Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Şəxsiyyət və zaman

 

Dünya sivilizasiyasına dahi şəxsiyyətlər, böyük alimlər, korifey sənətkarlar təqdim edən Azərbaycanımız yola saldığımız əsrdə dünyanın siyasət aləminə bütün dövrlər üçün müdrik və əvəzolunmaz bir siyasətçi, ulu öndər Heydər Əliyevi ərmağan etmişdir.

Ulu Tanrı Azərbaycanımızın bütövlüyü, bölünməzliyi və dövlət quruculuğu istiqamətində xilaskarlıq missiyasını şərəflə yerinə yetirən dahi rəhbər Heydər Əliyevi vaxtında və olduqca məsuliyyətli bir dövrdə Azərbaycan xalqına yenidən bəxş etmişdir.

Həyatı və fəaliyyəti nəsillərə nümunə olan ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Müasir Azərbaycanın memarı və yaradıcısı Heydər Əliyev şəxsiyyəti böyüklüyü, ucalığı, aliliyi və sadəliyi ilə xalqımızın and, güvənc yerinə çevriləcəkdir.

Son illərdə ölkə həyatının digər sahələrində olduğu kimi təhsil sahəsində də məqsədyönlü tədbirlər görülür. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan islahatlar bu gün ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir, dövlət başçısının imzaladığı sərəncamlar və fərmanlar təhsilin maddi-tədris bazasının, kadr potensialının, elmi-metodik və informasiya təminatının daha da yaxşılaşdırılması sahəsində geniş imkanlar yaradır.

Hazırda respublikanın digər bölgələrində olduğu kimi, Cəlilabad rayonunun təhsil müəssisələrində də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair" fəaliyyət planı tərtib olunmuşdur.

Belə ki, rayonun təhsil müəssisələrində VIII-XI sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqələri keçirilmiş, akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bətulə Hüseynzadə müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. Eyni zamanda əvvəlki illərdə də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqələrinin respublika mərhələsində rayonumuzun məktəbləri müntəzəm olaraq iştirak etmiş və 4 il ardıcıl olaraq I və III dərəcəli  diplomlarla təltif edilmişlər.

Rayonun təhsil müəssisələrində  aprel ayının ikinci ongünlüyündə tanınmış ziyalıların, şair və yazıçıların, iş adamlarının, əmək veteranlarının iştirakı ilə ulu öndər Heydər Əliyevə həsr edilmiş təntənəli yubiley tədbirləri, konfranslar və "dəyirmi masa"lar keçirilmişdir. Cəlilabad şəhər 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-liseydə, akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə, Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə, Cəlilabad şəhər 6 nömrəli ümumi orta məktəbdə, Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbdə, Zopun, Şiləvəngə, Kövüzbulaq kənd 2 nömrəli, Cəngan, Uzuntəpə kənd 1 nömrəli, Şabanlı, Gülməmmədli, Cəlayir, Komanlı, Burovar və Bayxanlı kənd tam orta məktəblərində keçirilmiş "dəyirmi  masa"larda ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, dövlət quruculuğu, xarici siyasət, elm, təhsil və mədəniyyətin, eləcə də idmanın inkişafındakı misilsiz xidmətlərindən danışılmışdır. Tədbirlərdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş, şeirlər, mahnılar səsləndirilmişdir.

Aprel ayında ümumtəhsil məktəb müəllimləri və şagirdlərin iştirakı ilə müxtəlif idman yarışları, rəsm, plakat, şeir, hekayə və inşa müsabiqələri keçirilmiş və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir. Cəlilabad şəhər  Heydər Əliyev adına Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti  ilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların  II  respublika  müsabiqəsinin zona mərhələsi keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş ümumtəhsil məktəb müəllimləri arasında  rayon Şahmat məktəbində keçirilmiş şahmat idman növü üzrə rayon birinciliyində rayonun ümumtəhsil məktəblərindən 30 nəfər müəllim iştirak etmişdir. Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Rövşən Cavadov, Cəlilabad şəhər 5 nömrəli ümumi orta məktəbin müəllimi Əlisəfa Əmənov və Privolnoye kənd 1 nömrəli tam orta məktəbin müəllimi İsabala Ağayev müvafiq olaraq I və III yerləri tutaraq turnirin qalibləri olmuşlar.

Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində rayonun bütün tipdən olan ümumtəhsil məktəblərində mayın 10-da ilk dərs ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr ediləcəkdir.  

Nadir BABAYEV,
Cəlilabad RTŞ-ın metodkabinet müdiri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov