Bakı
Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Mərasimdən öncə BDU Elmi kitabxanasının və elmi
biblioqrafiya-informasiya şöbəsinin təşkil etdiyi və ulu
öndərə həsr olunmuş sərgiyə baxış olmuşdur. Tədbiri
giriş sözü ilə universitetin rektoru, akademik Abel
Məhərrəmov açaraq ulu öndərin vətən və xalq qarşısındakı
tarixi xidmətlərindən danışmışdır. Rektor vurğulamışdır
ki, xoşbəxt o xalqdır ki, onun Heydər Əliyev kimi
ümummilli lideri var. Bu baxımdan Azərbaycan xalqı
xoşbəxt xalqdır. Biz eyni zamanda fəxr edirik ki, Heydər
Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri
doktoru olmuşdur. Bu gün Heydər Əliyevin siyasi kursu
ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Azərbaycan xalqı və dövləti hər zaman bu
siyasətə sadiq qalacaq.
Yeni Azərbaycan Partiyasının icra katibi, BDU-nun
kafedra müdiri, Milli Məclisin deputatı, professor Əli
Əhmədov isə çıxışında bildirmişdir ki, bu günlərdə
ölkənin hər bir yerində qeyd edilən bu tədbirləri ölkədə
həyata keçirilən Heydər Əliyev siyasətinin Azərbaycan
vətəndaşları tərəfindən dəstəklənməsi kimi
qiymətləndirirəm. Bu da ümumxalq sevgi və məhəbbətin
bariz nümunəsidir. Azərbaycanın müasir tarixi Heydər
Əliyevin adı ilə bağlıdır.
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim
Məmmədəliyev ulu öndərin Azərbaycan xalqı və tarixi
qarşısındakı xidmətlərindən danışmışdır. Qeyd edilmişdir
ki, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən
sonra ölkədə yaranan gərginlik, özbaşınalıq, vəzifə
davası məhz Heydər Əliyevin böyük siyasi təcrübəsi,
şəxsi nüfuzu və uzaqgörənliyi sayəsində aradan
qalxmışdır. Akademik ölkəmizdəki iqtisadi-siyasi
stabilliyin qarantının da Heydər Əliyev olduğunu diqqətə
çatdırmışdır. Hazırda bu siyasət Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevi
azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edən
V.Məmmədəliyev vurğulamışdır ki, müstəqil, inkişaf etmiş
Azərbaycan ümummilli liderin şah əsəridir.
BDU-nun tələbələri adından filologiya fakültəsinin
magistri Kəramət Nəcəfzadə çıxış etmişdir. Bununla
yanaşı, filologiya fakültəsinin 1-ci kurs tələbəsi
Əlihüseyn Quluzadənin ifasında Müslüm Maqomayevin
"Azərbaycan" mahnısı səsləndirilmişdir. Biologiya
fakültəsinin 3-cü kurs tələbəsi Sona Quluzadə isə xalq
şairi Zəlimxan Yaqubun "Sənin yerin görünəcək" şeirini
bədii qiraət etmişdir.
Tədbirin sonunda BDU-nun Mətbuat və informasiya
şöbəsinin müdiri Pərvanə İbrahimova çıxış edərək
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
münasibətilə KİV nümayəndələri arasında elan olunan
"BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev" adlı
müsabiqə haqqında məlumat vermiş və qaliblərin adlarını
açıqlamışdır. Münsiflər heyətinin qəbul etdiyi qərara
əsasən "Azərbaycan" qəzetinin şöbə müdiri, əməkdar
jurnalist Flora Xəlilzadə birinci, "525-ci qəzet" və
"Şərq" qəzetlərinin əməkdaşları Sevinc Qarayeva, Məlahət
Rzayeva - ikinci, "Yeni Azərbaycan" və "Kaspi"
qəzetlərinin əməkdaşları Nurlan Qələndərli, Rufik
İsmayılov üçüncü yerə layiq görülmüşlər. 10 məqalə
müəllifi isə həvəsləndirici mükafat almışdır. Qaliblərə
mükafatları Milli Məclisin deputatları Əli Əhmədov,
Fəttah Heydərov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Musa
Quliyev və digər qonaqlar təqdim etmişlər.
BDU-nun Mətbuat və informasiya şöbəsi |