Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Ukraynada keçirilən beynəlxalq müsabiqədə 4 nömrəli Bakı Peşə Liseyi qalib olmuşdur

 

4 nömrəli Bakı Peşə Liseyindən aldığımız məlumata görə, bu il aprelin 8-dən 12-dək Ukrayna Respublikasının Lvov şəhərindəki dizayn və inşaat peşə liseyində "Gipskarton konstruksiyalarının quraşdırıcısı" ixtisası üzrə peşə liseylərinin ustaları və şagirdləri arasında "Knauf" "Gipskarton Konstruksiyaları quraşdırıcısı" (MGK) - 2013 - Ukrayna" mövzusunda beynəlxalq müsabiqə keçirilmişdir.

Müsabiqə Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Ukrayna Pedaqoji Elmlər Milli Akademiyası, Lvov vilayəti administrasiyasının dəstəyi ilə "Knauf Servis Ukrayna" təşkilatı və Lvov dizayn və inşaat peşə liseyi tərəfindən  təşkil olunmuşdur. Müsabiqənin açılış mərasimində Ukrayna Knauf şirkəti müəssisələrinin, MDB Knauf Akademiyasının, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyi Peşə Təhsili Departamentinin, Ukrayna Pedaqoji Elmlər Milli Akademiyası Texniki Peşə Təhsili İnstitutunun, Lvov vilayəti administrasiyasının nümayəndələri, Ukrayna Knauf resurs mərkəzlərinin əməkdaşları iştirak etmişlər.

Müsabiqə iştirakçıların peşə hazırlığının keyfiyyətinin, eləcə də gipskarton konstruksiyaları quraşdırıcılarının hazırlanması üzrə bölgələrin Knauf mərkəzlərinin reytinqini müəyyənləşdirmək məqsədi daşımışdır.

Müsabiqədə 24 komanda iştirak etmişdir. Onlardan 20-si Ukrayna bölgələrinin Knauf mərkəzlərini, 4-ü isə MDB ölkələrinin təmsilçiləri olmuşdur.

Respublikamızdan müsabiqədə 4 nömrəli Bakı Peşə Liseyinin nəzdində yaradılmış və artıq ikinci ildir ki, fəaliyyət göstərən Knauf resurs mərkəzinin təmsilçiləri - istehsalat təlimi ustası Bəybala Abasov və şagird Mahmud Cəfərli iştirak etmişlər.

Müsabiqə nəzəri və praktik olmaqla 2 turda keçirilmişdir. Nəzəri turda iştirakçılara "Materialşünaslıq", "Gipskarton konstruksiyalarının quraşdırılması", "Əməyin mühafizəsi" fənləri üzrə bilikləri əhatə edən 60 test tapşırığı təqdim olunmuşdur. Nəzəri turu komanda (usta və şagird) bir kompüterdə yerinə yetirmişdir. Qiymətləndirmə kompüter vasitəsi ilə aparılmışdır. Nəzəri tur üzrə balların maksimum miqdarı hər bir düzgün cavab üçün 0,5 bal olmaqla 30 bal təşkil etmişdir. Komandamız nəzəri turdan 22 bal yığmışdır.

Memarlıq-dekorativ konstruksiyanın çertyoj üzrə qurulmasını, düzbucaqlı oyuqlu konstruksiyanın yarımdairəvi sütunun elementlərinin ardıcıllıqla tam yığılmasını, məcunlanmasını tamamlamaqdan ibarət olan praktik tur üzrə balların maksimum miqdarı isə 78 olmuşdur. 4 əsas texnoloji mərhələni özündə birləşdirən praktik tur üzrə tapşırığın yerinə yetirilməsinə 12 saat vaxt ayrımış və o, 3 gün davam etmişdir.

Müsabiqə iştirakçıları konstruksiyanı hazırlamaq üçün lazım olan iş yeri, avadanlıq və materiallarla təmin olunmuşlar. Turun gedişi  münsiflər heyətinin və təşkilat komitəsinin üzvləri tərəfindən müşahidə edilmiş və nəticələrin qiymətləndirilməsi aparılmışdır. Komandamız bu turda 78 mümkün baldan 73,5-ni və iki turun yekununa əsasən 95,5 bal toplayaraq II yerə layiq görülmüşdür. Komandamızın üzvləri beynəlxalq müsabiqənin fəxri diplomu ilə təltif olunmuşlar.

4 nömrəli Bakı Peşə Liseyinin direktoru Alik Allahverdiyev komandanın peşə hazırlığını yüksək səviyyədə təşkil, liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini, ixtisas fənn müəllimi Rafik İsmayılov isə peşə hazırlığını yaxşı təlim etdiklərinə görə "Knauf MGK-2013 - Ukrayna" Beynəlxalq müsabiqənin təşkilatçıları tərəfindən tərifnamə ilə təltif olunmuşlar.

Sonda onu da xatırladaq ki, 4 nömrəli Bakı Peşə Liseyinin komandası sözügedən müsabiqədə II yeri tutduğu üçün bu ilin iyulunda Rusiyanın Nijni-Novqorod şəhərində keçiriləcək tədbirə qatılacaq. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov