Onu
bizdən on illik zaman məsafəsi ayırır... Evdə xəstə
yatırdı. Ancaq redaksiya ilə əlaqəni, bir gün də olsa,
kəsmirdi. Özünü bir qədər yaxşı hiss edən kimi zəng
edir, jurnalın işi ilə maraqlanır, hansı materialın
gedəcəyi, hansı məqalənin hansı hissədə veriləcəyi və s.
barədə tapşırıqlar verir, hətta hər birimizi ayrı-ayrı
soruşurdu.
2003-cü il may ayının 2-si idi. Bu gün də belə olmuşdu:
səhər saatlarında növbəti zəngini edib hal-əhval
tutmuşdu. Biz də sevinirdik ki, hər şey yaxşıdır,
tezliklə sağalıb işə qayıdacaq. Ancaq iki-üç saat sonra
eşitdiyimiz dəhşətli xəbər hamımızı sarsıtdı:
doğmalarından biri zəng edib ağlaya-ağlaya: "Bahəddin
müəllim keçindi..." - demişdi. Beləliklə, ömrünü, bütün
yaradıcı fəaliyyətini məktəb, maarif, doğma dilimizin
öyrədilməsi, təbliği kimi müqəddəs bir işə həsr etmiş
bir şəxsiyyətin ömrü sona çatdı.
Bahəddin Nəzir oğlu Yunusovun adı pedaqoji ictimaiyyətə,
məktəb, maarif təəssübü çəkən hər kəsə tanış və doğmadır.
1990-cı ildə dilimizin və ədəbiyyatımızın tədqiqi,
təbliği, saflığı və ən əsası orta və ali məktəblərdə
tədrisi problemləri ilə məşğul olası "Ana sözü"
jurnalının nəşri məsələsi ortaya çıxanda ilk növbədə
Bahəddin Yunusov yada düşdü. Bu jurnal bir müddət "Azərbaycan
məktəbi"nə əlavə kimi "Azərbaycan dili və ədəbiyyat
tədrisi" adı ilə çıxmışdı (indi də həmin adla çıxır). O
vaxtlar məcmuə yalnız Azərbaycan dili və ədəbiyyatın
orta məktəblərdə tədrisi məsələlərini işıqlandırmaqla
məşğul idi. "Ana sözü" jurnalının əhatə dairəsi,
problemləri daha geniş olmalı idi. Və Bahəddin Yunusov
jurnala başçılıq etdiyi 13 il ərzində bu işin öhdəsindən
uğurla gəldi.
Bunu həmin illərdə jurnalda dərc olunan materiallar da
sübut edir. Mən redaksiyaya bir il sonra gəldim. Jurnal
hər ay dərc olunurdu. Gərgin və yaradıcı mühit mövcud
idi. İşə qəbul edəcəyi hər kəsi ciddi sorğu-suala tutur,
hətta şəxsi keyfiyyətləri ilə maraqlanır, indiyə qədər
dərc olunmuş məqalələrini oxuyur, sonra qərar verirdi.
Ona kimisə bəyəndirmək çox çətin idi, "Bilirsiniz? -
deyirdi, - bura illərlə uğrunda mübarizə apardığımız
müqəddəs dövlətimizin atributlarından biri - dilimizin
keşiyində dayanan, məktəblə, maariflə, tərbiyə ilə sıx
bağlı olan redaksiyadır, burda hər adam işləyə blməz".
Redaksiya formalaşandan sonra sanballı, müqtədir
müəlliflərin jurnalın işinə cəlb olunmasına çalışdı və
buna nail oldu. Ağamusa Axundov, Bəşir Əhmədov, Xeyrulla
Məmmədov, Əziz Əfəndiyev, Məhəmməd Həsənov, Camal
Əhmədov, Tofiq Hacıyev, Qəzənfər Kazımov, Şamxəlil
Məmmədov, Vaqif Qurbanov, Soltan Hüseynoğlu, Ənvər
Abbasov kimi tanınmış alimlər jurnalın daimi müəllifləri
idilər.
Hamı bilir ki, 1990-cı illərin əvvəlləri nə qədər çətin
dövr idi. Bu dövrdə başqa sahələrlə yanaşı, jurnal
çıxarmaq da müşkül məsələ idi. Jurnalın çapına dövlətdən
vəsait ayrılmırdı, maliyyə sarıdan problemlər çox idi.
Təhsil Nazirliyində jurnalı bağlamağı məsləhət
bilirdilər, biz isə fəaliyyətimizdə israrlı idik.
Getdiyi yolun doğru olduğunu biləndən sonra ona mane
olmaq, yolundan saxlamaq çox çətin idi. Şəxsi
nüfuzundan, dostlarının köməyindən və bir də illərlə
formalaşmış təşkilatçılıq bacarığından istifadə etdi və
jurnalı bağlanmağa qoymadı.
Bahəddin müəllimi jurnala baş redaktor təyin edəndə onun
keçmiş fəaliyyətini və bacarığını nəzərə almışdılar.
İxtisasca jurnalist olsa da (1960-cı ildə Azərbaycan
Dövlət Universitetinin - indiki Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdi), məktəblə, maariflə sıx bağlı
idi. On üç il (1960-1973-cü illər) "Azərbaycan müəllimi"
qəzetində xüsusi müxbir, məsul katib, sonra da redaktor
müavini vəzifələrində çalışmışdı (Qəribə təsadüfdür:
"Ana sözü" jurnalındakı fəaliyyəti də 13 il çəkdi). Elə
buradakı uğurlu işi nəzərə alınaraq Moskvaya - Sov. İKP
yanında Ali Partiya Məktəbinə göndərilmişdi
(1973-1975-ci illər). Bu, o vaxt üçün böyük karyeraya
aparan yolun uğurlu başlanğıcı idi. Vətənə qayıtdıqdan
sonra bir müddət təhsildən, məktəbdən kənar işlərdə
çalışmalı oldu. 1975-1976-cı illərdə Əli Bayramlıda
(indiki Şirvan şəhərində) çıxan "İşıq" qəzetində
redaktor, 1976-1977-ci illərdə Qaradağ Rayon Partiya
Komitəsində təlimatçı, 1977-1984-cü illərdə "Kənd
həyatı" jurnalında məsul katib, 1984-1985-ci illərdə
Kənd Təsərrüfatı Nazirliyinin "Elmi xəbərlər"ində baş
redaktor vəzifələrində işlədi. Ancaq məktəbə, təhsil
işinə doğmalıq onu yenidən bu sahəyə çəkib gətirdi.
1985-1990-cı illərdə Təhsil Nazirliyinin orqanı olan
"Azərbaycan məktəbi" jurnalında baş redaktorun müavini
oldu. 1990-cı ildən isə ömrünün sonuna qədər "Ana sözü"
jurnalında baş redaktor kimi fəaliyyət göstərdi. Əmək
fəaliyyətinin düz 31 ilini təhsil problemlərinə həsr
edən Bahəddin Yunusov bu sahənin mahir bilicisi və
təşkilatçısı idi.
Onun fəaliyyətində tələbkarlıqla qayğıkeşlik üzvi
şəkildə birləşmişdi. Bahəddin müəllim işə və işçilərə
qarşı çox ciddi idi. Özünə qarşı da çox tələbkar olan bu
şəxs səhlənkarlığı bağışlamırdı, jurnalda gedən ən kiçik
qüsur da müzakirə edilir, səhvin səbəbləri aşkarlanır və
ölçü götürülürdü. Buna baxmayaraq, hər birimizə qarşı
son dərəcə diqqətli və qayğıkeş idi. Dolanışığımızla
maraqlanar, lazım gəldikdə imkanı daxilində kömək
edərdi.
Bahəddin Yunusov kimi insanları xatırlamaq, yada salmaq
bizim mənəvi borcumuzdur. Çünki öz işi, əməli, savad və
bacarığı, təşkilatçılıq məharəti, şəxsi keyfiyyətləri
ilə nəsillərə nümunə ola bilən belə şəxsiyyətlər məktəb
və mənəviyyat tariximizin parlaq səhifələridir.
Akif MƏMMƏDOV,
BSU MLK-nın Azərbaycan dili və ədəbiyyat kafedrasının
müdiri, dosent |