Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Ümumi təhsildə inteqrasiya: müasir yanaşmalar

 

Təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartları ilə uyğunlaşsın. 

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
 

Dünyanın təhsil məkanında daha geniş istifadə edilən təhsildə inteqrasiya anlayışı ilkin olaraq onun semantikasını düşünməyi tələb edir. Müəllimlərin təbii olaraq öyrənmək istədikləri bu anlayış qloballaşmanın meydana qoyduğu mühüm tələblərdən biri olmaqla müasir təhsil prosesinin özünəməxsus keyfiyyət göstəricilərindən biri kimi diqqəti cəlb edir. Daha çox fəlsəfi yöndə başa düşülən inteqrasiya sözü həyatın bütün sahələrinə aid olmaqla sintetik xarakter daşıyır və bütövləşmə istiqamətində yeni yaranışın əsasında durur. Xüsusən cəmiyyət hadisəsi kimi inteqrasiya onun inkişaf istiqamətində dəyişikliklərini tənzimləməklə müasirliyi təmin edir. Bu anlayışın mahiyyətinə varmaq üçün, ilk növbədə, onun mənasını bilmək əhəmiyyət daşıyır. "İnteqrasiya latın dilində "integer" - "bütöv", "bütövləşmə" deməkdir, əslində sözün etimologiyası inteqrasiyanın siyasi proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. "İnteger" sözündən yaranan "integratio" sözü də latın dilində "bərpa", "tamamlanan" mənasını verir".

İlkin araşdırmalar onu göstərir ki, inteqrasiya termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlasa da onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən mövcud olmuş, onun varlığını təşkil etmişdir.  Zaman-zaman diferensial yanaşmalar hissələrə bölünməni, ayrılmaları tənzimlədiyi kimi, inteqrasiya prosesləri də bütövləşmələrin, tamamlanmaların nəticəsi kimi meydana çıxmışdır. Bəşəriyyətin tarixi boyu proqressiv xarakter daşıyan yeniliklər diferensial və həmçinin interaktiv yanaşmaların fonunda yaranmışdır. Bütün elm sahələrində, o cümlədən sosiologiyada, eləcə də pedaqogikada inteqrasiya önəmli yer tutmuşdur. Ona görə də pedaqogikada "inteqrasiya", "inteqrativlik", eləcə də "təhsildə inteqrasiya" və s. anlayışlardan daha çox istifadə olunmağa başlamışdır.

Müasir zamanda inteqrasiya qlobal dünyanın təhsil aləmində aparıcı yer tutur. Ona görə də informasiyaların genişləndiyi bir dövrdə cəmiyyətin sürətlə və dəyişkən dinamikasını izləmək və ona müvaze olaraq inkişaf etmək üçün birləşmələr, bloklar yaratmaqla ümumiləşdirmələr aparmaq ən səmərəli strategiyalardan biri kimi qəbul edilir. Başqa sözlə, inteqrasiyaya müasir təhsilin sadə epitetlərindən biri kimi, şou xarakterli anlayış kimi yanaşmaq olmaz. "Təhsildə inteqrasiya dəb, növbəti kampaniya deyildir. O, bu gün insan fəaliyyətinin bütün sferasını xarakterizə edən, əks etdirən bir tendensiyadır".

İnteqrasiya təhsilin bütün struktur elementlərinə aid olduğundan son dövrlərdə "inteqrativ təlim", "inteqrativ dərs", "inteqrativ fənn" və s. anlayışlar da işlənir. Eyni zamanda inteqrativ təlimə xüsusi pedaqoji texnologiyalardan biri kimi yanaşılır.

Təhsildə inteqrasiya ilə bağlı son dövrlərdə yaranmış fikirləri bir neçə qrupa bölmək olar. Onlardan birincisi, inteqrasiyanın ümumipedaqoji və eləcə də fənlərə aid məsələ kimi qoyulması, onlar barəsində mülahizələrin irəli sürülməsi, onların inteqrasiya olunması məsələsidir. Burada inteqrasiyaya cəmiyyətin tərbiyə gücünün inteqrasiyası kimi baxılması, biliklərin fəndaxili inteqrasiyası kimi dəyərləndirilməsi, didaktik sistemin sintezi kimi müddəalar prioritet təşkil edir. Göründüyü kimi, bu müddəalar konseptual mahiyyət kəsb edir və daha ümumi xarakter daşıyır. Bizim fikrimizcə də, təhsildə inteqrativliyin konseptual yanaşma kimi nəzərə alınması onun şəxsiyyətyönümlü mahiyyət kəsb etməsindən irəli gəlir. Şəxsiyyətyönümlülük isə daha çox inteqrativ bilik və bacarıqlara söykənən dəyərlərin mənimsənilməsini tələb edir ki, buna da yalnız inteqrativ təhsil prosesində nail olmaq mümkündür. Çünki "təlimdə inteqrasiyanın nəticəsi şagird təfəkkürünün inkişafında özünü göstərir. O, tədris-idrak fəaliyyətinin səmərəliliyində, sistemləşdirilməsində, eləcə də mədəni savadlılığın mənimsədilməsində təzahür edir".

Bütün bunlar isə koqnitiv (idraki) təhsilin atributlarındandır ki, ona yalnız inteqrativlik şəraitində nail olmaq mümkündür.

İkinci fikir daha ümumi xarakter daşımaqla inteqrasiyanın təhsil prosesinin bütün mexanizmlərində özünü göstərməsini, onun mahiyyətinə çökməsini əhatə edir. Bu zaman inteqrasiya üçün zəruri hesab edilən zahiri görüntülər, əlamətlər istisna olunur.

Azərbaycan pedaqoji fikrində "inteqrativ təhsil", yaxud "təhsilin inteqrasiyası", eləcə də "inteqrativ təlim", "inteqrativ dərs" və s. anlayışlar artıq özünə yer tutmaqla istifadə olunmaqdadır. Müasir təhsil quruculuğunda onlardan yaradıcı şəkildə istifadə edilməkdədir. Azərbaycan təhsilinin elmi-nəzəri, psixopedaqoji problemləri ilə bağlı geniş tədqiqatları olan görkəmli psixoloq professor Əbdül Əlizadə islahatın ilk dövrlərində yazırdı ki, "Müasir dövrdə humanitar fənlərin təbii-elmi fənlərlə inteqrasiyası daha çox vurğulanır. Bu ideya özü-özlüyündə son dərəcə durumludur. Bir tərəfdən elmi-tərəqqi şəraitində məktəb sadəcə olaraq humanitar fənlərin ekstensivləşdirilməsi yolu ilə inkişaf edə bilməz. Digər tərəfdən, fənlərin inteqrasiyasını dövrün sərt məntiqi "təhsil gündəminə" çıxarıb". Respublikamızda bu sahədə ilk addımlar atılıb. "İnsan və cəmiyyət" inteqrativ fəndir. Bu sahədə əldə edilmiş təcrübə elmi-metodik meyarlarla təhlil olunmalıdır. Ən başlıca fənlərin inteqrasiyasının konseptual modeli işlənməlidir. Humanitar fənlərlə təbii-elmi fənlərin inteqrasiya məsələsi də ancaq bu kontekstdə həll oluna bilər  (Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001).

Ölkəmizdə aparılan təhsil islahatları dövründə prioritet fəaliyyət istiqamətlərindən biri inteqrativ təhsilin formalaşdırılması sahəsində aparılan işlər olmuşdur. Bu işləri də iki istiqamətdə qruplaşdırmaq mümkündür ki, bütün hallarda ümumtəhsil, eləcə də digər pillələrdə əldə olunmuş fənlərarası, fəndaxili əlaqələr sahəsində nailiyyətlər öyrənilərək ümumiləşdirilmiş, yeni təcrübənin yaradılmasında onlardan istifadə olunmuşdur. Eyni zamanda inteqrasiya məfhumuna aid mülahizələr nəzərə alınmış, yeni təhsil konsepsiyasının yaradılmasında onlardan istifadə edilmişdir. Belə qənaətə gəlinmişdir ki, "inteqrasiya müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaqla onları sistemləşdirməkdir" (Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, "Təhsil", 2008).

Məlum olduğu kimi, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ilə müstəqillik yolunda ilk addımlarını atan Azərbaycan bütün sahələrdə, o cümlədən təhsil sahəsində ümumi siyasətin zəruri prioritet istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev ölkənin təhsil sahəsində milli siyasətin müəyyənləşdirilməsi ilə bağlı öz töhfələrini verdi. O, Azərbaycanın inkişaf etdirilməsi və müasir dünyadakı mövqeyinin möhkəmləndirilməsi məqsədilə Təhsil İslahatı komissiyasının iclasında çıxış edərək bildirdi ki, "indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan dünya təhsili sisteminin standartlarına uyğunlaşsın" (Azərbaycanın təhsil siyasəti (1998-2004). Bakı, "Çaşıoğlu", 2005.).

Həmin dövrdə qəbul olunmuş İslahat Proqramında bu fikir prioritet istiqamət kimi əsas götürülməklə fəaliyyətlərin əsasına gətirildi. Artıq ilk dəfə olaraq dövlətin islahatçılıq fəaliyyətinin didaktik əsasını təşkil edən prinsiplər qəbul edildi. "Demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanmaqla yeni təhsil sisteminin yaradılması" (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm vəzifələrdən biri kimi İslahat Proqramına daxil edildi və islahatların aparıldığı dövrdə praktik olaraq həmin prinsiplərin reallaşdırılması istiqamətində işlər görüldü. Bu ideya aparıcı bir xətt kimi davam etdirilməklə 2009-cu ildə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda bir daha təsbit olundu.

İslahat dövründə quruculuq işlərinin inteqrasiya prinsipi əsasında aparılmasında başlıca istiqamətlərdən biri məzmunun müasir müstəvidə formalaşdırılması olmuşdur. Təhsilin məzmunu anlayışından danışarkən həmişə onun bilik, bacarıq və vərdişlər sistemindən ibarət olması və proqramlarda, dərsliklərdə əks edilməsi göstərilir. Təbii ki, bu özlüyündə yaddaş məktəbinin göstəricilərindən biri olmaqla zamanında əhəmiyyətli rol oynasa da, informasiyaların sürətlə artdığı elmi-texniki dövrün tələblərinə cavab vermir. Artıq müasir dövrdə insanların həyati bacarıqlara nail olmaları, idraki vərdişlər qazanmaları üçün təfəkkür məktəbini keçməli, məntiqi, tənqidi və yaradıcı təfəkkür qabiliyyətlərinə yiyələnmələri əsas tələb kimi meydana çıxır. Bu isə öz növbəsində məktəb təhsilinin məzmununun inteqrasiya müstəvisində qurulmasını zəruri tələb kimi qarşıya qoyur. Ona görə də ümumi təhsilin yeni məzmununun qurulması zamanı cəmiyyətin ehtiyac və tələbatları nəzərə alınmaqla ölkə miqyasında ümumi təhsilin müxtəlif səviyyələri üçün ümumi nəticələr hazırlandı. Bu nəticələr hər təhsil səviyyəsinin sonu üçün müəyyənləşdirilməklə daha çox insanın idraki, hissi və fiziki inkişafına aid edildi. Milli səviyyədə qəbul olunmuş bu nəticələri mahiyyət etibarı ilə kompetensiyalar kimi də adlandırmaq mümkündür.

Milli səviyyədə qəbul olunmuş nəticələrin reallaşdırılması üçün fənlər müəyyənləşdirildi. Bu fənlərin inteqrativ xarakterdə olması, onların şagird şəxsiyyətinin formalaşdırılmasına yönəldilməsi başlıca cəhət idi.

Ümumiyyətlə, fənn təhsildə nəzərdə tutulmuş məqsədlərin və nəticələrin həyata keçirilməsində mühüm əhəmiyyəti olan məzmun elementidir. Onlar elm sahələrinə əsaslansalar da, zəruri elmi anlayışlardan ibarət müəyyən sistemi təqdim etsələr də, məzmun və struktur elementlərinə görə fərqlidirlər. Fənlər pedaqoji, psixoloji, fizioloji elementləri ilə daha çox öyrədici xarakterə malik olduğundan praktik əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən yaş səviyyəsində inkişafını başlıca məqsəd kimi qarşıya qoyur. Ona görə fənlərə məzmun sahəsində pedaqoji araşdırmaların nəticəsi kimi yanaşılır. Onun həm adlandırılmasında, həm də məzmununun müəyyənləşdirilməsində inteqrativliyin nəzərə alınması vacib tələblərdən hesab edilir. Təhsil islahatlarının aparıldığı dövrdə bu cəhət xüsusilə nəzərə alınmış, məzmun islahatlarının aparılmasında inteqrativliyin gözlənilməsinə önəm verilmişdir.

