Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik
etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri
çərçivəsində Qlazqo Universitetində olmuşdur.
Səməd Seyidov Qlazqo Universitetinin rektoru, professor
Anton Musqatelli, prorektoru, professor Andrea Nolan,
Qəbul və Xarici Əlaqələr departamentlərinin, sosial
elmlər, təhsil fakültələrinin rəhbərləri ilə
görüşmüşdür. Görüşlərdə əməkdaşlığın bir çox sahələri
ilə bağlı fikir mübadiləsi aparılmışdır.
ADU ilə Qlazqo Universiteti arasında magistratura
pilləsində tələbə mübadiləsi haqqında müqavilə
imzalanmışdır. Sənədi A.Musqatelli və S.Seyidov
imzalamışlar.
Müqaviləyə əsasən, universitetlərarası ikitərəfli
əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini
Qlazqo Universitetində davam etdirə bilərlər. Sənəddə
elmi və universitet əməkdaşlarının qarşılıqlı
mübadiləsi, birgə konfransların təşkili, kitab və
jurnalların nəşri əksini tapmışdır.
Sonra S.Seyidov Qlazqo Universitetinin tələbələri ilə
görüşmüşdür.
Azərbaycanın regionda hər sahədə lider ölkə olduğunu
deyən S.Seyidov respublikamızda və bölgədə cərəyan edən
hadisələrin Britaniyanın təhsil cəmiyyətinə
çatdırılmasında, eyni zamanda bu ölkənin tarixinin,
mədəniyyətinin öyrənilməsində və təhsil təcrübələrindən
istifadə edilməsində əməkdaşlığın əhəmiyyətini
vurğulamışdır.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük
Britaniyanın Suffolk və Esseks universitetlərində də
görüşlər keçirmişdir.
Professor Səməd Seyidov ilə Suffolk Universiteti
şəhərciyinin rektoru, professor Mayk Saks arasında
keçirilmiş görüşdə Azərbaycanın Böyük Britaniya və
Şimali İrlandiya Krallığındakı səfiri Fəxrəddin Qurbanov
da iştirak etmişdir.
Görüşdə ADU ilə Suffolk Universiteti arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
S.Seyidov Esseks Universiteti ilə ADU arasında olan
"2+2" layihəsi ilə bağlı müzakirələr aparmışdır. Bu iki
ali təhsil ocağı arasında imzalanmış müqaviləyə əsasən,
ADU-nun pedaqoji fakültəsinin tələbələri ikiillik
bakalavr təhsilinin qalan illərini Esseks
Universitetində davam etdirə bilərlər. Təhsilini bitirən
tələbələrə ikili diplomlar təqdim edilir.
Ş.CƏFƏROV |