Olduqca
zəngin və şərəfli bir həyat yolu keçmək, yüksək
keyfiyyətləri ilə milyonların qəlbində özünə heykəl
ucaltmaq, azadlıq hissini bütün varlığı ilə xalqına
yaşatmaq xoşbəxtliyi çox az liderə nəsib olur. Tanrının
hökmü ilə belə şəxsiyyətlər həm də xilaskarlıq
missiyasını yerinə yetirirlər. Bu baxımdan ümummilli
lider Heydər Əliyev bütöv bir xalqın tarixində özünə
əbədi yer tutmuş dahi şəxsiyyətdir. Bu günlərdə
xalqımız ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyini böyük təntənə ilə qeyd edir. Ölkə Prezidenti
İlham Əliyevin böyük rəhbərin 90 illik yubileyi ilə
bağlı imzaladığı sərəncamda deyilir: "Heydər Əliyev öz
siyasi dühası ilə Azərbaycanın müasir simasını
müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər
qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan
misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar
paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və
rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və
elm, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də
ictimai-siyasi həyatımızda öz əksini tapmışdır".
Bütün bunlar barədə düşünəndə mən özümün,
övladlarımızın, bütün xalqımızın həyatını göz önünə
gətirirəm. Ulu öndər bizim hamımızın həyatında böyük bir
iz qoyub. Çoxumuza onun gördüyü titanik işlərin şahidi
və bilavasitə iştirakçısı olmaq, rəhbərliyi ilə
qurulub-yaradılanlardan bəhrələnmək xoşbəxtliyi nəsib
olub.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə
hakimiyyətə gəldiyi dövrdə mən Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü və partiyanın Yasamal Rayon
Təşkilatı İdarə Heyətinin sədr müavini idim. Eyni
zamanda YAP-ın Yasamal Rayon Qadınlar Şurasının sədri
seçilmişdim. İstər xidməti işimdə, istərsə də ictimai
vəzifələrdə mənə göstərilən etimadı öz fəaliyyətimlə
doğrultmağa çalışırdım. Bu vəzifələri layiqincə yerinə
yetirməyə gücüm çatdığı üçün özümü xoşbəxt sayıram.
Düşünürəm ki, bu, belə olmalı idi. Əgər hər hansı bir
insana etimad göstərilirsə, etibar edilirsə, o özündə
güc tapmalı, ona bəslənən inamı doğrultmağa cəhd
etməlidir.
1969-cu il idi. Ali məktəbi yenicə bitirmişdim. Ulu
öndərin o vaxt keçirdiyi ilk plenumun - Azərbaycanın
tarixinə "Avqust plenumu" kimi düşmüş həmin möhtəşəm
tədbirin gedişini qəzetlərdən, radio və televiziyadan
izləyirdim. Daxilimdə işləməyə, öyrənməyə, öyrətməyə,
irəliyə getməyə bir həvəs oyanmışdı. Dərk edirdim ki,
respublikaya rəhbərlik edən bu uzaqgörən siyasətçinin
başladığı böyük işlərə hamı dəstək verməlidir.
Heydər Əliyevin o dövrdə Azərbaycanın inkişafı naminə
gördüyü işlər bu gün də gözümün qarşısındadır.
Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik
məharəti, ən əsası isə yüksək vətənpərvərliyi, milli
ideallara bağlılığı ilə ulu öndər ilk gündən
Azərbaycandakı mövcud sosial-iqtisadi problemləri aradan
qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını
gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş
korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini
genişləndirmək istiqamətində əzmkarlıq göstərir,
mütərəqqi idarəçilik ənənələrinin bünövrəsini qoyur,
cəmiyyətin normal inkişaf ahəngini təmin edirdi. Böyük
öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən
düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi
iradə, qətiyyət və prinsipiallıq göstərirdi. Onun
insanlarla keçirdiyi çoxsaylı görüşləri televiziya
vasitəsilə izləyirdik. Əbədiyaşar liderin müxtəlif idarə
və təşkilatlara qəflətən getməsi, meydanlarda, dövlət
idarələrində xalqın dərd-sərini, problemlərini, arzu və
istəklərini yaxından öyrənməsi, vəzifəsinin öhdəsindən
gələ bilməyən məmurlar barəsində sərt qərarlar verməsi
ilə bağlı çoxlu sayda maraqlı faktlar misal göstərmək
olar. Pambıq tarlalarınacan gedirdi. Hər yerdə
insanlarla ünsiyyət qurur, söhbət edir, sual verir,
cavab alırdı. Təsərrüfat sahələri inkişaf etdikcə
Azərbaycanın rəhbəri xalqın gözündə ucalırdı, özünü
yaxından tanıdırdı, respublikamız isə gündən-günə
tərəqqi edirdi.
Ölkədə müxtəlif ictimai-siyasi tədbirlər, qurultaylar və
yubileylər keçirilirdi. Təsərrüfat işlərində,
yaradıcılıqda fərqlənənlərə "Sosialist Əməyi Qəhrəmanı"
adı verilirdi və bu, insanlarda ruh yüksəkliyinə səbəb
olurdu. Qısası, Heydər Əliyevə qədər Azərbaycan sanki
yatan bir ölkə idi. Böyük rəhbərin gəlişi ilə yuxudan
oyanmışdı. Ölkənin ərazisində iri müəssisələr tikilir,
binalar ucaldılırdı. O vaxta qədər hələ heç kəsin
görmədiyi, bilmədiyi yeni və gözəl işlərin əsası
qoyulurdu. Bütün SSRİ ilə Azərbaycan arasında möhkəm bir
körpü yaranmışdı. Hamı bizə mehribanlıq göstərir, başqa
gözlə baxırdı, respublikamız sayılıb-seçilirdi.
Böyük siyasət ustadının yaratdığı spesifik idarəçilik
modelinin üstün cəhətlərindən biri də kadr seçimində
daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri,
intellektual səviyyəsi və biliyi ilə fərqlənən gənclərə
üstünlük verilməsi idi. Ulu öndərin mühüm
xidmətlərindən biri də 1970-1980-ci illərdə minlərlə
gənci SSRİ respublikalarının nüfuzlu ali məktəblərinə
göndərərək yüksək ixtisaslı, peşəkar kadrların
hazırlanması məsələsinə qayğı ilə yanaşması idi. Eyni
zamanda Azərbaycanın özündə də yeni ali məktəblər
açılır, müxtəlif ixtisaslar üzrə fakültələr yaradılırdı.
Xaricdə təhsil alıb qayıdan gənclər işlə təmin olunurdu.
Biz müəllimlər təhsil sistemində aparılan
yenidənqurmadan çox məmnun idik. Təhsilin keyfiyyətinə
xüsusi diqqət yetirir, çalışırdıq ki, yetirmələrimizin
bilik səviyyəsinə görə utanmayaq.
1970-1980-ci illərdə Azərbaycan xalqı, dövləti üçün
qurub-yaratmaq, onun gələcək müstəqilliyi naminə
etibarlı zəmin formalaşdırmaq ulu öndərin başlıca amalı
olmuşdur. Həmin illərdə ölkəmizi nəhəng quruculuq
meydanına çevirərkən, azərbaycanlı gəncləri xaricdə
təhsil almağa göndərərkən, Azərbaycan xalqının nə qədər
böyük mədəniyyətə malik olduğunu müxtəlif tədbirlər
vasitəsi ilə bütün dünyanın diqqətinə çatdırarkən,
ölkəmizdə fundamental və tətbiqi elmlərin inkişafına
nail olarkən ulu öndər məhz vətənimizin bu gününü
düşünür, memarı olduğu müstəqil Azərbaycan dövlətini
hələ o zamanlarda qurub-yaradırdı.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə Vətənimizin
incidildiyi, gözdən salındığı, uçurum qarşısında olduğu
bir zamanda qayıtdı. Azərbaycanın məhv olmaq, xəritədən
silinmək təhlükəsi yaranmışdı. Ölkənin daxilində
vətəndaş müharibəsi gözlənilirdi. Hər yanda
hərc-mərclik, xaos hökm sürürdü.
Bir qədər geriyə dönüb 1990-cı ilin Qanlı Yanvar
hadisələrini xatırlamaq istərdim. 20 Yanvar faciəsinin
ertəsi günü süqut ərəfəsində olan sovet rejiminin
Azərbaycana qarşı törətdiyi ağır cinayətə qarşı ilk
reaksiya da o zaman Heydər Əliyevdən gəldi. Ailəsi ilə
birlikdə Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gedərək
mətbuat konfransı keçirən ulu öndər hadisəyə öz
münasibətini bildirdi. Onun belə bir qorxulu məqamda
çəkinmədən meydana çıxması həyatı üçün böyük təhlükə
yaradırdı.
