeni iş fikri finala vəsiqə
qazanmışdır.
YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəlif
təyinatlı görüşlər vasitəsilə yeni ideyaların
formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş
fikirlərinin biznesə çevrilməsinin təmin olunması
yolları haqqında təlim və seminarlar verilmişdir.
Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə
xüsusi yanaşaraq 26-27 aprel tarixlərində tanınmış
təlimçilər tərəfindən seminarlar verilmişdir.
Seminar-təlimlər QUTexnopark İnkubasiya Mərkəzində
keçirilmişdir.
Əvvəlcə Qafqaz Universiteti məzunları, hazırda isə
StartUp fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini
formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi
və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı
gənclərlə "StartUp-çı olmaq nə deməkdir?" mövzusunda
seminar keçirmişdir.
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli
məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların
müvafiq formada təqdim edilə bilinməsidir. Bu istər
münsiflər heyəti qarşısında, istərsə də investor
marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir.
Ona görə də finalçılara "Təqdimat bacarıqları"
mövzusunda seminarın verilməsi təmin edilmişdir. Bu
seminar "Azercell Telekom" MMC, Əlavə Dəyər Xidmətləri
İdarəolunması Şöbəsi partnyorluq bölməsinin mütəxəssisi
Ceyhun Əliyev tərəfindən təqdim edilmişdir.
Bir-birindən maraqlı keçən təlimlər növbəti gün Orta
Doğu Texniki Universiteti (ODTU) Texnoparkının
vitse-prezidenti, QUTexnopark İdarə Heyətinin üzvü,
məşhur təlimçi Dr.Ufuk Batum tərəfindən davam
etdirilmişdir. Dr.Ufuk Batumun təqdimatında
təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş
modeli kimi önəmli məsələlər haqqında finalçılar zəruri
informasiyalar əldə etmişlər. Hər bir finalçı U. Batum
bəylə iş fikirləri haqqında ətraflı müzakirələr apara
bilmişdir.
İstər finalçılar, istərsə də digər StartUp-çı gənclərə
yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün
təlim-seminarların QUTexnoparkın təşkilatçılığı ilə
davam etdirilməsi nəzərdə tutulur.
YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş
fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə
həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya
müəllifi gənclərin həyata olan innovativ baxışlarının
inkişaf etdirilməsi üçün QUTexnopark tərəfindən
finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq
dəstəyi də təmin edilir.
YFM may ayının sonuna kimi başa çatacaqdır.
Müsabiqələrin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin
müəllifləri QUTexnoparkın İnkubasiya Mərkəzində bir il
müddətində ofislə təmin ediləcəklər. Ən yaxşı 3 iş
fikrinin müəllifləri isə bununla yanaşı, Türkiyənin
qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki
Universiteti, Yıldız Texniki Universitetinin
texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək bu
texnoparkların ekosistemindən istifadə edə biləcəklər.
Texnoparklarda fəaliyyətlərin əsas başlanğıc və ya yeni
iş fikirlərinin formalaşdırılaraq inkişaf etdirilməsində
texnoparkın tərkibində fəaliyyət göstərən inkubasiya
mərkəzləri mühüm rol oynayır. İnkubasiya mərkəzlərində
fəaliyyətlər innovativ fikirlər əsasında formalaşdırılır
və inkişaf etdirilir. İnkubasiya mərkəzində yeni iş
fikirlərinin yeni işlərə çevrilməsi üçün əlverişli mühit
formalaşdırlır.
QUTexnoparkın təsis etdiyi İnkubasiya Mərkəzi
fəaliyyətini genişmiqyaslı tutaraq yeni iş fikirlərinin
formalaşdırılması, həmçinin yeni iş fikirlərinin yeni
işlərə çevrilməsində mühüm rol ala bilmək üçün müxtəlif
layihələrin həyata keçirilməsini planlaşdırır. Belə
layihələrdən biri "təşəbbüskarlıq seminarları"dır.
Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim
olunacaq seminarlar gənclər arasında sahibkarlıq
yanaşmalarının inkişaf etdirilməsinə xidmət
göstərəcəkdir.
Hazırladı: Yusif ƏLİYEV |