Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"Heydər Əliyev və Azərbaycanın intellektual potensialının inkişaf dinamikası" mövzusunda Respublika elmi-praktik konfransı

 

Mayın 7-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanın intellektual potensialının inkişaf dinamikası" mövzusunda Respublika elmi-praktik konfrans keçirilmişdir.

Tədbirdə institutun professor-müəllim heyəti ilə birgə respublikanın tanınmış ziyalıları, millət vəkilləri, müxtəlif ictimai təşkilatların, təhsil ictimaiyyətinin və KİV-in nümayəndələri iştirak etmişlər. Öncə iştirakçılar institutda yaradılan Heydər Əliyev Muzey-lektoriyası ilə tanış olmuşlar. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov "Heydər Əliyev siyasətində intellektual potensialın inkişafı" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.  Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanmış öndər kimi qalmışdır. Təsadüfi deyildir ki, onun qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi ilə hər cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırırdılar.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınmış  nüfuzlu bir dövlətə çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev daxili və xarici siyasətdə çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində bütün sahələrdə əsaslı dönüş yaratdı. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına xüsusi diqqət ayırdı, intellektual potensialın formalaşmasına şərait yaratdı.  Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünürdü. Məhz həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual potensial formalaşmışdır.

1969-cu ildən - Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan respublikamızdan kənarda - Moskva, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdəki ali məktəblərdə ən nüfuzlu ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması onun siyasətində aparıcı istiqamət idi. Həmin illərdə adıçəkilən universitetlərə doktorantura və aspiranturaya göndərilənlər hazırda Azərbaycanda güclü elmi məktəblər yaradıblar.

Ensiklopedik təfəkkürlü dərin erudisiyalı müdrik şəxsiyyət olan Heydər Əliyev milli mənəvi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşməsində, Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında geniş fəaliyyət göstərmişdir. Klassiklərimizin xatirələrinin əbədiləşdirilməsi, onların heykəllərinin ucaldılması SSRİ məkanında, o cümlədən Azərbaycanda o dövr üçün çox böyük hadisə idi.

 Vaxtı ilə Məhəmməd Hadi "Yox millətimin imzası imzalar içində" deyərək, təəssüf hissi keçirirdisə, hazırda Azərbaycan dünyanın ən  nüfuzlu beynəlxalq təşkilatlarının üzvü olaraq ən qlobal məsələlərə həsr edilmiş iclaslara sədrlik edir. Dünyanın 70-ə qədər ölkəsində uğurla fəaliyyət göstərən səfirliklərimizin, nümayəndəliklərimizin mövcudluğu "Var millətimin imzası imzalar içində" söyləməyə əsas verir.

Rektor daha sonra vurğuladı ki, intellektual potensialın inkişafı istiqamətində institutumuz da bir sıra nailiyyətlər qazanmışdır. Belə ki, institutumuzun əsas təşkilatçılığı ilə son 5 ildə 7 beynəlxalq elmi konfransın yüksək səviyyədə keçirilməsi, dünyanın 30-dan çox ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığımız, professor-müəllim heyətinin nüfuzlu impakt faktor göstəricisi olan elmi jurnalların redaksiya heyətində  təmsil olunması əsası ümummilli lider  Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasətin nəticəsidir.

İnanırıq ki, ölkəmizin Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaqdır.

Konfransda millət vəkili Çingiz Qənizadə "Heydər Əliyev və Azərbaycan dövlətinin qanunvericilik bazasının təşəkkülü", Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov "Heydər Əliyevin gənclər siyasəti", Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov "Heydər Əliyev fəaliyyətinin Moskva dövrü" mövzularında məruzələrlə çıxış edərək ümummilli liderin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından söz açdılar.

Konfrans Heydər Əliyev haqqında sənədli filmin  nümayişi ilə başa çatdı.  

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov