Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində ulu öndər
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
"Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin
azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası
kimi" adlı elmi-nəzəri konfrans keçirilmişdir.
Üç bölmədən ibarət bu konfransda 60-dan artıq elmi
məruzə dinlənilmişdir.
Konfransı giriş sözü ilə açan rektor, professor Timuçin
Əfəndiyev ADMİU-da keçirilən silsilə tədbirlərdən,
müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi
fəaliyyətindən və mədəniyyət sahəsindəki misilsiz
xidmətlərindən danışaraq demişdir: "Tarix uzaqlaşdıqca
biz Heydər Əliyev dühasının əzəmətini, onun
şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik.
Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim
əhatəmizdədir. Çünki ulu öndərin layiqli davamçısı -
Prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri
olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu
dövlətçilik prinsipləri ilə idarə edir. Bu misilsiz
şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini,
tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca
çətindir. Heydər Əliyevin miras qoyduğu sərvətlər
içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur.
Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin
mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və
incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri
konsepsiyaları müəyyənləşdirir".
Heydər Əliyevin irsi üzərində aparılan tədqiqatlardan
geniş danışan natiq nəticə olaraq ulu öndərin bütün
sahələrdən - ədəbiyyatdan, teatr və kino sənətindən,
musiqi və rəssamlıqdan da bəhs edəndə həmin sahələrə
məhz dövlətçilik mənafeləri baxımından yanaşdığını
vurğulamışdır. Azərbaycan dili, ədəbiyyatı,
mədəni-mənəvi dəyərləri ümummilli liderin
azərbaycançılıq fəlsəfəsinin, müstəqil Azərbaycanın
milli və dövlət ideologiyasının əsas məxəzləri,
bədii-fəlsəfi mənbələrindən olduğunu qeyd etmişdir.
Sonra xalq artisti, professor Eldar Quliyev, filologiya
elmləri doktoru, professor Aqşin Babayev, filologiya
elmləri doktoru, professor Nizaməddin Şəmsizadə,
professorlar Qərinə Kərimova, Zamik Əliyev çıxış edərək
ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətimizə
qayğısından, fenomen yaddaş sahibi olmasından,
azərbaycançılıq ideologiyasından danışmışlar.
Çıxışlarda vurğulanmışdır ki, Heydər Əliyev elə bir
tarixi şəxsiyyət idi ki, o çox vaxt zamanla hesablaşmır,
öz zamanını yaradırdı və biz əminik, nə qədər ki,
Azərbaycan adlı məmləkət, Azərbaycan xalqı var Heydər
Əliyev adı əbədi yaşayacaqdır.
Sonra "Heydər Əliyev: Mədəniyyət və əbədiyyət" adlı
kitabın təqdimat mərasimi, "Mədəniyyətin böyük hamisi"
adlı sənədli filmə baxış keçirilmişdir.
Konfrans işini bölmə iclasları ilə davam etdirmişdir.
|