Hamıya bəlli idi ki, Mixail Qorbaçovun gözü Heydər
Əliyevi götürmürdü. Çünki o, Heydər Əliyevin
böyüklüyünü, hünərini, gücünü real görürdü. Ulu öndərin
ağlı, kamalı, zəkası, dünyagörüşü, biliyi, bacarığı,
rəhbərlik qabiliyyəti və digər keyfiyyətləri hamıdan
üstün idi və bu, onun hər bir rəqibini, o cümlədən də
M.Qorbaçovu çox narahat edirdi.
Heydər Əliyev məhz bu səbəbdən sıxışdırılırdı. Əlbəttə
ki, bütün bunlar onun ürəyindən ağrısız keçmirdi. Buna
baxmayaraq, Azərbaycan dara düşən kimi ayağa qalxdı və
sinəsini xalqı üçün sanki sipər etdi, müdrik
məsləhətləri ilə millətinə kömək etməyə, istiqamət
verməyə başladı.
Ötən əsrin 90-cı illərində xalq artıq başa düşürdü ki,
hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni idarə etmək
gücündə deyil. Xalqın ziyalıları, dərin düşüncəli
insanlar Heydər Əliyevin gəlişini istəyirdilər. Bunun
üçün yollar axtarılırdı.
Həmin vaxtlar Heydər Əliyev artıq Naxçıvanda yaşayırdı.
Bir qrup ziyalı Heydər Əliyevlə görüşə getdi. Məqsəd o
idi ki, ulu öndər Bakıya gəlib xalqı ağır vəziyyətdən
çıxarsın, Vətəni böyük təhlükədən xilas etsin.
1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə
ikinci dəfə hakimiyyətə gəldi. O zaman mən mətbuata
verdiyim müsahibədə bu hadisə barədə belə demişdim: "Elə
bil xalqın başının üstünü almış qara buludlara bir atəş
açıldı". İnsanlar dərindən nəfəs aldılar. Çünki Heydər
Əliyevin gücünü, qüdrətini bilirdilər. Hamımız köks
ötürdük və artıq tam əmin olduq ki, Azərbaycan xilas
olacaq!
Bu müdrik insan hakimiyyətə gələn kimi xalqın
ağsaqqallarını məşvərətə topladı. Ağıllı insanlarla
məsləhətləşmələr apardı. Heydər Əliyevin gəlişi ilə hər
bir sahədə dirçəliş özünü göstərdi. Beləliklə, bu gəliş
ölkəni faciələrdən, ölümdən, məhvolmadan xilas etdi.
İndiyədək yadımdadır, Heydər Əliyev 1993-cü ilin 15
iyununda xalqa olan müraciətində birinci növbədə qeyd
etmişdi ki, dövlət quruculuğu və cəmiyyətin formalaşması
demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə,
iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı,
insan hüquqlarının qorunması prinsipləri bərqərar
edilməlidir. Sonda xüsusi vurğulamışdır ki, bu düzgün,
doğru yoldur. "Əmin olmalısınız ki, mən bu yola həmişə
sadiq qalacağam".
1992-ci ildə Yeni Azərbaycan Partiyası (YAP) təsis
edilmişdi. Bununla da insanlar bir qurumda, bir
partiyanın tərkibində öz mübarizələrini mütəşəkkil
aparmaq, birgə fəaliyyət göstərmək imkanı əldə
etmişdilər. YAP-ın tərkibinə bir-birinin ardınca çoxlu
insan gəlirdi. Böyük bir ordu yaranmışdı. Bu ordunun
gücü doğrudan da, dövlətçiliyimizi o vaxtkı
vəziyyətindən xilas etmək üçün çox böyük önəm daşıdı.
Bütün sahələrdə oyanma baş verdi, işlər sürətlə irəli
getməyə başladı. Digər ölkələrlə əlaqələr yarandı.
İqtisadiyyatın inkişafı üçün düşünülmüş addımlar atıldı.
Yeni neft strategiyasının bünövrəsi qoyuldu. Yeraltı
sərvətlərimizin üzə çıxarılması üçün müxtəlif
danışıqların aparılmasına və müqavilələrin imzalanmasına
rəvac verildi... Pulu, vəsaiti, büdcəsi olmayan bir
ölkədə belə siyasət aparmaq bəlkə də ağlasığan, mümkün
olan iş deyildi. Bunun öhdəsindən yalnız Heydər Əliyev
kimi böyük siyasətçi gələ bilərdi. Həmin dövrdə xalq,
onun qabaqcıl nümayəndələri tam varlığı ilə dərk edirdi
ki, Heydər Əliyevə dəstək lazımdır.
O zaman ümummilli liderlə əyani söhbətim, tanışlığım
olmamışdı. Lakin onun fəaliyyətini izlədikcə düşünürdüm
ki, ulu öndər hər birimizi fəaliyyətə, ictimai həyata
səsləyir. Böyük rəhbərin "Vətənin bu günündə hər bir
insan öz gücündən, potensialından səmərəli istifadə
etməlidir" sözləri ictimaiyyəti mütəşəkkilliyə
çağırırdı. Ona görə də biz ictimai həyata atılır,
hərəmiz bacardığımızı etməyə çalışırdıq.
1990-cı illərin sonuna doğru artıq bu hərəkatın, ictimai
həyatın içində idim. Odur ki, 1998-ci ildə prezident
seçkilərində Heydər Əliyevin vəkili oldum. Biz vəkillər
Azərbaycanın rayonlarında böyük təbliğat-təşviqat işi
aparırdıq. İnsanların qarşısında çıxışlar edirdik. Real
vəziyyət, respublikada görülən işlər, siyasi məsələlər,
iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət
sahələrində aparılan islahatlar barədə insanlara məlumat
verirdik. Ürəklə çalışırdıq.
Belə bir zamanda Heydər Əliyev öz vəkilləri ilə görüş
keçirdi. Bu görüşdə ümummilli lider çoxlu məsələlərə
toxundu. Həmin görüşdə müxalifətin çirkin fəaliyyəti,
azğınlığı barədə də söhbət getdi, onların yalan, şər,
böhtan dolu kampaniyası pislənildi. Biz vəkil kimi
müxalifətin əsassız söhbətlərinə, fikirlərinə rəğmən, öz
sözümüzü deyir, münasibətimizi bildirirdik, sadəcə,
həqiqəti söyləyirdik. Yaxşı yadımdadır ki, hər dəfə
Heydər Əliyevin adı çəkiləndə sürəkli alqışlar qopurdu.
Kənardan gəlmiş yad bir adam da dərhal hiss edirdi ki,
xalq bu şəxsiyyəti nə qədər sevir. Bu sevgi, bu inam idi
Heydər Əliyevi ən çətin dövrlərdə, ən çətin məqamlarda
hakimiyyətdə qalıb var qüvvəsi ilə işləməyə sövq edən -
məhz bu böyük inam!
1998-ci ildə ölkənin fəal qadınlarından bir qrupu Heydər
Əliyevin 75 illik yubileyi münasibətilə onunla görüşə
getdi. Mən də o dəstədə idim. Rəhmətlik professor Zəhra
Quliyeva təklif etdi ki, apardığımız hədiyyəni ulu
öndərə mən təqdim edim. Bu, simvolik bir hədiyyə idi.
At, atın belində bir xanım, xanımın çiynində xurcun,
xurcunun içində də yayla ox. Bu, bizim hamımızın
ürəyindən xəbər verən bir hədiyyə idi. Belə ki, At
Azərbaycan xalqının təxəyyülündə həmişə sədaqət, murada
yetmək, arzuya çatmaq rəmzi olub. Atın belindəki xanım
qadınlarımızın düşmən üstünə getməyə hazır olmasına
işarə idi.
Mən apardığımız o rəmzi fiquru rəhbərə təqdim edərkən
ona müraciətlə dedim: "Cənab Prezident, Azərbaycan
qadını Vətənin bütövlüyü, toxunulmazlığı, övladlarımızın
əmin-amanlığı, gələcəyimizin xoşbəxtliyi naminə silaha
sarılaraq cəbhəyə getməyə, düşmənlə üz-üzə durmağa,
sinəsini sipər etməyə hazırdır. Ali Baş Komandanın bircə
işarəsi kifayətdir ki, oğullarımızla çiyin-çiyinə
düşmənə qarşı döyüşək. Biz Sizin müdrik siyasətinizə
ürəkdən inanır və bu siyasətin ardınca gedirik. Sizin
ideyalarınız bizim üçün proqramdır. Biz o proqramı
həyata keçirmək üçün var qüvvə ilə fəaliyyət göstərərək
vətənpərvər orduya qoşulmağa hazırıq".
Ulu öndərlə görüşə 20-25 nəfər qadın getmişdi. Onlar da
öz ürək sözlərini dedilər. Böyük şəxsiyyətin yubileyini
belə səmimi bir şəraitdə qeyd etdiyimizdən hamımız
məmnun qalmışdıq. Hərə öz evinə, öz iş yerinə yeni
qüvvə, yeni arzu, həvəs və ideyalarla qayıtdı. Sanki
yaşamağa, işləməyə, qurub-yaratmağa gücümüz birə-beş
artdı.
2003-cü ilin prezident seçkilərində yenə də ulu öndərin
vəkili idim. Yenə də yüksək səviyyədə təbliğat-təşviqat
işləri aparırdıq. YAP-ın tərkibində mütəşəkkil
fəaliyyətə başlamışdıq.
Həmin vaxtlar ümummilli liderin səhhətində olan
dəyişiklik Azərbaycan analarına kədərli anlar yaşadırdı.
Bütün xalq üçün dərdli bir dövr idi. Çünki insanlarda bu
qədər ümid və inam doğuran, gələcək üçün hələ nə qədər
ağıl və zəka sərf etmək əzmində olan o böyük insan
xəstələnmişdi. Həmin vaxt ulu öndər bəyanat verdi ki,
İlham Əliyevi Prezidentliyə layiq bilirəm. Mən ona özüm
qədər inanıram və onun zəmanətini verirəm.
Bu, adi bir bəyanat deyildi! Bu, Heydər Əliyevin unikal
bir şəxsiyyət olduğunu bir daha təsdiqləyir, üzə
çıxarırdı. Çünki hər bir insan öz övladının çətin,
mürəkkəb işdən uzaq olmasını istəyir. Amma Heydər Əliyev
öz yeganə oğluna belə ağır bir yükü çəkməyə rəva
görürdü. Hakimiyyətdə olmaq çox məsuliyyətli bir işdir.
O dövrdə isə bu, xüsusilə, çətin idi. Bəlkə də
hakimiyyətin başında dayanan insanın səhhətinə, hətta
həyatına bərabər bir iş idi. Ulu öndər məhz belə bir işə
öz övladını Vətəninin, torpağının, xalqının xatirinə
göndərirdi. 2003-cü ildə xalq artıq İlham Heydər oğlu
Əliyevin namizədliyini dəstəklədi və müdafiə etdi.
Heydər Əliyev şəxsiyyəti haqqında fikirləşəndə
düşünürsən ki, bu insan torpağına, xalqına, dövlətinə nə
qədər bağlı idi. Ulu öndərin öz evində, ailəsində
apardığı siyasət, təbliğat, tərbiyə övladlarının da
varlığına sirayət etmişdi. Odur ki, bu gün onun bütün
ailəsi xalqın xidmətində dayanır. Mehriban xanım
Əliyevanın apardığı genişmiqyaslı işlər sayəsində milli
mənəvi dəyərlərimizlə bütün dünya tanış olur. O,
Azərbaycan qadınını bütün beynəlxalq aləmdə ucaldır.
Dünya görür ki, Azərbaycanın anaları necə övladlar
tərbiyə edir, istedadlar yetirir.
Bu göstərir ki, Azərbaycan, doğrudan da, mütərəqqi
ölkədir. Belə ölkənin gələcəyi sözsüz ki, parlaqdır. Bu
cür anaları olan ölkə heç bir müharibə istəməz. O,
yalnız əmin-amanlığı, firavanlığı, sülhü, dinc həyatı
seçə bilər.
Düşünürəm ki, bunun özü də hər birimiz üçün bir həyat
nümunəsidir. İnsan kim olur, nəçi olursa-olsun, o,
Vətəni, cəmiyyəti üçün ilk növbədə, layiqli övladlar
yetişdirməlidir. Ümummilli liderin Azərbaycan xalqı
qarşısındakı ən böyük xidmətləri sırasında onun Vətən
üçün gərəkli övladlar yetirməsi də dayanır. Bax, bu
nümunə ilə mən də həyatımda valideyn və müəllim kimi
çalışmışam ki, əsl insanlar, vətəndaşlar tərbiyə edim.
Ümumiyyətlə, Heydər Əliyev mənim həyatımda çox böyük rol
oynayıb. Onun həyatı, şəxsiyyəti, əməlləri, gözlərimlə
əyani şəkildə gördüyüm, ağlımla dərk etdiyim nümunəsi
məni bir ictimaiyyətçi kimi yetişdirdi. Bu insanın
cəfakeşliyi və fədakarlığı hələ gənc yaşlarımdan
beynimdə və qəlbimdə özünə dərin yer almışdı. Ölkəyə
belə bir siyasətçinin rəhbərlik etdiyi dövrdə insanın
təkcə öz həyatı ilə yaşamağa haqqı yox idi. O cümlədən,
mən də insanların arasına, ictimai işlərə atılmışam ki,
bir işin qulpundan yapışım, ölkəyə xeyir verə biləcək nə
isə bir işlə məşğul olum. Düşünmüşəm ki, vətənin o böyük
oğlunun gördüyü böyük işlərə hərə öz bacardığı köməyi -
qoy bu, lap kiçik kömək olsun - etməlidir.
Üç min tələbənin təhsil aldığı və 300 müəllimin
çalışdığı bir müəssisənin başçısı kimi mən də bu gün
həmin məqsəd və məramla yaşayıram. Böyük ideyaların
cəmiyyətimizin çiçəklənməsinə yönəldiyini həmişə
kollektivə çatdırıram. Düşünürəm ki, beləcə, Heydər
Əliyevin əməlləri nəsildən-nəslə keçərək övladlarımızın,
bütün gənclərimizin həyatına da daxil olaraq onları öz
ömürlərini Vətən, xalq naminə yaşamağa çağırır.
Bizim gənclərimizin hafizəsinə Heydər Əliyev əbədi həkk
olunub. Tam səmimiyyət və cəsarətlə deyirəm ki, ulu
öndərin qəlbimizdə ucalan heykəli, o böyük insana böyük
məhəbbətimiz hər bir gəncin qəlbinə köçüb. Bu o deməkdir
ki, böyük şəxsiyyət, onun nümunəsi hər bir tələbənin
qəlbində və həyatında var, bu böyük ehtiram, məhəbbət
nəsildən-nəslə keçərək əsrlərlə yaşayacaq.
Mən bu gün də Heydər Əliyevin ideyalarını müdafiə
edirəm. Uzun illər mətbuat orqanlarında dərc olunan
yazılarım, müxtəlif tədbirlərdə etdiyim çıxışlar məhz bu
böyük ehtiramın və hörmətin, məhəbbətin nəticəsidir.
İnsanlarla əyani şəkildə, onlarla birbaşa ünsiyyət
zamanı söhbətlərimdə də həmin duyğuların fikri altında
oluram.
Ulu öndərin böyük arzularının çiçəklənməsi naminə
gənclərimizin daim fəal olmasını istəyirəm. Arzulayıram
ki, onlar ümummilli lider Heydər Əliyevin göstərdiyi
yolla getsinlər. Çünki insanları, cəmiyyəti irəli aparan
inam və ümid qoşa qanad kimi yanaşı olmasa, həyatda
nailiyyət qazanmaq çətinləşər. Və nə yaxşı ki, bu gün
Azərbaycan vətəndaşında güclü inam da, ümid də var.
Biz bu gün ulu öndər Heydər Əliyevin davamlı ideyalarını
yenə də fəaliyyətdə, uğurlarımızın təməlində görürük.
Çünki bu hakimiyyətin başında ümummilli liderin
ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident
İlham Əliyev dayanır. İndi onun uğurla idarə etdiyi ölkə
dünyanı təəccübləndirir! Azərbaycan öz intibahının
zirvəsinə doğru inamla irəliləyir! Və nə qədər ki,
Heydər Əliyevin ideyaları yaşayır, hələ sonsuz
nailiyyətlər bizimlə olacaq!
Nə qədər ömrüm, həyatım var, Heydər Əliyev şəxsiyyəti
qəlbimdə, beynimdə, bütün fəaliyyətimdə layiqli yer
tutacaq. İndi mənim Heydər Əliyevlə bağlı ən böyük
istəyim odur ki, onun azad ruhu Qarabağ torpağı üzərində
pərvaz etsin. Ölkə rəhbərimiz başda olmaqla
torpaqlarımızın azadlığını, Vətənin bütövlüyünü təmin
edək və o böyük şəxsiyyətin ən ümdə arzusunu yerinə
yetirək!..
Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri, filologiya elmləri
doktoru, professor |