Mayın 4-də Moskvada "Lujniki" stadionunda Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə
"Heydər Əliyev Kuboku" turniri keçirilmişdir.
Tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu olmuşlar.
Turnirin keçirilməsi gənclər arasında gözəl ənənəyə
çevrilmişdir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə
2009-cu ildən indiyədək hər il keçirilən bu turnir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
doğum gününə həsr olunmuşdur. Builki turnirdə 32 komanda
- RAGT-nin Moskva, Vladimir, Kaluqa, Tula və Domodedovo
regional şöbələrinin Azərbaycan tələbə klublarının
nümayəndələri iştirak etmişlər. 8 qrupa bölünmüş
iştirakçılar hər qrup mərhələsində 3 oyun keçirmişlər.
Qruplarda birinci yerləri tutmuş komandalar pley-off
seriyasına çıxmışlar. Turnirin yarımfinalçıları Moskva
Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya
Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm
Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi
Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional
şöbəsinin komandaları olmuşlar.
Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması
mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara
minnətdarlığını bildirmiş və turnirin müvəffəqiyyətlə
başa çatması münasibətilə onları təbrik etmişdir. Sonra
RAGT-nin sədri Leyla Əliyeva qaliblərə və bir neçə
nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim
etmişdir.
Turnirin qalibi və "Heydər Əliyev Kuboku"nun sahibi
artıq dördüncü dəfə Moskva Dövlət Humanitar-İqtisad
İnstitutunun komandası olmuşdur. İkinci yeri və müvafiq
olaraq "gümüş" mükafatı Rusiya Dövlət Bədən Tərbiyəsi,
İdman, Gənclər və Turizm Universitetinin komandası
qazanmışdır. Yarımfinal oyunlarının yekunlarına görə
Ümumrusiya Dövlət Vergi Akademiyasının və RAGT-nin Tula
şəhərindəki regional şöbəsinin komandaları bürünc
medallara layiq görülmüşlər.
Turnirin "Ən yaxşı qapıçısı" nominasiyasında mükafatı
MDHİİ-nin tələbəsi Vladimir Zakolodin qazanmışdır. "Ən
yaxşı bombardir" RDBTİGTU-nun tələbəsi Denis Bazovoy
olmuşdur. "Ən yaxşı oyunçu" adına isə RDBTİGTU-nun
tələbəsi Yuri Kerşner layiq görülmüşdür.
Turnirin oyunlarını Azərbaycanın Rusiyadakı
səfirliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin
nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin təmsilçiləri izləmişlər.
AzərTAc |