Azərbaycan
xalqının dahi oğlu Heydər Əliyevin 90 illik yubileyi
münasibəti ilə ölkəmizin hər yerində, o cümlədən də
təhsil ocaqlarında keçirilən silsilə tədbirlər
xalqımızın öz ümummilli liderinə sonsuz məhəbbət və
ehtiramının ifadəsinə çevrilmişdir.
Bakıdakı 204 nömrəli tam orta məktəbin kollektivi də ulu
öndərin əziz xatirəsinə hörmətini ona həsr olunmuş
rəngarəng tədbirlərlə bildirmişdir. Belə ki, yubiley
ərəfəsində məktəbdə inşa, şeir, əl işləri, veb-sayt
müsabiqələri, idman yarışları keçirilmiş, qaliblər
mükafatlandırılmışlar.
Aprelin 25-də isə məktəbdə həmin tədbirlərə bir növ
yekun vuran ədəbi-musiqili gecə keçirilmişdir. Məktəb
xorunun ifasında Dövlət himni ilə açılan tədbirdə öncə
tədris ocağının direktoru Ziba Rzayeva çıxış edərək
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən
söz açmış, ulu öndərin ölkəmizin inkişafında, dünyada
tanınmasında, müstəqil dövlətimizin qurulması və
möhkəmləndirilməsində misilsiz xidmətlərindən
danışmışdır. Z.Rzayeva bildirmişdir ki, təhsilimizin,
böyüməkdə olan nəslin təlim-tərbiyəsinin vəziyyəti ulu
öndərimizi daim düşündürmüş, bu məsələlər istər
ideya-nəzəri irsində, istərsə də dövlət rəhbəri kimi
əməli fəaliyyətində ən üstün istiqamətlərdən olmuşdur.
Direktor əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu
quruculuq siyasətinin, təhsilə, mədəniyyətə və digər
sahələrə dövlət qayğısının bu gün də ölkə Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
diqqətə çatdırmışdır.
Tədbirin aparıcıları iştirakçıları salamlayıb və müasir
Azərbaycan dövlətinin qurucusu, dünya
azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev
işığına toplaşdıqlarını bildirdikdən sonra söz mahnıya,
şeirə verilmişdir. X "d" sinif şagirdləri Jalə
"Azərbaycan, bir də Heydər" şeirini, Aliyə "Azərbaycan"
mahnısını ifa etmişlər. Aparıcılar Heydər Əliyevin
zəngin ömür yolundan, fəaliyyətinin ayrı-ayrı
istiqamətlərindən, xalqımız qarşısındakı xidmətlərindən
söz açmışlar. Ulu öndərin həyat və fəaliyyətinin
ayrı-ayrı məqamlarını əks etdirən slaydlar nümayiş
olunmuşdur. Sonra müdrik adamların Heydər Əliyev
haqqında dedikləri kəlamlar diqqətə çatdırılmış,
məktəbin istedadlı şagirdləri ulu öndərə, Vətənə həsr
olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmişlər.
Məktəbin IX "c" sinif şagirdi Sevinc ulu öndərə həsr
etdiyi şeirini oxumuşdur.
Məktəbin dil-ədəbiyyat müəllimlərinin, şagirdlərin birgə
əməyinin məhsulu olan və şagirdlər tərəfindən istedad və
ustalıqla təqdim olunan ədəbi-bədii kompozisiya tədris
ocağı kollektivinin ulu öndərin xatirəsinə layiqli
töhfəsi olmuşdur.
Yusif ƏLİYEV |