İnteqrativliyin nəzərə alınmasında iki cəhət əsas götürülmüşdür. Birinci, fənlərin inteqrativ xarakterdə olmasına diqqət yetirilmişdir. Fənlərin nəzəri və praktik funksiyalarının artırılması üçün onların imkan daxilində, daha çox elm sahələrinə aid anlayışları əhatə etməsinə, sinkretik xarakterdə olmasına diqqət yetirilmişdir. Əldə olunmuş təcrübələr də onu göstərir ki, uyğun elm sahələrinin müəyyən müstəvidə əlaqələndirilməsi, bütövləşdirilməsi və vahid formada təqdim olunması təlim marağını yaradan başlıca vasitələrdən hesab edilir. Uşaqlar müxtəlif elm sahələrinin qovşağında, əlaqəli anlayışların sintezində daha məhsuldar çalışmaqla təlim nailiyyətləri qazana bilirlər.

Təhsil islahatının gedişi dövründə bu cəhət nəzərə alınmaqla ümumtəhsil fənlərinin tərkibi ölkə səviyyəli ümumi təlim nəticələri (standartlar) baxımından müzakirə olunaraq yeniləşdirilmişdir. Hər fənnin ümumtəhsil sistemindəki yeri və rolu əsaslandırılmış, ondan gözlənilən nəticələr müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədində fənlərin sayı azaldılmışdır. Belə ki, "İnsan və cəmiyyət", "Azərbaycan Respublikasının Konstitusiyası", "İqtisadiyyatın əsasları", "Təbiətşünaslıq" "Həyat bilgisi"nə, "Rəsmxət", "Əmək hazırlığı" "Texnologiya"ya, "Astronomiya" "Fizika"ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan 18-ə endirilmişdir. Bütün fənlərin praktik istiqamətdə gücləndirilməsi, onların şəxsiyyətdə dəyərləri formalaşdırılmasına yönəldilməsi prioritet hesab edilmişdir. Ən başlıcası onların koqnitiv (idraki) istiqamətdə funksiyalarının artmasına üstünlük verilmişdir.

İnteqrativ fənlərin yaradılması məntiqi olaraq inteqrativ proqram və dərsliklərin, eləcə də dərs vəsaitlərinin yaradılması zərurətini doğurur. Təhsil siyasətindən irəli gələn vəzifə kimi yeni fənlər üzrə təhsil proqramlarının (kurikulumların) inteqrativ xarakterə malik olması onların şəxsiyyətin formalaşması baxımından konseptual xarakter daşıması, istiqamətverici mənbəyə çevrilməsi mühüm şərt hesab edilir. Yeni təhsil proqramlarında (kurikulumlarda) bu məsələyə xüsusi olaraq diqqət yetirilmiş, şagirdlərin siniflər, səviyyələr üzrə inkişafına qoyulan standart tələblər hazırlanmışdır. Ölkə miqyasında ilk dəfə hazırlanan bu standartlar özlərinin inteqrativ xarakterinə görə təlim əhəmiyyəti daşıyır. Əvvəla, onlar hər mərhələdə şagirdlərin inkişaf səviyyələrinə qoyulan dövlət tələbi hesab edilməklə həm təlim, həm də inkişafın idarə olunması baxımından maraq doğurur. Təhsildə maraqlı olan hər kəsin fəaliyyətinin nizamlanmasına imkan yaradır.

  İkinci isə fənlər arasında və fəndaxili inteqrasiyanın nəzərə alınmasıdır. İnsanlar özlərini inkişaf etdirmək üçün bu təhsil yanaşmasına həmişə istinad etmişlər. Ona görə də ənənəvi və klassik pedaqogikada bu məsələyə yer ayrılmış, fənlərarası əlaqə və fəndaxili əlaqələrin əhəmiyyətindən bir prinsip, yaxud metod kimi danışılmışdır. Fənlərin tədrisi metodikasında həmin məsələ praktik əhəmiyyəti olan bir problem kimi özünə yer tutmuş, ötən əsrin sonlarında ayrı-ayrı fənlərin proqramlarına gətirilmiş, orada xüsusi qeydlərin verilməsi məqsədəuyğun hesab edilmişdir. Bu qeydlər ümumi epizodik xarakter daşısa da, müəllimlərin marağına səbəb olmuş, tədris fəaliyyətlərinin səmərəli qurulmasında  əhəmiyyətli rol oynamışdır. Müasir dünyada informasiyaların çoxalması əlaqələrin sıxlaşması, ardıcıl və sistemli qurulması zərurətini yaratmışdır. Xüsusilə təhsildə onun didaktik əsasda qurulması mühüm pedaqoji problem kimi meydana çıxmışdır. Fənlərarası və fəndaxili əlaqələrin inteqrasiya müstəvisinə gətirilməsi, onun mühüm təhsil prinsiplərindən birinin tərkib hissəsi kimi nəzərə alınmaqla tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir. Elə bu səbəbdən də təhsilin bütün səviyyələri üzrə təlimin məzmunu, təşkili və idarə olunması parametrlərində onun ciddi nəzərə alınması barədə nəticələrə gəlinmişdir.

Araşdırmalar göstərir ki, fənlərarası və fəndaxili münasibətlərin sadəcə əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə, fənlərarası və fəndaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol açır. Şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.

"İnteqrativ öyrənmə şagirdlərin ətraf mühitin müəyyən aspektlərini müxtəlif fənlərə aid biliklər vasitəsilə geniş araşdırılmasıdır" (Kərimov F.Y., Əhmədova M.C., Varella G, Reyli Ə. İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Bakı, "Adiloğlu", 2006). Fənlərarası və fəndaxili əlaqə bu imkanları genişləndirməklə şagird fəaliyyətini məntiqi, tənqidi və yaradıcı məcrada istiqamətləndirir, onun koqnitiv xarakter almasına təsir göstərir.

Yeni konsepsiyaya uyğun yaradılmış təhsil proqramlarında (kurikulumlarda) inteqrasiya əsas tələblərdən biri kimi nəzərə alınmışdır. Orada bütün hissələrin arasında inteqrativliyin gözlənilməsinə xüsusi diqqət yetirilmişdir. Ona görə də hər bir fənn üzrə yeni təhsil proqramlarının (kurikulumların) məzmun, strategiya və qiymətləndirməyə aid hissələri arasında bağlılıq yaradılmış, onları bütöv bir konseptual sənəd kimi formalaşdırmaq mümkün olmuşdur.

Fənlər üzrə təhsil proqramlarında (kurikulumlarda) inteqrasiya, fənnin təlimi məzmunun komponentlərindən biri kimi hazırlanmışdır. Xüsusi cədvəllər formasında verilən həmin materiallarda fənlər üzrə uyğun gələn nəticələrin əlaqəliliyi ifadə edilmişdir. Nəticələrin kodları göstərilməklə əlaqəlilik koordinasiya olunmuşdur. Hər bir fənnə aid nəticələrin məntiqi bağlılığı, ardıcıl inkişafa xidmət göstərməsi mühüm tələb kimi diqqət mərkəzində saxlanılmışdır.

Təhsil proqramlarının (kurikulumların) məzmununda fənlərarası və fəndaxili inteqrasiyanın nəzərə alınması, təhsil standartlarının əlaqəliliyi baxımından onların konkret olaraq göstərilməsi və təsdiq olunaraq istifadəyə verilməsi, ilk növbədə, bu inteqrasiyanın ciddiliyinə dəlalət edir və onun yerinə yetirilməsini şərtləndirir. Hər hansı dərslik komplektinin yazılmasında ona minimum tələb kimi dəyər verilir. Ona görə də dərslikləri və dərs vəsaitlərini yazanlar, birinci növbədə, təhsil proqramlarının (kurikulumların) bu baxımdan xüsusiyyətlərini yaxından öyrənməli və fəaliyyətlərinin əsasına gətirməlidirlər.

Yeni təhsil konsepsiyasında təlimin inteqrativ məzmununun ardıcıl olaraq davam etdirilməsi, onun yeni texnologiyalar zəminində mənimsənilməsini tələb edir. Başqa sözlə, inteqrativ məzmun inteqrativ texnologiyanın olması zərurətini meydana çıxarır. Sinkretik xarakterinə görə dərs bunların içərisində ən əhəmiyyətlisi hesab edilir. Akademik M.M.Mehdizadənin təbirincə demiş olsaq, "...dərs pedaqoji prosesin hüceyrəsi deyil, onun özəyidir, onun həlledici hissəsidir. Onda pedaqogikanın xeyli hissəsi deyil, şagirdlərin təlim və tərbiyəsinin məzmunundan, yollarından, prinsip və metodlarından bəhs olunan əsas hissəsi cəmlənir" (Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim və tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı, "Maarif", 1982.). Bu mənada dərs özü də təlimin ən inteqrativ formalarından biri kimi dəyərləndirilir və orada müxtəlif parametrli pedaqoji fəaliyyətlərin birləşdirildiyi aydın görünür.

Təbii ki, bu inteqrativlik, ilk növbədə, təlimin inteqrativ məzmununun məntiqi davamıdır. Onun növbəti addımda reallaşdırılmasıdır. İkinci isə müəllimin bir dərs saatında fəaliyyətini istiqamətləndirən plandır. Bu planda inteqrasiya elementinin olması, onun mövzu, məqsəd, üsul və təchizatlar sisteminin daxil edilməsi müasir pedaqoji tələblərdən hesab edilir. Belə ki, müəllim özünün gündəlik dərs planında təlim məqsədinə uyğun olaraq reallaşdırdığı strategiyalara inteqrasiya məsələlərini daxil edir. Fəaliyyətinin inkişafyönümlü olmasında ona mühüm amil kimi yanaşır. Müəllim həm də planının ümumi müddəalarında dərsin gedişinə aid apardığı qeydlərdə inteqrasiyadan necə istifadə etdiyini nəzərə çatdırır. Təhsil proqramlarına daxil edilən dərs planı nümunələrində inteqrasiya elementlərinin seçilməsi, yerləşdirilməsi, bir texnologiya kimi ondan istifadə olunması barədə tövsiyələr verir.

Bu tövsiyələr təlim prosesinin, onun təşkilat formalarının bilavasitə inteqrativ əsasda qurulmasına aid istiqamətverici bir resursdur. Ona bir nümunə kimi yanaşmaq və ondan yaradıcı istifadə etmək hər bir müəllimin vəzifəsidir. Bundan əlavə, təhsil proqramlarında (kurikulumlarda) perspektiv (illik) planlaşdırma nümunələrində də inteqrasiya xüsusi komponent kimi nəzərdə tutulur.

Ötən ilin dekabrında Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında ölkəmizdə aparılan təhsil islahatlarına, onun məzmununda gedən dəyişikliklərə xüsusi qiymət verilir. Göstərilir ki, "Təhsilin məzmunca yeniləşməsinə istiqamətlənmiş islahat tədbirləri görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır".

İlk növbədə, burada ümumi təhsilin kulturoloji yanaşma tərzi ilə formalaşmış şəxsiyyətyönümlü və nəticəyönümlü məzmununun yaradılması bu addımlardan biri kimi diqqəti cəlb edir. Eyni zamanda ümumtəhsildə dəyərləri ifadə edən ümumi nəticələrin (kompetensiyaların), eləcə də inteqrativ fənlərin yaranmasını, ümumiyyətlə, fənlərdə inteqrativliyin güclənməsi əldə olunmuş nailiyyətlərdəndir.

Hazırda aparılan islahatyönümlü işlərə və onların sürətinə gələcəyin prizmasında daha yüksək tələblər qoyulur. "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasında qeyd olunur ki, Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası güclənəcəkdir". Bu fikir ulu öndər Heydər Əliyevin 90-cı illərin sonunda Azərbaycan təhsilinin dünya və Avropa təhsilinə inteqrasiya olunması barədə söylədiyi fikirlərin davamı kimi səslənməklə müasir dövrdə təhsil sahəsində vəzifələrimizi müəyyənləşdirir.

Dünya və Avropa təhsilinə inteqrasiya olunma, hər şeydən əvvəl, təhsilin bu sahələrində qlobal təhsil tendensiyalarını davam və inkişaf etdirmək zərurətini doğurur. Bu tendensiyalardan biri təhsildə inteqrasiyadır. Təhsilin inteqrasiyası ilə bağlı fəaliyyətləri qurmaq üçün artıq normativ-hüquqi baza vardır. Azərbaycanda həyata keçirilən təhsil siyasətində inteqrasiya mühüm prinsip kimi qəbul olunaraq təhsil sahəsindəki fəaliyyətlərin əsasına gətirilmişdir.

Gələcəkdə ümumi təhsilin məzmununun inteqrasiyasında nələr prioritet ola bilər?

Bu ritorik sualın ətrafında düşünərkən əldə olunmuş təcrübələri və təhsildəki mövcud durumu nəzərə almaqla bir daha "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasının təhsil haqqında müddəalarına qayıtmaq məntiqi cəhətdən məqsədəuyğun hesab edilir. Bu sənəddə ümumtəhsillə bağlı qeyd olunur ki, "12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək. Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçiriləcəkdir".

Göründüyü kimi, bu müddəadan Azərbaycanın gələcək məktəbinin üfüqləri görünür. Həmin üfüqlərdə bərq vuran, parıldayan "düşüncə məktəbi"nin zərrin işıqlarıdır ki, ona çatmaq üçün ümumi təhsilin elmi-metodiki sferasını dəyişmək, müvafiq yanaşmalardan, texnologiyalardan istifadə etmək lazımdır. Dünya təhsilində "inteqrativ təhsil" belə texnologiyalardan biri hesab edilir ki, islahatın ilk illərindən başlayaraq ondan istifadə olunur. Pedaqoji mənbələrdə göstərilir ki, "XX əsrin 70-ci illərindən başlayaraq təbiət elmləri sahəsində yeni fənlərarası elmi istiqamət - sinergetika meydana gəlir. Hansı ki, həmin sahə müxtəlif mürəkkəb makrosistemlərin - fiziki, kimyəvi, bioloji, texniki, iqtisadi, sosial və sair elmlərin özünütəşkilini, ümumi qanunauyğunluqlarını, prinsiplərini ehtiva edir... Fənlərarası biliklərin metodologiyasının spesifikası başlıca olaraq inteqrativlik sintezləşdirmə tendensiyası ilə bağlıdır" (Pedaqoqiçeskiye texnoloqii: Uçebnoe posobiye dlya studentov  pedaqoqiçeskiye spesialnostey/Pod obşey red. V.S.Kukulina. - Seriya "Pedaqoqiçeskiye obrazovaniya". - Moskva KKÇ "MarT"; Rostov N/D: İzdatelskiy sentr "Mar T", 2004.).

Araşdırmalardan belə nəticəyə gəlinir ki, "...sinergetikanın nailiyyətləri humanitar və dəqiq elmlərin ənənələrinin, metodlarının  və yanaşmalarının köməyi ilə təhsilin modernləşdirilməsi üçün geniş imkanlar açır" (Pedaqoqiçeskiye texnoloqii: Uçebnoye posobiye dlya studentov pedaqoqiçeskiye spesialnostey/ Pod obşey red. V.S.Kukulina. - Seriya "Pedaqaqiçeskiye obrazovaniya". - Moskva KKÇ "MarT"; Rostov N/D: İzdatelskiy sentr "MarT", 2004).

Bu modernləşmə prosesində  humanitar və dəqiq elmlərin qovşağı yaranır. Həmin qovşaqda inteqrativ standartlar hazırlamaq, inteqrativ dərslər keçmək və inteqrativ düşüncə tərzi formalaşdırmaq istiqamətində fəaliyyətlər birləşir.

Məlum olduğu kimi, ümumi orta təhsil icbaridir. "Təhsil haqqında" Qanunda onun məqsədi belə göstərilmişdir: "Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir" ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. Kurikulum jurnalı, 2009, 4.).

Göründüyü kimi, ümumi təhsilin bu səviyyəsində şagirdlərin inkişafı ilə bağlı müəyyən olunmuş məqsədlər daha çox həyati xarakterdə olub praktik əhəmiyyət daşıyır. Onları reallaşdırmaq üçün şagirdlərə ən zəruri biliklər əsasında daha çox praktik faydası olan bacarıqlar, qabiliyyətlər aşılamaq lazımdır. Bu təhsil səviyyəsi üçün Milli Kurikulumda müəyyən olunmuş ümumi nəticələr də bilavasitə idraki, hissi və psixomotor bacarıqlardan ibarət dəyərlərin formalaşmasına yönəldilmişdir. O səviyyəyə aid fənlər də məhz həmin tələblər əsasında bir daha nəzərdən keçirilməli və müvafiq fənlərin birləşməsindən ibarət inteqrativ fənlər yaradılmalıdır. Bu baxımdan "Kimya", "Fizika", "Biologiya" fənlərinin inteqrasiya olunaraq bir fənn kimi tədris planına daxil edilməsi məntiqə uyğun hesab edilir. Eyni zamanda şagirdlərin artıq təlim yükündən azad olması, onlarda inteqrativ təfəkkürün formalaşması baxımından faydalı bilinir.

Ümumi orta təhsil səviyyəsində şagirdlərdə ictimai şüurun formalaşdırılması onlarda müəyyən təsəvvürlərin yaradılması heç də ictimai elmlərin diferensiasiya olunaraq geniş planda tədrisini tələb etmir. Əksinə, ictimai fənlərin bir müstəvidə inteqrasiya olunması şagird şəxsiyyətinin formalaşdırılması baxımından əhəmiyyətli sayılır.

Məlum olduğu kimi, "Azərbaycan dili" və "Ədəbiyyat" fənlərinin təlimi sahəsində ölkəmizdə böyük ənənə yaranmış və geniş təcrübə toplanmışdır. Son dövrlərdə bu fənlər üzrə yeni təhsil proqramları (kurikulumları) hazırlanarkən bu baxımdan həm Azərbaycanda, həm də dünyanın inkişaf etmiş ölkələrində mövcud vəziyyət öyrənilərək təhlil olunmuş, yeni fənn standartlarının yaradılmasında onlara istinad edilmişdir. Azərbaycan dilinin müxtəlif üslublu mətnlər üzərində öyrədilməsi texnologiyası praktik əhəmiyyəti olan təcrübə kimi genişləndirilmiş, onun icbari təhsil səviyyəsində ədəbiyyatla birləşdirilərək inteqrasiya olunması imkanları reallaşdırılmışdır. Əslində bu reallıq hər iki fənnin məqsəd və vəzifələrinə uyğun olaraq hazırlanmış sinif standartlarındakı oxşarlıqdan irəli gəlmişdir. Eyni zamanda hər iki fənnin nitq mədəniyyəti formalaşdırmaq istiqamətində müəyyənləşdirilmiş vəzifələrinin məntiqi davamı kimi meydana çıxmışdır. Ona görə də bu fənlərin icbari təhsil səviyyələrində bir adda inteqrasiya olunması gələcəkdə həyata keçirilən islahatyönümlü tədbirlərdən biri ola bilər.

Ümumtəhsildə inteqrasiyanın aparılması bu sahədə ciddi elmi, pedaqoji, metodik araşdırmaların təşkilini istisna etmir. İnteqrasiya sahəsində praktik fəaliyyətimizin nəzəri-pedaqoji əsaslarının öyrənilməsi, bütövlükdə islahatçılıq fəaliyyətimizin əsasına gətirilməsi bu günümüzün təxirəsalınmaz vəzifələrindən biri kimi öz həllini gözləyir.  

Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyinin şöbə müdiri,
"Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" 
alt-komponentinin koordinatoru, əməkdar müəllim 

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
 Kurikulum Mərkəzinin direktoru, əməkdar müəllim
 

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov